Behaym Martin
Behaym Martin (alm. Martin Behaim, latınca: Martinus de Bohemia, portuqal dilində: Martinho da Boémia; 6 oktyabr 1459[1], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[2] – 29 iyul 1507[1], Lissabon, Portuqaliya krallığı[2]) — XV əsrdə yaşamış məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı.[3]
Behaym Martin | |
---|---|
alm. Martin Behaim | |
Doğum tarixi | 6 oktyabr 1459[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 1507[1] (47 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının ilk mərhələsi
Behaym Martin Almaniyanın cənub-şərqində yerləşən Frankoniya əyalətinin azad Nürnberq şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Onun əcdadları Bogemiyadan bu şəhərə XIV əsrin əvvəllərində köçmüşlər. Onun atası Venesiya ilə ticarət edirdi və şəhər senatının üzvü seçilmişdir. Martin gənc yaşlarından atasının işlərində iştirak etmiş, 1474-cü ildə onun ölümündən sonra dayıları, parça ticarəti ilə məşğul olan Leonard və Yorius van Dorplarla birlikdə Frankfurt yarmarkasına getmişdir. O, 1478-ci ildə Antverpendə məskunlaşaraq boya emalatxanasında işləmiş və burada hesab elmini öyrənmişdir. Bəzi mənbələrə görə Behaym o dövrün ən dahi astronomu və riyaziyyatçısı İohann Müllerin yanında çalışmışdır.
Həyatının Portuqaliya dövrü
1484-cü ildə Behaym ilk dəfə ticarət məqsədilə Lissabona gəlmişdir. Həmin dövrdə Lissabonla Flandriya və Hanza arasında geniş ticarət əlaqələri var idi. Bir il sonra o, Portuqaliya kralı II Juanın cəngavərləri sırasına daxil olmuşdur. 1484-cü ildə o, Portuqaliya donanmasında xidmət edən yaxın dostu, Azor arxipelaqına daxil olan Piku və Fayal adalarının qubernatoru Yoss van Xurterin qızı ilə evlənərək Azorda məskunlaşmışdır. Nikah Behayma kral sarayına yaxınlaşmaq və saray astronomu və kartoqrafı vəzifəsinə təyin olunmasına təsir göstərdi.
İspaniya salnaməçisi Antonio de Errera "Hindistanın ümumi tarixi" əsərində sübut etməyə çalışmışdır ki, Behaym Kolumbla görüşmüş və qərb istiqamətində Hindistana səyahət etmək layihəsini onunla müzakirə etmişdir. Mənbələrdə Behaymın 1484-cü ildə Dioqu Kanın Afrika sahillərinə ekspedisiyasında iştirak etməsi barədə də məlumatlar vardır. Ekspedisiya 19 ay davam etmiş, səyahət zamanı portuqaliyalılar Qambiyanın və Qvineyanın o vaxta qədər Avropalılara məlum olmayan əyalətlərini kəşf etmiş, Konqı çayının mənbəyinə qədər gedib çatmışlar.
Nürnberqə qayıdış. Qlobusun hazırlanması
1490-cı ildə Behaym ticarət işləri ilə, həmçinin anasından qalan mirası almaq üçün doğma şəhəri Nürnberqə qayıtdı. Şəhər şurasının üzvü, coğrafi kəşflərlə maraqlanan, Misirə və Müqəddəs torpaqlara səyahət edən Georq Xoltsşuer onu inandıra bildi ki, şəhərdə qalsın və portuqaliyalıların sonuncu coğrafi kəşfləri də nəzərə alınmaqla qlobus yaratsın.
Behaym Martin 1492-ci ildə Yer kürəsinin böyük qlobusunu hazırlamışdır. O, bu qlobusu "Yer alması" adlandırmışdır. Behaym Yer səthini təsvir edərkən Ptolemeyin xəritəsindən istifadə etmişdir.
Mənbə
- Məktəblinin coğrafiya lüğəti. Bakı, 2006.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Deutsche Nationalbibliothek Record #118654829 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- https://ru.wikisource.org/wiki/%D0%AD%D0%A1%D0%91%D0%95/%D0%91%D0%B5%D0%B3%D0%B0%D0%B8%D0%BC,_%D0%9C%D0%B0%D1%80%D1%82%D1%8B%D0%BD Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine ЭСБЕ/Бегаим, Мартын