Bilgə xaqan abidəsi

Bilgə xaqan abidəsi və ya Bilgə xaqan kitabəsi, Türk dilinin ən qədim kitabələrindəndir. Orxon abidələri olaraq bilinən abidələrdən biridir.

Bilgə xaqan abidəsinin kopyası, Qazi Universiteti.
Bilgə xaqan abidəsi
Şəhər Koşo-Saydam
Yerləşir Monqolustan
Aidiyyatı Türk xalqları
Memar Yollıq xaqan Tengri xaqan
Sifarişçi Tengri xaqan
Tikilmə tarixi 735-ci il
Vəziyyəti ziyan görmüş
KateqoriyaKitabə

Bu abidə Bilgə xaqanın ölümündən (73)) bir il sonra oğlu Tenqri xaqan tərəfindən düzəldilmişdir. Bu abidədə də yazılanlar, Kültigin abidəsində olduğu kimi Bilgə xaqanın dilindəndir.[1][2][3][4][5][6].

Monqolustanın Orxon çayı yaxınlarındadır. Bilgə xaqan abidəsilə Kültigin abidəsi arasındakı məsafə təxminən 1 kilometrdir. Göytürk yazısı ilə yazılmışdır. Bəzi bölümləri Kültigin abidəsindən götürülmüşdür. Ondan fərqli olaraq Kültiginin ölümündən sonrakı hadisələrdən də bəhs edir. Hər iki abidənin də ətrafında balballar vardır. Bunları Yollıq xaqan yazmışdır.[7]

Ümumi məlumat

Abidənin hündürlüyü 3.8 metrdir. Şərq tərəfində 41 sətir, cənubşimal tərəflərinin hərəsində 15 sətir mətn vardır. Beləcə türkcə yazılmış olan ümumi sətir sayı 71-dir. Qərb tərəfində isə Çincə bir yazı vardır. Şimal tərəfinin ilk 8 sətiri Kültigin abidəsinin cənub tərəfindəki 11 sətir ilə eynidir. Bundan başqa şərq tərəfindəki ilk 24 sətir ilə Kültigin abidəsinin şərq tərəfindəki 30 sətir eynidir.

Bilgə xaqan abidəsi Kültigin abidəsinə nisbətən daha çox ziyan görmüşdür, bu səbəbdən də bəzi hisssələrini tam oxumaq münkün olmur. Mətn Bilgə xaqanın öz dilindən verilir, bəzi yerlərdə abidəni yazan Yollıq xaqanın da dilindən sözlər qeyd olunub. Abidə 734-cü ildə ölən Bilgə xaqanı xatirəsinə 735-ci ildə oğlu Tengri xaqan tərəfindən yaradılmışdır. Abidə Bilgə xaqanın qardaşı oğlu Yollıq xaqan tərəfindən yazılmışdır. Çincə kitabənin altından Türkcə kitabə davam edir. Ancaq Çincə kitabə tamamən silindiyindən, nə yazıldığını oxumaq münkün deyil.[8]

Abidə həm şevrilib, həm də zamanla parçalanmışdır, ən çox ziyan görmüş Orxon abidələrindəndir. Ətrafında xeyli türbələr, heykəllər və balballar vardır.

Tədqiqi

Abidə 1889-cu ildə N.M. Yadrintsev tərəfindən kəşf edilmişdir. Bilgə xaqan abidəsi Kültigin abidəsi ilə birlikdə Koşo-Saydam abidələri adlanır. Bu abidə ilk dəfə V.V. Radlov və P.M.Melioranski tərəfindən 1897-ci ildə "Orxon ekspedisiyası əsərlərinin toplusu, IV" əsərində nəşr edilmişdir. Əsərdə hər iki abidənin V.V. Radlov tərəfindən təsviri verilir, P.M. Melioranski isə mətnlərin rus dilinə tərcüməsini, habelə abidələrin göytürk əlifbası ilə yeddi cədvəlinin müəllifidir. Bilgə xaqan abidəsinin tam mətninin rus dilinə tərcüməsi, transkripsiya və orijinaldakı mətni ilə birlikdə, S.Y.Malov tərəfindən 1959-cu ildə edilmişdir. H.N. Orkun 1936-ci ildə Bilgə xaqan abidəsinin mıtn, transkripsiya və türk dilində tərcümə şəklində nəşr etdirmişdir. Abidəni ingilis dilində transkripsiya və tərcümə şəklində 1968-ci ildə Tələt Təkin nəşr etdirmişdir. Abidənin mətn, transkripsiya və türk dilində tərcümə şəklində nəşri dəfələrlə Məhərrəm Ergin tərəfindən həyata keçirilmişdir. Abidəni Azərbaycan dilində ilk dəfə Göytürk əlifbası ilə mətn, transkripsiya və Azərbaycan dilinə tərcümə, habelə giriş və qeydlər şəklində 1993-cü ildə Ə.Ə. Rəcəbov etmişdir. Bundan başqa onun Bilgə xaqan abidəsi haqqında və Bilgə xaqanın şəxsiyyəti haqqında məqalələri də çap edilmişdir. Mütəxəssislərin fikrincə Ongin, KültiginBilgə xaqan abidələri Aşina soyuna mənsubdur. Qeyd etmək lazımdır ki, bu üç abidənin paleoqrafiyası və dili bir-birinə çox yaxındır.

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2012-10-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.
  2. Кормушин И. В. Тюркские енисейские эпитафии. Тексты и исследования. М., 1997.
  3. Erdal M. Old Turkic. // The Turkic languages. London; New York, 1998.
  4. A. von Gabain. Eski Türkçenin grameri. Ankara, 2003.
  5. Poppe N. Introduction to Altaic linguistics. Wiesbaden, 1965
  6. Малов С. Е., Памятники древнетюркской письменности, М. — Л., 1951
  7. Prof. Dr. Muharrem Ergin, Orhun Abideleri, Boğaziçi Yayınları, İstanbul 2002, s. XVI ISBN 975-451-017-4
  8. Yalınkılıç, Tuba. "Bir Dönemin İki Farklı Anlatımı- Kül Tigin Yazıtının Türkçe Metinlerinin Karşılaştırılması". Uluslararası Türkçe Edebiyat Kültür Eğitimi (TEKE) dergisi, Sayı 2/4, Yıl 2013. Erişim tarihi: 18 Temmuz 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.