Bilal Kiçibəyov

Kiçibəyov Bilal Səlim oğlu (1932, Yasaboba, Hil rayonu) — tibb elmləri doktoru, professor.

Bilal Kiçibəyov
Bilal Səlim oğlu Kiçibəyov
Doğum tarixi 1932
Doğum yeri
Elmi dərəcəsi
Təhsili

Həyatı

Bilal Kiçibəyov 1932-ci ildə Xaçmaz rayonunun Yasaboba kəndində anadan olub. Kənd yeddiillik və Xudat şəhər Çkalov adına orta məktəbi bitirdikdən sonra, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1955-ci ildə həmin institutda təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1955–1961-ci illərdə Azərbaycanın Cəbrayıl və Xudat rayonlarında sanitariya-epidemioloji stansiyanın baş həkimi vəzifələrində işləyib. 1962–1965-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun aspirantı kimi Leninqrad Elmi-Tədqiqat Radiasiya Gigiyenası İnstitutuna ezam olunub və 1965-ci ildə aspiranturanı "Mingəçevir və Ceyranbatan su hövzələrinin radiasion-gigiyenik səciyyələndirilməsi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə bitirib.

1975-ci ildə "Azərbaycan SSR əhalisinə radiasiya təsirini göstərən əsas amillərin gigiyenik səciyyələndirilməsi" mövzusunda doktorluq disseratasiyasını müdafiə edib. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik F. Q. Krotkov məktəbinin yetişdirməsi və davamçısıdır. 1965–1995-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universitetinin) "Ümumi gigiyena" kafedrasının assistenti, dosenti, professoru, "Kommunal gigiyena" kafedrasının müdiri vəzifəsində işləyib.

1995-ci ildə Rusiya Federasiyasının "Yujdağ" institutuna tibb fakültəsinin təşkili üçün dəvət olunub, orada "Gigiyena, sosial təbabətin, səhiyyənin təşkili və iqtisadiyyatı" kafedrasını təşkil edərək ona rəhbərlik edib.

2001-ci ildə Azərbaycana qayıdaraq "Odlar Yurdu" Universiteti tibb fakültəsinin professoru, 2002-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetinin "Profilaktik təbabət" kafedrasının müdiri vəzifəsində işləyib. 2009-cu ildən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tədris-metodik şöbəsinin müdiri və əvəzçilik üzrə Gigiyena kafedrasının professoru vəzilərində işləyir.

Elmi işləri Azərbaycan ərazisində yaşayış məskənlərinin (xəritəsinin tərtib edilməsi ilə) və mənzillərin xarici qamma–şüalanmasının səviyyəsinin təyin edilməsi, əhalinin xarici və daxili şüalanmasının dozasına görə regionlara bölünməsi, təbii və atom sınaqları nəticəsində xarici mühitə daxil olmuş süni radioizotopların xarici mühitdə miqrasiyası və insan orqanizminə daxil olmasının Azərbaycana məxsus regional xüsusiyyətlərinin təyin edilməsi, atom müharibəsi təhlükəsi şəraitində əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid, yerli tədqiqatlara əsaslanan, zəmanətlərin hazırlanması, yod istehsalı sahəsində işləyənlərin radiasiya təhlükəsizliyinin təmini və b. məsələlərə həsr olunmuşdur.

Bağçılıq və tərəvəzçilikdə pestisidlərin işlədilməsinin gigiyenik cəhətləri, Azərbaycanda su mənbələri və içməli sularında nitratların miqdarı və b. sahələrə aid işləri də vardır. Yerli və xarici mətbuatda dərc olunmuş 100-ə qədər elmi əsəri vardır, o cümlədən "Hərbi gigiyena" (2004), "Tibb tarixi" (2004), "Sosial gigiyena və səhiyyənin təşkili" (2008), "Radiasiya gigiyenası" dərsliklərinin, "Radiasiya gigiyenasından təcrübə məşğələləri üçün dərs vəsaiti" (1978), "Tibbi statistika" (2008) dərs vəsaitlərinin və bir neçə tədris–metodik vəsaitin müəllifidir. Tibb elmləri doktoru, professor, Nyu-York akademiyasının üzvüdür. Sovet dövründən Zaqafqaziya respublikalarında radiasiya gigiyenası sahəsində ilk elmlər doktoru, Azərbaycanda isə indiyədək bu sahədə yeganə elmlər doktorudur.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.