Boşçalılar

BoşçalılarAzərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Boşçalılar kəndi Sarıxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Boşçalılar kənd Soveti yaradılmışdır.[1]

Boşçalılar
39°48′56″ şm. e. 47°57′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 4 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.583 nəf.
Boşçalılar xəritədə
Boşçalılar
Boşçalılar

Toponimikası

Boşçalı toponimi özündə təklə tayfasının boşçalı tirəsinin adını əks etdirir.[2] Oğuz türk tayfa ittifaqına daxil olan Təklələr əvvəllər Gürcüstanın Borçalı mahalı ərazisində yaşamış, 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul edərək Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Onlar sonra Şahsevənlərin tərkibinə daxil olmuşlar. Ağsu, Kürdəmir, Masallı, Cəlilabad və Şamaxı rayonlarında təkləlilərlə bağlı kəndlər mövcuddur. Hazırda Yevlax rayonunda Boşçalı kəndi var. Don Juan İranlı adı ilə tanınmış Oruc bəy Bayat öz əsərlərində qızılbaş tayfaları içərisində boşçalı (bozçalı) tayfasının da adını çəkmişdir.[3]

Coğrafiyası və iqlimi

Boşçalılar kəndi Araz çayının sol sahilində, Mil düzündə, rayon mərkəzindən 29 km cənub-qərbdə yerləşir. Kəndin gözəl təbiəti və bərəkətli torpaqları var. Kənd düzənliklərlə əhatə olunub. Ələt-Culfa dəmiryolu xətti kəndin yanından keçir. Kənd Vətəgə dəmiryolu stansiyasına çox yaxındır.

Kənddə yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 5 ˚C, iyul ayında isə 27˚C-dir. İllik yağıntının miqdarı 300 mm-dir.

Əhalisi

Kəndin əhalisi 3364 nəfər olmaqla tamamilə azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

Kənd camaatı əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Suvarma əkinçiliyi çox inkişaf edib. Kənd torpaqları suvarma kanalları ilə əhatə olunub. Pambıqçılıq, yem istehsalı və heyvandarlıq əsas təsərrüfat sahələridir. Boşçalılar əhalisi tərəkəmə olduğundan köçəri həyat tərzi sürər, yay aylarını Kiçik Qafqazın alp çəmənliklərində yerləşən yaylaqlarda keçirərdi. Qarabağ müharibəsinə qədərki dövrdə kəndin Laçın rayonu ərazisində geniş yay otlaqları olmuşdur. Bu yaylaqlar əsasən Alagöllər, Pəri çınqılı, Qaragöl, Qaranlıq dərə, Qızılboğaz dağı, Qulalı, Azay dağı ətrafında yerləşirdi. Sonuncu dəfə kəndin köçü bu yaylaqlara 1991-ci ildə getmişdir. Kəlbəcər və Laçın rayonlarının işğal olunması ilə əlaqədar bu yaylaqlar 1992-2020 illər arasında işğal altında qalmış və istifadə olunmamışdır. İşğal dövründə yaylaqlardan qeyri qanuni istifadə olunmuş, Alagöllər gölündə süni bənd qurularaq, gölün biri tamamilə qurudulmuşdur. Hazırda həmin ərazilər erməni işğalından azad olunsa da istifadə olunmur.

Mədəniyyəti

Kənddə 1 klub və 1 kitabxana mövcuddur.

Təhsil

Kənddə 1 tam orta məktəb və 1 uşaq bağçası fəaliyyət göstərir.

Din

Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[4]

Səhiyyə

Kənddə 1 feldşer-mama məntəqəsi var.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.