Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı

Birinci Ümumazərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri.

Qurultayın çağrılmasına hazırlıq

1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümumazərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi.

Naxçıvan qəzasıKürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümumazərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi.[1] Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər.

Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi. O, kənd sovetlərinin (500 sakinə bir deputat) və şəhər sovetlərinin (200 seçiciyə bir deputat) nümayəndələrindən, özü də qəza üzrə 300 deputatdan çox olmamaq şərtilə seçilməli idi. Daimi icra orqanları kimi, qəza icraiyyə komitələri 15 nəfərdən çox olmamaqla qəza sovetlər qurultayı tərəfindən altı ay müddətinə seçilirdi.[2] Onlar öz aralarında üç və ya beş nəfərdən ibarət Rəyasət Heyəti seçirdilər. Dinindən, milliyyətindən, oturaqlığından və sairdən asılı olmayaraq, 18 yaşından yuxarı, məhsuldar və ümumi faydalı əməklə özünə dolanacaq qazanan şəxslərin, gəlir götürmək məqsədilə muzdlu əməkdən istifadə etməyən kəndlilərin sovetlərə seçmək və seçilmək hüququ var idi. 1920-ci il aprelin 28-dək, eləcə də ondan sonra muzdlu əməkdən istifadə edənlər, zəhmətsiz gəlirlə yaşayanlar, tacirlər, vasitəçilər, mollalar, monaxlar, din xadimləri, polisin və onun orqanlarının keçmiş agentlərinin seçmək və seçilmək hüququ yox idi.

Beləliklə, respublika əhalisinin müəyyən nüfuzlu, inkişaf etmiş hissəsini demokratik hüquqlardan məhrum edir və əslində dövlət quruculuğunda iştirakdan kənarlaşdırırdılar. Bununla da geniş demokratiya prinsipləri pozulur, siyasi alternativ və bütün xalqa iradəsini sərbəst şəkildə bildirmək imkanı vermədən cəmiyyət üzərində totalitar rejimin — diktator təkhakimiyyətliliyinin meydana çıxmasına zəmin yaradılırdı. Azərbaycanda "fəhlə-kəndli hökuməti"nin bərqərarlaşdırılması prosesində cəmiyyətdəki marqinal təbəqə-küncü, daldanacağı, sığınacağı, kifayət qədər mədəniyyəti olmayan, yoxsullaşmış dünənki kəndlilər, səfilləşmiş fəhlələr inzibati-amirlik rejimini təmin etdiyi üçün yeni hakimiyyət onlara arxalanırdı. Çünki marqinallar komfortlu yaşayış iddiasında olmur, dövlətin verdiyi sədəqədən məmnun qalırlar. İnsanlarda kütləvi bərabərçilik psixologiyası, dövlətdən asılılıq, onun iradəsinə tabelik psixologiyası əmələ gəlirdi.

1921-ci il aprelin ortalarında qəzaların əksəriyyətində Sovetlərə seçkilər qurtardı, qalan yerlərdə isə başa çatmaqda idi. AKP III qurultayının (1921-ci il mart) qərarına uyğun olaraq, partiya rəhbərliyi sovetlər qurultayının çağırılmasını Azərbaycanda sovet hakimiyyətinin birinci ildönümü gününə salmaq istəyirdi. MK-nın bəzi üzvləri qurultayın may ayına keçirilməsini tələb edirdilər. Hər halda seçki kampaniyasını sürətləndirmək üçün qəzalara partiya və dövlət xadimləri göndərildi. Aydın məsələ idi ki, qarşıya belə "zərbəçi vəzifə" qoyulduqda seçkilər geniş xalq kütlələrinin iradəsinin ifadəsinə çevrilə bilməzdi, bəzi yerlərdə, xüsusən bu cür seçkilərin ilk dəfə keçirildiyi kəndlərdə sırf deklarativ xarakter daşıyırdı. Seçkilərin keçirilməsini çətinləşdirən başqa səbəblər də var idi: əvvəla, sovetlərə seçki respublikalarının iqtisadi həyatında digər həlledici bir məqamla-yeni iqtisadi siyasətə keçilməsi ilə eyni vaxta təsadüf edirdi; ikincisi, qəzaların heç də hamısında yoxsul komitələri öz rolunu hələ axıradək oynamamışdı; ən nəhayət isə, partiya təşkilatında müxtəlif fraksiyalar arasında barışmaz mübarizə gedirdi.

Bütün bu çətinliyə baxmayaraq, qəza partiya təşkilatları mürəkkəb siyasi və iqtisadi şəraitdə, Bakıdan gələn məsul işçilərin köməyi ilə bütövlükdə sovetlərə seçkiləri "zərbəçi" qaydada başa çatdıra bildilər. Əvvəlcə kənd və nahiyə sovetləri, sonra isə, qəza sovetləri seçildi. Kənd və nahiyə sovetləri deputatlarının yarıdan çoxu yoxsulların və ortababların nümayəndələri idi. Sovetlərin bir çoxunda deputatların əksəriyyətini kommunistlər təşkil edirdi. Əlamətdar o idi ki, azərbaycanlı qadınlar nəinki seçkilərdə fəal iştirak etmişdi, həm də qəzaların bir çoxunda sovetlərə deputat seçilmişdilər. Respublikada yaşayan milli azlıq və qrupların demək olar, hamısının nümayəndələri sovetlərin tərkibinə daxil olmuşdu.

Bakı qəzasında kənd və nahiyə sovetlərinə seçkilər əvvəl aparılmışdı. Bakı fəhlə, qızıl əsgər və matros deputatları sovetinə seçkilər 1920-ci il mayın axırında keçirilmişdi. 1920-ci ilin dekabrında Bakı sovetinin və rayon sovetlərinin yenidən seçilməsi ilə əlaqədar Bakı qəzasının kəndlərində də seçkilər keçirmək qərara alındı.

Beləliklə, 1921-ci il aprelin axırı və mayın əvvəlinədək Azərbaycanda 30 minə qədər deputatı olan təxminən 1400 kənd soveti seçilmişdi.[3]

Qurultayın təşkili və keçirilməsi

1921-ci il mayın 6–19-da Bakıda Birinci Ümumazərbaycan Sovetlər qurultayı keçirildi. Seçilmiş 601 nümayəndədən 590-nı qurultaya gəlmişdi (mayın 13-dək 445 nümayəndə anket vərəqəsi almışdı), onlardan 392-si kommunist, 3 nəfəri qadın idi. Nümayəndələrin sosial və milli tərkibi belə idi: fəhlələr — 140 nəfər, kəndlilər- 189, qulluqçu və ziyalıların nümayəndələri — 116, azərbaycanlılar — 325, ruslar — 75, ermənilər — 21, digər millətlərin nümayəndələri 24 nəfər.[4] Qurultay əslində kommunist nümayəndələrdən ibarət idi ki, bu da onun işinin bütün mahiyyətini əvvəlcədən müəyyən edirdi. Bu qanunverici orqanın bütün fəaliyyəti təkcə kommunist partiyasının siyasətinə xidmət edirdi, çünki qurultayda heç bir başqa partiya və ya siyasi müxalifət təmsil olunmamışdı.

Qurultayın gündəliyinə N.N.Nərimanovun Azərbaycan SSR hökumətinin fəaliyyəti və beynəlxalq vəziyyəti haqqında, M.D.Hüseynovun respublikanın xarici siyasəti, D.X. Bünyadzadənin xalq maarifi, Ə.H.Qarayevin Azərbaycan Qızıl ordusunun təşkili, H.Sultanovun yeni iqtisadi siyasət şəraitində sovet quruculuğunun vəzifələri, XTŞ-nin, xalq ərzaq və xarici ticarət komissarlıqlarının fəaliyyəti haqqında məruzələri, qəza nümayəndələrinin çıxışları daxil idi.

Qurultayın mayın 13-də keçirilən iclasında V.İ. Leninin 1921-ci il aprelin 14-də yazdığı "Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və Dağlılar respublikasındakı kommunist yoldaşlara" məktubu nümayəndələrin xahişi ilə Azərbaycan və rus dillərində elan edildi. V.İ.Lenin bu məktubda Qafqaz kommunistlərinə sosializm quruculuğunda öz respublikalarının xüsusiyyətini nəzərə almağı partiyanın siyasətini bacarıqla həyata keçirməyi məsləhət görür və tövsiyə edirdi ki, onlar "RSFSR-in vəziyyəti və şəraitindən fərqli olaraq, öz vəziyyətlərinin və öz respublikalarının xüsusiyyətini başa düşsünlər, bizim taktikamızı eyni ilə təqlid etmək lazım deyil, konkret şəraitin müxtəlifliyinə uyğun olaraq onu düşünülmüş surətdə dəyişdirmək lazım gəldiyini başa düşsünlər".[5]

Qurultay Leninin məktubunun surətini bütün qəzalara göndərməyi qərara aldı.[6] Lakin bu məsləhətlər sosializm quruculuğu praktikasında tam şəkildə nəzərə alınmadı və ardıcıl həyata keçirilmədi.

Lenin partiyasının konsepsiyasına və müsəlman dünyasına münasibətdə Azərbaycanın rolu və yeri barədə siyasətinə aydınlıq gətirmək üçün Q.K. Orconikidzenin RKP MK və RSFSR MİK adından qurultaya təbriki diqqəti cəlb edir. O, Azərbaycanın ġərgin tarixində sovet respublikası bünövrəsinin qoyulduğu yeganə müsəlman ölkəsi olduğunu vurğulayaraq demişdi: "Azərbaycan burada, şərqdə nümunəvi sovet respublikası olmalıdır. Azərbaycan şərqdə dünya inqilabının bayraqdarı olmalıdır. Azərbaycan bütün şərqi öz şəfəqləri ilə işıqlandıran, onun gözünü açan və inandıran yanar məşəl olmalıdır"..[6]

Tarixin gedişi isə göstərdi ki, bu o vaxtın "inqilabi eyforiyasından" başqa bir şey deyildi. Elə həmin vaxt qurultay Azərbaycan SSR əməkçiləri adından yekdilliklə "şərqin bütün fəhlə və kəndllərinə" xüsusi müraciətnamə qəbul etmişdi.

RSFSR-in Zaqafqaziya respublikalarındakı səlahiyyətli nümayəndəsi Q.V. Leqran, Gürcüstan SSR hökuməti adından M.D.Oraxelaşvili Birinci Ümumazərbaycan Sovetlər qurultayının təbrik nitqi ilə salamladılar. Bir sıra xarici təşkilatların və şərqdə Təbliğ və Fəaliyyət şurasının nümayəndələri də təbrik sözü ilə çıxış etdilər. N.Nərimanov öz məruzəsində respublikanın daxili və beynəlxalq vəziyyətini səciyyələndirdi. O, ərzaq məsələsi, iqtisadi məsələ konsepssiyalar, xarici ticarət problemləri barədə də danışdı. Qurultay "bütün fəhlə-kəndli hökumətinin siyasətini və uğurlarını" bəyəndi.

D.Hüseynov Azərbaycan sovet hökumətinin xarici siyasətinin əsas mahiyyətini ifadə edərək, demişdi: "Biz inqilab uğrunda, Sovet Rusiyası uğrunda, Kommunist İnternasionalı uğrunda hərəkət edirik və Antantaya və hər cür imperialistlərə amansız mübarizə elan edirik". Göründüyü kimi, Azərbaycan SSR də Sovet Rusiyası və Komintern ilə birlikdə "dünya inqilabı" uğrunda "qətiyyətlə mübarizə" aparmağa hazır olduğunu bəyan edirdi.

Qurultay 16 qəzanın nümayəndələrinin məruzələri üzrə qəzalarda sovet, təsərrüfat və mədəni quruculuğu genişləndirməyə yönəldilmiş qətnamə qəbul etdi.

D.X.Bünyadzadənin məruzəsi üzrə qurultay Azərbaycanda xalq maarifinin inkişafı üçün vacib olan qərar qəbul etdi. Qərarda məktəblərin maddi-texniki bazasının yaradılması vəzifəsi xüsusi vurğulanmışdı.

Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsi

Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsi qurultayın işində əhəmiyyətli yer tutmuşdu. Konstitusiyanın layihəsi Azərbaycan KP MK-nin 1921-ci il mayın 11-də açılan plenumunda müzakirə olunarkən SA.Danielyan (Sarkis) sovetlər qurultayına nümayəndəlik normasını — hər 5000 kəndlidən və hər 1000 nəfər fəhlədən 1 deputat göndərilməsini müəyyən edən maddənin əleyhinə çıxdı, hər 5000 kəndlidən və hər 500 fəhlədən 1 deputat göndərilməsi təklifini irəli sürdü. Plenum üzvlərinin əksəriyyəti (H.H.Sultanov, S.M.Əfəndiyev, M.H.Hacıyev, D.X.Bünyadzadə, N.N.Nərimanov və b.) onun təklifini rədd etdi və Konstitusiyanın həmin maddəsinin heç bir dəyişiklik olunmadan saxlanmasına tərəfdar çıxdı.

Əslində bu təkliflərin arxasında Azərbaycan kəndlilərinə, Azərbaycanda fəhlə-kəndli hakimiyyətinin ali orqanında onların təmsil olunmasına münasibət məsələsi dayanırdı. Ona görə də bu təkliflərlə əlaqədar dəfələrlə qızğın müzakirələr getdi. Mayın 14-də Azərbaycan KP MK-nın plenumunda məsələ yenidən müzakirə olundu və onun həllinin Azərbaycan MİK-ə verilməsi barədə M.D.Hüseynovun təklifi qəbul edildi.

Sarkisin və onun tərəfdarlarının təklifi fitnəkar xarakter daşıyırdı və mahiyyətcə Azərbaycanın əleyhinə çevrilmişdi. Çünki qəzalarda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, qanunvericilik orqanlarında onların nümayəndələrinin fəhlə sinfinin nümayəndələri ilə ağlabatan tarazlığını təmin etməklə kəndliləri sovet dövləti quruculuğuna geniş cəlb etmək lazım idi. Ona görə də kəskin müzakirələrdən sonra həmin təklif rədd olundu.

Birinci Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci il mayın 19-da Azərbaycan SSR-in ilk Konstitusiyasını (Əsas qanununu) təsdiq etdi. Fəhlələrdən nümayəndəlik norması respublikanın dövlət idarəçiliyində fəhlə sinfinin rəhbər rolunu təmin etməli idi. Əgər qəza sovetlər qurultayları respublika sovetlər qurultayına 5 min seçicidən bir deputat göndərirdisə, şəhər sovetləri min seçicidən bir deputat göndərirdi. Qəza sovetlər qurultaylarına 500 seçicidən bir deputat, şəhər sovetlərinə isə 100 seçicidən 1 deputat seçilirdi.

Mahiyyətcə Azərbaycan SSR-in ilk Konstitusiyası müstəqil, suveren dövlətin Əsas qanunu deyildi. Onun başlıca prinsipial müddəaları RSFSR-in birinci Konstitusiyasının əslində təkrarı idi. Konstitusiya Azərbaycanda yeni, sovet quruluşunun yarandığını, əməkçilərin mənafelərinin və hüquqlarının qorunduğunu təsbit etdi. Konstitusiya bəyan edirdi ki, Azərbaycanda ali hakimiyyət fəhlələrə və əməkçi kəndlilərə, öz əməyi ilə yaşayanların hamısına məxsusdur. Əməkçilər üçün həqiqi vicdan azadlığı təmin etmək məqsədilə məscidlər, kilsələr dövlətdən, məktəblər isə onlardan ayrılırdı. Məktəblərin dünyəvi, təhsilin isə pulsuz, ümumi və icbari olduğu elan edilirdi.

Azərbaycan SSR Konstitusiyası fəhlə və kəndli təşkilatlarına mətbuat və söz azadlığı verirdi. Ümumi hərbi mükəlləfiyyət müəyyən edilir, respublikanın müdafiəsi bütün əməkçilərin borcu sayılırdı.

Konstitusiyada qeyd olunurdu ki, bütün millətlər sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatın hər bir sahəsində bərabər hüquqlara malikdirlər. Konstitusiyanın 13-cü maddəsinin prinsip etibarilə tarixi əhəmiyyəti var idi. Belə ki, ölkənin Əsas qanununda ilk dəfə olaraq irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərlik təsbit edilmiş, milli azıqların mənafelərinin qorunmasına təminat verilmişdi. Həmin maddədə deyilirdi: "Az.SSR dinindən, irqindən və milliyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qəbul edərək, bu zəmində hansısa imtiyazlar və ya üstünlüklər müəyyən edilməsinin, yaxud bunlara yol verilməsinin, eləcə də hər hansı şəkildə milli azlıqlara zülm edilməsinin və ya onların hüquq bərabərliyinin məhdudlaşdırılmasının respublikanın əsas qanunlarına zidd olduğunu elan edir".[7]

Respublika mətbuatı fəhlə və kəndlilərə müraciət edərək, Konstitusiyanı "öyrənməyə, dərk etməyə, mənimsəməyə" çağırır, onu "proletariat diktaturasının böyük xartiyası" elan edirdi.

Konstitusiya təsdiq edildikdən sonra, onun tələbinə uyğun olaraq, Azərbaycan İnqilab Komitəsi ləğv edildi. Qurultay Azərbaycan Mərkəzi İcraiyyə Komitəsini — Sovetlər qurultayları arasındakı dövrdə respublikanın ali qanunvericilik orqanını seçdi. Azərbaycan MİK 73 üzvdən və 26 nəfər üzvlüyə namizəddən ibarət idi. Bunlardan 51 nəfəri azərbaycanlı, 14-ü rus, 3-ü erməni, 2-si gürcü, 1 nəfəri yəhudi idi.

Azərbaycan MİK-in mayın 21-də açılan Birinci sessiyasında 9 üzvdən (S.A.Ağamalıoğlu, Ə.H.Qarayev, M.B.Qasımov, İ.M.Konuşkin, N.N.Nərimanov, M.G.Pleşşakov, M.H.Hacıyev, T.Ə.Hüseynov, T.A.Şahbazov) və 3 nəfər namizəddən ibarət Rəyasət Heyəti seçildi.[8] Azərbaycan kəndlilərinin nümayəndəsi M.H.Hacıyev Azərbaycan MIK-in sədri seçildi.

Azərbaycan MIK-in Birinci sessiyasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) tərkibi təsdiq edildi. Ali Icra hakimiyyəti olan XKS Sovetlər qurultayı və Azərbaycan MIK qar.ısında məsul idi. Xalq Komissarları Sovetinə 17 xalq komissarı daxil idi. N.N.Nərimanov Azərbaycan SSR XKS sədri seçildi.

Beləliklə, Azərbaycanda "sovet milli dövlət quruculuğunun" üçüncü mərhələsinə keçilməsi başa çatdı.

Mənbə

  • Əhmədov X. Azərbaycanda Sovetlərin yaranması və möhkəmləndirilməsi (1920–1925-ci illər). Bakı, 1966.
  • Караев А.Г. Выступление на нервом Всеазербайджанском съезде Советов. Стежмрафический отчет. Баку, 1922.
  • Первый Всеазербайджанский съезд Советов рабочих, крестьянских и матросских депутатов. //Стенографический отчет. Баку, 1921.

İstinadlar

  1. . "Kommunist" qəzeti, 22 fevral 1921-ci il, № 25.
  2. "Kommunist" qəzeti, 19 aprel 1921-ci il, № 89
  3. Журн. "Советское строительство", Баку, 1921, №1,
  4. Первый созыв Всеазербайджанского съезда Советов. "Kommunist" qəzeti, 16 may 1921-ci il, №10.
  5. V.I.Lenin. ƏTK, 43-cü c, səh. 214
  6. Первый созыв Азербайджанского съезда Советов рабочих, крестьянских, красноармейских и матросских депутатов. Стеног. отчет. Баку, 1922,
  7. Сборник узаконений и распоряжений рабоче-крестьянского правительства Азербайджанской ССР, 1921, №5,
  8. Сборник узаконений и распоряжений рабоче-крестьянского правительства Азербайджанской ССР, 1921, №5
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.