Baxçasaray fontanı
"Baxçasaray fontanı" (rus. Бахчисарайский фонтан) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ikinci poeması.
"Qafqaz əsiri"ndən sonra Puşkin "Baxçasaray fontanı" poemasını yazıb. Bu poema istər məzmun, istərsə də ifadə gözəlliyi ilə Puşkin sənətində daha yeni bir ədəbi hadisə idi. "Baxçasaray fontanı" tarixi bir rəvayət üzərində qurulsa da, ideyaca müasirləşdirilmişdir. Şair eşitdiyi tarixi rəvayəti də məqsədyönlü şəkildə dəyişdirmiş, polyak qızı Mariya surətini rəvayətə əlavə etmişdi. Bir sıra başqa cənub poemalarında olduğu kimi burda da həyat eşqilə ölüm hissinin və azadlıqla əsarətin son dərəcə cazibədar və düşündürücü bir ziddiyyətini yaratmışdır. Zülmkar Gəray, azad ruhlu, ipək qəlbli Polşa gözəli Mariya, eşq nə olduğunu anlamayan, bir daş heykəli andıran xacə və qəlbi daima yaşamaq eşqilə çırpınan çoşqun, ehtiraslı əsir qadın Zarema poemanın əsas surətlətidir.
Biri digərinə tamamilə zidd olan bu cəmiyyətlərin qarşılaşdırılmasından bir-birinə zidd olan zehniyyətlər, surətlər, fikirlər, zövqlər və anlayışlar doğmuşdur. Lakin nə bu zidd səciyyələrin, nə də bu zidd zehniyyətlərin, görüşlərin heç biri uydurma deyil. Hərəmxana həyatının son dərəcə düzgün, real təsviri və yenə eyni zehniyyətin, həyat və mübarizə eşqinin kontrastı olan ölüm hissinin qarşılaşdırılması dərin təsir bağışlayır. Poemada Zaremanın çoşqun həyat sevgisi bu zehniyyətə qarşı qoyulur. Zarema Gərayı sevir. Amma daş ürəkli Gəray bu sevgiyə layiq deyildir. Gözəl Zarema, onun daim məhəbbətlə döyünən qəlbi iki amansız qüvvə tərəfindən boğulur. Bir tərəfdən həmişə bir qara bulud kimi əsir qızların üzərində öz qara qanadlarını gərən xacə, din, şəriət, digər tərəfdən Gərayın amansız əsarəti, sərtliyi. Poemada Polşa gözəli əsir qız Mariyanın həyatı, səadəti, arzuları və azadlığı da bu iki qüvvənin qurbanı olub.