Borçalı Qəzasının Müsəlmanları
Borçalı Qəzasının Müsəlmanları, Borçalı Uyezdinin Müsəlmanları (az-əbcəd. بورچالو اویزدینك مسلمانلاری, gürc. ბორჩალოს მაზრის მუსულმანები) və ya Borçalı Qəzasının Müsəlmanları Qrupu (BQMQ) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 12-ci nömrə altında iştirak etmiş seçki bloku.
| |
Quruluş tarixi | 1919 |
Baş qərargah | Borçalı qəzası |
Haqqında
Borçalı Qəzası Müsəlmanlarının Qrupu ilkin olaraq seçkilərə 15 nəfərlik siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və Parlament Mərkəzi Seçki Komissiyasının katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılmışdı[1]:
- Böyük ağa Axundov (Aşağı Saral kəndi);
- Mirzə Rza Əlizadə (Faxralı kəndi);
- Molla Abbas Hacı Qasım oğlu (Axlı-Mahmudlu kəndi);
- İsrafil bəy Həsən bəy oğlu Yadigarov (Təkəli kəndi);
- Məhəmməd Qarabağlıoğlu (Lecbəddin kəndi);
- Əlipaşa ağa Əsgər ağa oğlu Abbasov (Təkəli kəndi);
- Molla İsa Molla Nəsib oğlu (Kəpənəkçi kəndi);
- İbrahim bəy Mursaqulov (Qızılhacılı kəndi);
- Molla Qara Musa oğlu (Arıxlı kəndi);
- Hasan Molla Vəli oğlu (Qaçağan kəndi);
- Molla Xəlil (Sadaxlı kəndi);
- Əli Dəli Əhməd oğlu (Görarxı kəndi);
- Təhməzqulu Dünyamalı oğlu (Faxralı kəndi);
- Qurban Həsən oğlu (Saraclı kəndi);
- Cəfər ağa Eminov (Dəmirçihasanlı kəndi).
Seçki bülletenləri əsasən Azərbaycan və rus dillərində idi. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Borçalı Qəzasının Müsəlmanları Qrupunun təsdiq edilmiş namizədlərinin bunlar idi:
- Böyük bəy Ağa bəy oğlu Axundov;
- Mirzə Rza Mahmudəli oğlu Əlizadə;
- Molla Abbas Hacı Qasım oğlu Məmmədov;
- İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov;
- Qurban Həsən oğlu.
Borçalı Qəzası Müsəlmanları Qrupu 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 77 səs (hamısı Tiflis qəzasından), ilk əlavə seçkidə — 147 səs (Posxov bölgəsindən – 94, Axalsıx qəzasından – 42, Axalkələk qəzasından – 7, Borçalı qəzasından – 4 səs) olmaqla cəmi 224 səs toplaya bilmişdi. Borçalı Qəzası Müsəlmanları Qrupu müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.[1][2]
Həmçinin Bax
İstinadlar
- Fəxri Valehoğlu-Hacılar. "Gürcüstanın demokratik yolla seçilmiş ilk parlamentinə – Müəssisələr Məclisinə seçkilər. Qaraçöplü deputat Hüseynqulu Məmmədov" (az.). zirve.info. 25.05.2018. 19.08.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.04.2021.
- First Universal Democratic Elections in Independent Georgia (PDF) (2nd edition). Tbilisi: Central Election Commission of Georgia. 2018. səh. 60. 2023-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-03.