Beynəlxalq İnformatika Olimpiadası
Beynəlxalq İnformatika Olimpiadası (BİO) (ing. International Olympiad in Informatics (IOI) ~ ru. Международная олимпиада по информатике ~ tr. Uluslararası Bilgisayar Olimpiyatları) – orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarış. BİO-nun keçirilmə ideyası 1987-ci ilin oktyabrında Parisdə YUNESKO-nun 24-cü konfransında Bolqarıstanlı riyaziyyat professoru Blaqovest Sendov tərəfindən irəli sürülüb. 1989-cu ilin mayında YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə 1-ci Beynəlxalq İnformatika Olimpiadası Bolqarıstanın Pravets şəhərində keçirilib. Beynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hər bir iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Şagirdlərin cari olimpiada ilinin iyul ayının 1-dək 20 yaşı tamam olmamalı və onlar əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxumuş olmalıdırlar. Ölkə komandasının tərkibinə informatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür. Nümayəndə heyətinin tərkibinə əlavə olaraq başqa şəxslər də daxil ola bilər: iştirakçıların məşqçiləri, informatika sahəsində məsləhətçilər və mütəxəssislər, eləcə də tərbiyəçilər və başqa xidmət heyəti. Yarış iki turdan ibarət olur və ayrı-ayrı günlərdə keçirilir. Hər turda iştirakçılara 3-4 məsələ təklif olunur və onların həlli üçün 5 saat vaxt ayrılır. Turların keçirilməsi qrafiki olimpiadanın başlanmasına bir neçə ay qalmış rəsmi saytda dərc olunur. Yarışların birinci turundan qabaq 2 saat çəkən sınaq turu keçirilir. Sınaq turunun məqsədi bütün iştirakçıları yarışların mühiti və turlar zamanı iş qaydaları ilə tanış etməkdir. Sınaq turunun məsələləri olimpiada öncəsi BİO-nun rəsmi saytında yerləşdirilir. İştirakçılar həmin məsələləri qabaqcadan həll edə və öz həllərini sınaq turuna gətirə bilərlər (yalnız kağızda olmaqla). Sınaq turunda iştirak etmək bütün iştirakçılara tövsiyə olunur. İştirakçıların həllərinin yoxlanması və onların qiymətləndirilməsi yarışların serverində avtomatlaşdırılmış yoxlayıcı sistem və iş stansiyalarında quraşdırılmış proqram təminatına bənzər proqramlardan istifadə edilməklə yerinə yetirilir. İştirakçıların həlləri və onların yoxlanmasının nəticələrindən ibarət verilənlər bazası da yarışların serverində yerləşir. Yarışların serveri Linux əməliyyat sistemi altında fəaliyyət göstərir. İştirakçıların yoxlanmağa göndərdikləri proqramların kompilyasiyası və icrası da Linux mühitində baş verir. İstifadəsinə icazə verilən proqramlaşdırma dilləri Pascal, C və C++ dilidir. Zaman-zaman Baş Assambleyanın iclaslarında yeni proqramlaşdırma dillərinin (məsələn, Java dilinin) daxil edilməsi məsələsi qaldırılır. BİO-nun keçirilməsinin mövcud qaydalarına uyğun olaraq olimpiadanın qalibləri və mükafatçıları, yəni qızıl, gümüş və bürünc medallarla təltif olunanlar iştirakçıların ümumi sayının 50%-ni aşmamalıdır. Hər dəyərdən olan medalların sayı açağıdakı kimi müəyyən olunur: qızıl medalları iştirakçıların 1/12, gümüş medalları 1/6, bürünc medalları isə 1/4 hissəsi alır.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər
- International Olympiad in Informatics (IOI) community
- Facebook Group for the International Olympiad in Informatics
- IOI International Committee Website
- IOI Statistics
- IOI Secretariat Website
- IOI 2004 (held in Athens,Greece) website
- IOI 2005 Website
- IOI 2007 Website
- IOI 2009 Website Arxivləşdirilib 2010-03-04 at the Wayback Machine
- IOI 2009 Results Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine
- IOI 2010 Website
- Photos
- IOI 2011 Website
- IOI 2012 Website
- IOI 2013 Website
- IOI 2016 Website Arxivləşdirilib 2017-03-02 at the Wayback Machine
- IOI 2017 Website