Belqrad sülh müqaviləsi
Belqrad sülh müqaviləsi — Osmanlı imperiyası ilə Rusiya arasında bağlanmış müqavilə
Belqrad Sülh müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 18 oktyabr / 3 oktyabr 1739 |
İmzalanma yeri | Belqrad |
İmzalayanlar | Avstriya hersoqluğu |
Tərəflər |
Osmanlı imperatorluğu Rusiya imperiyası Avstriya hersoqluğu |
Vikianbarda əlaqəli mediafayllar |
Arxaplan
1724-cü il Rusiya-Osmanlı müqaviləsi tərəflər arasındakı ziddiyyətləri həll etmədi. Qara dənizə çıxmağa və Krım xanlığına zərbə vurmağa çalışan Rusiya Avstriyanın təsiri altında Osmanlı dövləti ilə müharibəyə başladı. T.Mustafazadə haqlı olaraq yazmışdır ki, "Rusiya-Osmanlı münasibətlərinin kəskinləşməsi nəhayət iki dövlət arasında açıq müharibəyə gətirib çıxartdı. ... İki imperiya arasında münasibətlərin kəskinləşməsində onların Xəzəryanı regionda, xüsusilə də Azərbaycanda maraq və mənafelərinin toqquşması da çox mühüm rol oynamışdır. Ona görə XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Rusiya-Osmanlı ziddiyyətlərinin 1735-1739-cu illər Rusiya-Osmanlı müharibəsinin əsas səbəblərindən biri olduğunu güman etmək düzgün olar...". Müharibədə rus qoşunlarına B.K.Minix (1683-1767) komandanlıq edirdi. Ruslar 1736 və 1737-ci illər kampaniyasının gedişində Krım xanlığının paytaxtı Baxçasarayı tutmağa nail oldular, ikinci paytaxt hesab olunan Qarasu da general-feldmarşal P.Lassi tərəfindən yandırıldı. Avstriya Rusiya ilə 1726-cı il Vyana ittifaq müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə müharibə elan etdi. Rusiya 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə baxmayaraq, İranla antiosmanlı ittifaqına nail ola bilmədi. Nadir 1736-cı ilin sentyabrında Osmanlı dövləti ilə Ərzurum müqaviləsini imzaladı. Lakin rus-osmanlı müharibəsi cəbhəsində vəziyyətin mürəkkəbliyini nəzərə alan Türkiyənin təklifi ilə sülh konfransı (Nemirov (Ukrayna), 1737, 16 avqust - 11 noyabr) çağırıldı. Konfransın gedişində müttəfiqlər - Rusiya və Avstriya arasında ziddiyyətlərin yaranması Osmanlı dövlətinin mövqeyini möhkəmləndirdi. Hərbi əməliyyatlar bərpa olundu. 1739-cu il hərbi əməliyyatları Rusiya üçün müvəffəqiyyətli oldu. Rusiyanın mövqeyinin möhkəmlənməsindən narahat olan Avstriya Osmanlı dövləti ilə separat müqavilə bağladı. Bu Rusiyanın mövqeyinə də təsir göstərdi.[1]
Belqrad sülh müqaviləsi və şərtləri
Sentyabrın 18-də Rusiya ilə Osmanlı dövləti arasında Belqrad sülhü imzalandı. Müqavilə preambula və 15 artikuldan ibarət idi.[2] Müqavilənin maddələri aşağıdakılardır:
- Tərəflər aralarındakı münaqişəni bu müqavilə ilə həll etməli, dostluq münasibətləri yaratmalı, intiqam almağa cəhd etməməlidirlər.
- Bu maddə sərhədlərlə bağlı olub, burada yeni sərhədlərin sözü gedən sülh əsasında təyin edilməsi nəzərdə tutulurdu
- Azov ətrafı istehkamlar dağıdılmalı və Rusiyaya burada yeni qalalar inşa etməyə icazə verilməli idi. Qarşılığında isə Osmanlı dövləti Kuban sərhədləri boyu yeni qalalar inşa edə biləcəkdi. Yenə bu maddə də nəzərdə tutulurdu ki, Rusiya Qara dənizdə savaş və ticarət gəmiləri saxlaya bilməzdi.
- 4-cü maddə sərhədlərdə bağlı idi. Burada göstərilirdi ki, təsbit edilən sərhədlər barədə hər iki dövlətin əhalisinə xəbər verilməlidir.
- Hər iki tərəf bir-birinə tabe olan xalqların təhlükəsizliyini qorumalı, onlara ziyan verməməli idi. Ruslar Kırımdan geri çəkilməli idi
- Şimali Qafqazda yerləşən dağ və keçidlərə nəzarət edən Kabardin ərazisi neytral bölgə elan edilirdi. Böyük və kiçik Kabardin xalqlarına müstəqillik hüququ verilirdi. Amma Kabardinlərdən iki dövlətdən birinə şikayət gələrsə, həm Rusiya, həm də Osmanlı bu şəxsləri cəzalandıra bilərdi.
- İki tərəfin də əsirləri heç bir qarşılıq tələb edilmədən geri qaytarılımalı idi.
- Bu dövlətlərdə baş verən üsyanlar nəticəsində üsyan rəhbərləri qarşı tərəfə sığınarsa, aradakı münasibətləri korlamamaq üçün onları geri qaytarmağı hər iki dövlət də öz öhdəsinə götürürdü.
- Müqavilənin doqquzuncu maddəsi ticarət ilə əlaqədar idi. Belə ki hər iki dövlətin tacirləri iki ölkədə də sərbəst bir şəkildə ticarət edə bilərdilər. Bununla birgə Türkiyə tərəfi ilə ticarət yalnız onun gəmiləri vasitəsi ilə aparıla bilərdi.
- Müqavilə imzalanarkən tərəflərdən birində yaranan anlaşmazlıq dərhal həll edilməli, bu nüans müqavilənin imzalanmasına maneə törətməməli idi
- Rusiyadakı dindarlar Qüds və digər müqəddəs yerlərə səfər edə bilərdilər. Bunun qarşılığında Osmanlı dövləti onlardan heç bir vergi tələb etməməli idi.
- Müqavilədə Rus çariçası imperator adı ilə qeyd edilməli idi.
- Müqavilənin 13-cü maddəsində göstərilirdi ki, bu andlaşma üçün təyin edilən elçilər Osmanlı dövləti tərəfindən böyük hörmət və şərəf ilə qarşılanmalıdır.
- Yeni elçilər vasitəsi ilə tərəflər bir birlərinə hədiyyələr göndərməli idi.
- Son maddədə isə müqavilə imzalandıqdan sonra 3 ay ərzində hazırlanan təsdiqnamələrin Fransa elçisi tərəfindən göndərilməsi nəzərdə tutulurdu.
Bundan başqa eyni müqavilə 18 sentyabr tarixində Avstriya ilə də imzalandı. Burada nəzərdə tutulurdu ki, Avstriya Pasarovitsa müqaviləsi ilə əldə etdiyi torpaqları-Serbiya, Belqrad, Bosnanın bəzi sərhədyanı bölgələrini geri qaytarmalıdır ( Banat istisna). Rus tarixçiləri İ.Zaiçkin və İ.Poçkayev Osmanlı dövləti ilə müharibədə 100 min əsgər itirən Rusiya üçün Belqrad sülhünü biabırçı sülh adlandırmışdır.
İstinadlar
- Mahmudov, Yaqub. AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ DÖVLƏTLƏRARASI MÜQAVİLƏLƏR VƏ DİGƏR XARİCİ SİYASƏT AKTLARI. Bakı. 2009.
- Uğur, Kurtaran. "Sultan I Mahmudun Rusyaya verdiği 1739 tarihli ahidnamenin diplomatik açıdan tahlili". Tarih İncelemeleri Dergisi (29). 2014: 213–232.