Binəqədi
Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir.
Binəqədi | |
---|---|
40°27′58″ şm. e. 49°49′40″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
|
Əhalisi
Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsada, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır.
Tarixi
Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir. Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifliyinə görə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi faunası" dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib.[1] Araşdırmalara görə, bura su içməyə gələn heyvanlar neft yataqlarının bu ərazidə üzə çıxması ilə qır göllərinə düşüb məhv olmuşlar. 1913-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid qəbirdən qadın skleti, tunc üzük, sancaq, qolbaq, gil qablar və s. məişət əşyaları aşkar edilmişdi. Binəqədi toponiminə nəzər salsaq, xalq etimologiyasına görə, bu adın "Binəqədi" olduğu aşkar olunur. Mənası "qazi binəsi", yaxud "qazi bina edən" deməkdir. Kəndin orta əsrlər dövrünün inkişafı "Köhnə Binəqədi" ərazisində keçmişdir. Hacı Xuda Baxşı hamamı və beş ovdan-quyu əhaliyə xidmət göstərmişdir. "Köhnə Binəqədi" kəndinin demək olar ki, yalnız "Baba" övdanının quyusu indiki dövrə kimi gəlib çatmışdır. 849-cu ildə köhnə Binəqədi kəndini tərk etmiş əhali yeni ərazidə relyefın ən hündür nöqtəsində, təpəlik üstündə Cümə məscidini tikib. 12 əsrlik yaşa malik məscid binasının tikintisi müxtəlif dövrlərə təsadüf edir. Cümə məscidinin ilk tikintisi 1818-ci ildə yerli camaatın təşəbbüsü ilə qoyulmuşdur. Kəndin köhnə ərazisinin yerin cəhətləri istiqamətində inkişafı nəticəsində tarixi topoqrafık sahələri yaranmışdır. "Maralan" adlanan əkin sahələri kəndi şimal-şərq hissəsindən əhatə etmiş, burada taxıl və arpa kimi dənli bitkilər əkilmişdir, "Qara yataq" adlanan şərq hissə mal və dəvə saxlanması üçün istifadə olunmuşdur. Şimala doğru "Digəh yeri", cənub-şərq hissə "Cirələr" adlanardı. Kəndin şimal ərazisi "Ala-daş" (daş karxanaları), indki neft istehsalı sahəsi "Qara taxtalar" adlanardı. Şor gölün cənubu "Qartum üstü" (daşlıq) adını almışdı. Binəqədi məhəllələri: "Çuxur" dərədə yerləşdiyindən "Dərə" məhəllə də adlanır; Ağa-Nəzər Paşalı, Çaylı, Aşırallı, Kəmsəri, Əskəri, Qırbişirənlər, Gülüstan, Mədən, Naxır bulağı və d. idi.
İnfrastrukturu
Binəqədi ətrafında neft mədən ərazisinin böyük hissəsi yaşayış yerlərinə çevrilmişlər. Qəsəbədə özəl tibb müəssisələri, internat, musiqi məktəbi, 2 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və digər sosial binalar vardır. Burada 4 məktəbdə 1049 şagird təhsil alır və 1 uşaq bağçasında 98 uşaq tərbiyə alır (2011). Məktəblərin çoxu qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskənlərdə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Sovet dövrünün sonunda qəsəbədə 7 uşaq bağçası, 1 körpələr evi fəaliyyət göstərirdi. Lakin özəlləşmə apalıqdıqdan sonra ancaq 1 bağça qaldı.