Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir.
Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar.
İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır. Bal arılarının istehsal etdiyi bal, dünya miqyasında kommersiya istehsalı və mövcudluğu sayəsində insanlara ən çox tanış olan baldır. Arıların yetişdirilməsi arıçılıq və ya apikultura kimi tanınır, iynəsiz arıların yetişdirilməsi isə adətən melipokultura adlanır.
Bal şirindir, çünki tərkibində yüksək konsentrasiyada fruktoza və qlükoza monosaxaridləri var. Bal, saxaroza (süfrə şəkəri) ilə təxminən eyni nisbi şirinliyə malikdir. Bir standart xörək qaşığı (15 ml) balda təxminən 46 kilokalori qida enerjisi var. Bal, çörək bişirmək üçün cəlbedici kimyəvi xüsusiyyətlərə və dadlandırıcı kimi istifadə edildikdə fərqli ləzzətlərə malikdir. Mikroorqanizmlərin çoxu balda böyüyə bilmir və qablaşdırılmış bal xarab olmur. Arxeoloji kontekstlərdə tapılan bal nümunələrinin minlərlə ildən sonra da yeməli olduğu sübuta yetirilmişdir.
Xalq arasında bal, daxili orqanları sağlamlaşdıran, insana enerji verən, iradəni möhkəmləndirən, ovqatı yaxşılaşdıran, bədəni gümrahlaşdıran, cavanlığı qoruyub saxlayan, ömrü uzadan məhsul kimi bilinir.
Bal
Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən – nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.
Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir.
Bal tez və ya gec(götürüldüyü çiçəkdən və saxlanmaq şəraitindən asılı olaraq) qatılaşıb xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlanır(bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlanır. Xarlanmaq balın keyfiyyətinə təsir etmir.
Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.
Bal arıların istehsal etdiyi təbii, müalicəvi bir məhsuldur. Arılar balı çiçəklərdən, bitkilərdən topladıqları şirələrdən-nektardan hasil edirlər. Nektar-bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər – fruktoza və qlyukoza, habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza, melibioza, rafinoza vardır. Nektarın tərkibində şəkərin miqdarı bitkinin növündən asılı olaraq 3%-dən 76%-ə qədər olur. Şəkərdən əlavə tərkibində az miqdarda zülallı maddələr, üzvi duzlar və mineral maddələr müvcuddur. Suyun tərkibi nektarda 40%-dən 90%-ə qədərdir. Bir kiloqram bal hasil etmək üçün arı iki min uçuş edir, yüz minlərlə-milyonlarla çiçəklərdən nektar toplayır. Arı balı sorarkən ona nektarı bala çevirməsi üçün vacib olan udlaq vəzilərinin şirəsi də qarışır. İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir, onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar. Burada nektarın tərkibindəki artıq su tezliklə buxarlanır. Əsas gəlir vaxtı pətəkdə olan buxarı oradan kənar etmək üçün yuvanın üstündə uçuş bacasında bir dəstə arı qənədlərini aramsız titrətməklə pətəyin havasını dəyişdirir.
Nektarın toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar bu zaman ən mühim işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlyukoza və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlyukoza çox olduqda xarlanma tezləşir. Buna misal olaraq günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlanma ləng gedir.
Arılar bala turşuluq verirlər. Fermentlərin təsirindən qlyukozanın bir hissəsi qlyukonat turşusuna çevrilir. Buna görə də bal həmişə turş reaksiyaya malik olur. Nektarın dəfələrlə bir qovuqcuqdan başqasına köçürülməsi prosesində arının bal çinədanındakı xortumundakı udlaq vəzilərinin şirəsi ilə qarışması nəticəsində o,bala çevrilir və uzun müddət xarab olmadan qalır. Arılar onun üzərini nazik mum qapaqcıqları ilə örtürlər. Nektarın bala çevrilməsi prosesi bundan sonra da davam edir. Bal yetişir,ətirli olur və onun acı tamı çəkilir. Balın tərkibində 16%-dən 22%-ə qədər su,75%-ə qədər qlyukoza və fruktoza,3%-ə qədər saxaroza (qamış şəkəri) olur. Qalan tərkib hissələri isə zülallardan,üzvi turşulardan,fermentlərdən,vitaminlərdən,mineral,ətirli və boyayıcı maddələrdən ibarətdir.
Bal və növləri
Təbii bal 3 cür olur: çiçək balı, meşə balı və gəzəngi bal.
Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya , günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd, Dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli hesab olunur.
Gəzəngi balı arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələrinin, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən toplayırlar. Bu bal başqa bala nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir.
Bal əsasən mənşəyinə görə iki böyük qrupa bölünür. Bu qruplara monoflor (bir növ çiçəkdən: məs. cökə,akasiya və s.) və poliflor (müxtəlif çiçəklərdən: məsələn çəmənlik çiçəklərindən toplanmış) bal daxildir.
Balın növləri:
Cökə balı. Bu balı arılar cökə ağacının çiçəklərindən toplayırlar. Öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf yaxud açıq sarı rəngdə olur.
Akasiya balı. Akasiya balı olduqca şəffaf,ətirli və dadlı olur. Gec xarlanan və yüksək keyfiyyətli bal sayılır.
Günəbaxan balı: Rəngi tünd sarı,dadı xoşagələndir. Bu bal tez xarlanır.
Pambıq balı. Rəngi şəffaf olmaqla bərabər özünə məxsus tamı və ətri var. Tez xarlanır və xarladıqca rəngi ağarır,iri dənəcikli çöküntü verir.
Şabalıd balı. Arılar bu balı yeməli şabalıddan və atşabalıdının çiçəklərindən toplayır. Atşabalıdı çiçəklərindən toplanan bal rəngsiz – sulu,yeməli şabalıd çiçəyindən toplanan bal isə tutqun rəngli – çox duru və acı olduğuna görə ondan yalnız şirniyyət sənayəsində istifadə edilir.
Kefləndirici, yaxud zəhərli bal. Bu balı arılar dağlarda xüsusi bitkilərdən toplayırlar. Belə balı yedikdə insana keyfləndirici təsir göstərir. Bəzən temperatur qalxır,ürək bulanması,təngnəfəslik və baş gicəllənməsi müşahidə olunur. Belə balı bir il saxladıqdan sonra onun zəhərliliyi itir və yemək üçün yararlı olur.
Gəzəngi bal. Təbiətdə gəlir olmadıqda arılar bəzi bitkilərin yarpaq və gövdələrinin,yaxud bitkilər üzərində olan, həşəratın ifraz etdiyi şirin şirələri toplayırlar ki,buna da gəzəngi bal deyilir. Gəzəngi bal başqa ballara nisbətən güclü bakterisid təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir. Gəzəngi balı arılar üçün zərərli olduğuna görə o,arıların qış yemi üçün yaramır.
Balın rənginin, ətrinin və dadının müxtəlifliyi onun hansı növ və hansı rəngdə çiçəklərdən toplanması ilə əlaqədardır. Balın rəngi tam şəffafdan tutmuş sarı,qonur,tutqun bənövşəyi və s. müxtəlif çalarlı olur.
Balın keyfiyyəti
Natural bal həm ən yaxşı qida, həm də bir çox xəstəlıklərin müalicəsi üçün qiymətli dərmandır. Bəzi əliəyri, yüngül qazanc axtaran saxtakar adamlar bu gözəl nemətə müxtəlif maddələr qarışdırmaqla onu süniləşdirirlər.
Buna görə də bala kənar maddələrin: şəkər, qamış şəkəri, kartof, qarğıdalı, su, un, təbaşir və s. qarışıb- qarışmadığını müəyyən etmək lazımdır. Bunun üçün təbii balı süni baldan ayırd etməyin sadə üsullarını bilmək faydalıdır. Balda süni qarışıqları müəyyən etmək üçün mixbər şüşəsinə qabın dibindən götürülmüş bal nümunəsi tökülür, sonra ona distillə su əlavə olunub həll edilir. Bu zaman bal təmizdirsə, məhlul şəffaf olur, təmiz deyilsə, çöküntü alınır.
Nişastanın təyini: Distillə su ilə qarışdırılmış bal məhluluna bir neçə damcı yod məhlulu əlavə edilir. Balda nişasta olduqda onun rəngi göyümtülə çalır.
Nişasta patkəsinin təyini: Soyuq üsulla hazırlanmış nişasta patkəsi qarışığını xarici görünüşünə görə müəyyən etmək asanddır. Belə bal yaxıcı olur, həm də xarlanmır. Onu başqa cür belə müəyyən etmək olar: 1 hissə bala 3 hissə distillə su qarışdırıb ona özünün ¼-i qədər 96%-li etil spirti əlavə edib çalxalamaq lazımdır. Balda qarışıq olduqda ağ süd rəngli məhlul alınır. Belə məhlulu bir qədər saxladıqda yarım – şəffaf yaxıcı kütlə ( dekstrin ) çöküntüsü alınır. Balın tərkibində patkə yoxdursa məhlul şəffaf olur, ancaq spirtlə balın qarışdığı yerdə çətinliklə sezilən bulanıq əmələ gəlir ki, bu da məhlulu çalxaladıqda itir.
Şəkər patkəsinin təyini: Bunu müəyyən etmək üçün suda hazırlanmış 5-10%- li bal məhluluna gümüş-nitrat əlavə olunur. Ağ rəngli xlorlu gümüş çöküntüsü alındıqda, bu məhlulun tərkibində qarışıq olduğunu göstərir, məhlul çöküntü vermir.
Təbaşirin təyini: Suda həll olunmuş bal nümunəsinə bir neçə damcı hər hansı turşu və ya sirkə əlavə etmək lazımdır. Balın tərkibində təbaşir olduqda məhlul qaynayır və ondan karbon qazı çıxır.
Gəzəngi balın təyini: Balın tərkibində gəzənginin olduğunu müəyyən etmək üçün sınaq çüçəsinə bir qədər bal tökülür, üzərinə bir qədər distillə su əlavə edilir və güclü calxalanıb qarışdırılır. Alınmış məhlula özü qədər əhəng suyu əlavə edilir və qaynayanadək qızdırılır. Əgər məhlul bulanıqlaşıb qonur rəngli köpüklü çöküntü əmələ gəlirsə, bu, balın tərkibində gəzənginin olduğunu göstərir.
Balın əhəmiyyəti
Təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizmdən ötrü ən zəruri qida maddələri var. Odur ki, bal yeməklə bədəni çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində özünü büruzə verir.
Balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Bal bədənə istilik verməklə bərabər sidikqovucu və quruducu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırır.
Orta əsrlərin məşhur alimi Əbu Əli ibn Sinanın nəsihəti bu gün də qüvvəsindədir: "Ey insan övladları! Əgər gənclik, cavanlıq təravətini daim saxlamaq və uzun ömür sürüb sağlam qalmaq istəyirsinizsə, müntəzəm olaraq ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi bal yeyin!"
Balın antibakterioloji təsiri
Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki kiflənmənin və müxtəlif növ mikrobların məhvini təmin edir. Aparılan tibbi araşdırmalardan da belə sübuta yetirilmişdir ki, insanın xəstələnməsinə səbəb olan mikroblar balın nəticəsində ölərək öz təsirlərini itirmişlər. Bunu təsdiq edən digər faktorlardan biri də balın tərkibinin orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngin olmasıdır. Bu maddələr mikrobların çoxalıb artmasına əngəl törədir və onların təsir gücünü zəiflədir. Bunun da səbəbi balın tərkibində mikrobların qatili hesab olunan oksigenli suyun olmasıdır. Alimlər bu barədə sübuta yetirilmiş bir elmi həqiqəti kəşf etmək imkanını əldə etmişlər ki, bu da 50% təzə bal məhlulunun bütün növ bakteriaları öldürməsidir. Bu barədə danışarkən belə bir sual meydana çıxır: "Bal mikroblara qarşı necə müqavimət göstərir?" Bu sualı bir neçə məqama toxunmaqla da cavablandırmaq olar.
- Balın tərkibində arı turşusu mövcuddur. Bu da orqanizmdəki çürümənin və ya kiflənmənin birinci dərəcəli düşmənidir.
- Balın tərkibində mikrobların qatili hesab olunan oksigenli su mövcuddur.
- Balın tərkibinin 80%-ni qatılaşdırılmış şəkərlər tutur ki, bu da mikrobların inkişafına imkan vermir.
- Balın tərkibi orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngindir. Bu maddələr də ancaq arı məhsullarındandır. Bu cür maddələr süni yolla hazırlanmış balda mövcud deyildir.
Bal mətbəxdə
Baldan qoz, badam, quru meyvə, ədviyyat, buğda unu və sair əlavələr etməklə bir sıra xörəklər hazırlanır. Bal uşaq qidasını şirinlətmək və xoş dadlı etmək üçün də əsas vasitədir. Bal səhərlər kərə yağı və qaymaqla ən ləzzətli qida hesab edilir. Bundan başqa təbii baldan şərbətlər, sıyıqlar, halvalar və digər qənnadı desert xörəkləri hazırlamaq olur. Bal şərbəti ilə limon şirəsinin və alma sirkəsinin xüsusi əhəmiyyəti var.
Bal təbabətdə
Balı yaşyarımdan kiçik körpələrə vermək olmaz. Onları mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər.[2]
Balın müalicəvi məhsul kimi 2 – 3 min il bizim e ə. tarixi var. Qədim filosofların, təbiblərin əsərlərində bala çox əhəmiyyətli dəyər verilmiş. Öz sadəliyinə baxmayaraq zamanımızda simpozium, konqreslərdə hələ də xəstəliklərin profilaktikası və müalicəsində balın tətbiqi xüsusunda geniş müzakirələr aparılır. Aşağıda biz sizə müxtəlif xəstəliklərin müalicəsində bal və onun preparatlarının istifadəsi haqqında qısa da olsa məlumat vermək istəyirik.
Yara, dəri və göz xəstəlikləri: Yaraların üzərinə bağlanmış ballı sarğı qan dövranını yaxşılaşdırır, yaranı mexaniki təmizləyən limfanın yayılmasını gücləndirir və hüceyrələrin qidası üçün gözəl zəmin yaradır. Balın A vitamin ilə zəngin balıq yağı ilə birgə tətbiqi yaraların sağalmasında genişdir. Yara və irin üçün: arı balı – 80 q, balıq yağı – 20 q, kseroform – 3 q. Mazlı sarğı təmizlənmiş yaranın üzərinə bağlanır. Dəri xəstəliklərinin (karbunkul, furunkul) funksional durumu, möhkəmliyi və dərinin yumuşaqlığında bu mazdan istifadə olunur. Oftalmologiyada xüsusi bal məhlulu və yaxud bal məhlulu antibiotiklərlə birgə göz yaşlığına sürülür.
Tənəffüs yollarının müalicəcində: Yuxarı tənəffüs yollarının və ağız boşluğu xəstəliklərində 5 – 6 dəfə gündə ağız boşluğunda saxlamaqla və inqalyasiya aerozolla (20 – 30% balla distillə yaxud qaynadılmış su). İnqalyasiya gündə bir – iki dəfə 15 – 20 dəqiqə ərzində. 30% balın eklektroforezlə qarışığını bronxit xəstəliyində. Həmin qarışıq ilə qar – qara və yaxud yaxalama farinqit, larinqit, stomatit xəstəliklərində. Vərəm xəstəliyində balın südlə qarışığı.
Mədə bağırsaq xəstəlikləri: Mədə, oniki bağırsaq yarası, qara ciyər xəstəliklərinin müalicəsində balın gözəl təsiri var. Yeməkdən əvvəl qəbul olunmuş bal məhlulu (1 yemək qaşığı bal 1 stəkan suya) turşuluğu çox olan mədə şirəsinin ifraz olunmasını gücləndirir. Əgər yeməkdən 1.5 – 2 saat qabaq isti bal məhlulu qəbul olunsa mədə şirəsənin turşuluğu aşağı düşür. Zamanımızda dərman preparatlarının çoxluğuna baxmayaraq bir çox xəstəliklərin müalicəsində effekt əldə olunmayıb. Balın tərkibində qlyukoza və fruktozanın çox olması hepatit xəstələrinə rafinad şəkərini balla əvəz olunması məsləhət görülür.
Ürək damar sistemi xəstəlikləri: Alimlərin qeydinə görə, tərkibindəki bol enerği materialı olan qlyukozanın sayəsində balın ürək əzələrinə gözəl təsiri var. Davamlı olaraq gündə 100 q balın qəbulu ürək fəaliyyətini stabilləşdirir və ümumi vəziyyəti də yaxşılaşdırır. Diurez və qan təzyiqinin normallaşması, ürək sahəsində yorğunluğun və ağrıların azalması, yuxunun normallaşması, ümumi əhval ruhiyənin və həyat tonusunun yüksəlməsi balın sayəsində əldə olunur. Çoxlu dozada balın qəbulu ürək çatızmamazlığı olan xəstələrə öz təsərini göstərmişdir. Körpə ana südü ilə bəslənən uşuqlara gündəlik balın verilməsi inkişafında, tez çəkinin artmasında, xəstəliyə qarşı müqavimətin artmasında öz təsiri var. Amma balı körpələrə tədricən vermək lazımdır. Şəkər və qənnadı məhsulları xaric olmaqla gündəlik balın dozası 80 – 100 qramdan artıq olmamalıdır. Təbabətdə zəifləmiş xəstələrə sağalma dövründə başqa yüksək kalorili məhsullarla birgə balı da məsləhət görürlər.
Bal tərkibli farmakoloji pereparatlar: Dünyada tərkibində bal və arıçılıq məhsulları olan farmakoloji effektli pereparatların hazırlanmasında gərgin elmi və praktiki işlər getdikcə genişlənir. Tərkibində güləm, arı südü, vərəmum, bal olan pereparatlar, kremlər hazırlanır. Başqa bitkilərlə birgə tərkibinə arıçılıq məhsulları daxil olan pereparatlar dünya farmakologiya sahəsində geniş yer tutur. Bal və arıçılıq məhsullarının faydaları alimlər tərəfindən hələ tam kəşf olunmamış qalır.
Biostimullaşdırıcılar
Bal stimullaşdırıcıları xalq təbabətində geniş istifadə edilir, sağlamlığı möhkəmləndirir, orqanizmin immun və digər müdafiə sistemlərinin qeyri-ənənəvi aktivatorlarıdırlar. Onları ev şəraitində baldan, asan tapılan qida məhsullarından və müxtəlif bitkilərdən hazırlamaq olar. Onlar müxtəlif astenik vəziyyətlərdə, əsəb yorğunluğu zamanı, yaz avitaminozları, sürətli yorulmalar, iş qabiliyyətinin azalması zamanı, mövsimi qrip epidemiyalarının profilaktikası zamanı, həmçinin qocalıq vaxtında müdafiə qüvvəsi azalarkən, görmə pisləşərkən, skeleroz və s. zamanı istifadə etmək olar.
Biostimullaşdırıcılar:
I. Çaxır (qırmızı, ən yaxşısı kaqor) – 350 q
Aloye (əzvay) şirəsi – 150 q
Bal (may balı daha yaxşıdır) – 250 q
3-5 yaşıl aloye yarpaqlar qopardılana 3 gün qalmış sulanmır. Sonra yarpaqlar kəsilir, yuyulur, xırdalanır və sıxılaraq şirəsi çıxarılır. Bütün digər komponentlərlə qarışdırılır, qaranlıqda 4-5 gün 4-dən 8 ºC-ə qədər temperaturda saxlanılır. Hər gün yeməkdən 30 dəqiqə əvvəl, gündə 3 dəfə, hər dəfə 1 yemək qaşığı qəbul olunur.
Allergiya olan adamların bu stimullaşdırıcını qəbul etməsi məsləhət deyil.
II. Bal (ən yaxşı may balıdır) - 1,5 stəkan
Dənələri olmayan kişmiş - 1 stəkan
Qabıqlı limon - 2 ədəd
Hind qozunun ləpəsi - 1 stəkan
Ərik qurusu - 1 stəkan
Komponentlərin hamısı əzilir və üzərinə 1,5 stəkan bal tökülərək qarışdırılır. Hər gün 3 dəfə, yeməkdən 1 saat əvvəl, hər dəfə 1 yemək qaşığı qəbul edilir. Bu stimullaşdırıcı uşaqlara yaşlarından asılı olaraq 1 çay qaşığı, 1 desert qaşığı və ya 1 yemək qaşığı verilir. Bir kurs üçün 1-2 belə porsiya hazırlamaq lazımdır.
Allergiyası olan adamlara məsləhət görülmür.
III. Yulaf - 1 stəkan
Bal - zövqə görə
Bir stəkan yulaf dənəsi 1 litr suya tökülür, mayenin dördə birinin buxarlanmasına qədər qızdırılır və süzülür. Alınan həlim bal qatılmaqla gündə 3 dəfə yeməkdən əvvəl ½ stəkan qəbul edilir. O, bağırsaq xəstəlikləri, qastrid zamanı istifadə olunur. Yulaf həlimi mübadilə artiritləri zamanı oynaqlardakı ağrını yaxşı götürür. [3]
Kimyəvi tərkibi və xassələri
Arı balı öz keyfiyyətinə görə təkrar olunmaz təbii məhsuldur. Təbiətin bizə bəxş etdiyi bütün dərmanlar içərisində bal ən yüksək yerlərdən birində durur. Onda qanı təzələyən, əsəbləri sakitləşdirən və yeni həyat verən bütün vitaminlər var. [4]
Arı balı şirin ətirli maddə olub, arılar tərəfindən çiçəklərin nektarından və ya canlı bitkilərin digər şirələrindən hazırlanır.
Bundan başqa, çox vaxt payızda bitkilərin (bir qayda olaraq palıdda, cökədə, iynəyarpaqlı ağaclarda) şirin maye əmələ gəlir. Onlar pad (yarpaq şirəsi) adı ilə məlumdur və arılar onlardan pad balı hazırlayır ki, heç də çiçəklərdən alınan baldan geri qalmır.
Balda insan orqanizminə lazım olan 300-dən çox maddə aşkar edilmişdir.
Təzə bal özüllü, şəffaf maye olub, tədricən qatılaşır, kristallaşır və bərkiyir.
Təmiz bal nə qədər ki, arı şanındadır və arı yeşiyində 20-30 ºC-də saxlanılır, həmişə maye halında olur.
Nəmliyi 20 %-dən çox olan bal təbii olmayan maye halındadır. Belə bal onu ağzı açıq arı şanından ayrılıqda alınır (yetişməmiş bal). Turşumuş və ya saxta bal daha çox maye halında olur.
Balın qatılığı da onun yüksək keyfiyyətinin əhəmiyyətli əlamətidir. Yaxşı balın xüsusi çəkisi 1,420-dən 1,440-a qədər olur. 1 litr balın çəkisi 1,420 kq olur. Mənfi 360C-də bal donur və onun həcmi 10% azalır, qızdırdıqda isə genişlənir. Məsələn, 250C-də onun həcmi 5% artır.
Kristallaşmış balı maye hala keçirərkən elə etmək lazımdır ki, o, 40 ºC-dən yuxarı qızmasın. Əks halda onun müalicəvi xassəsi itir.
Nektarda olan boyaq maddələrindən (karotin, ksantofill, flotofilə bənzər maddələr və s.) asılı olaraq balın rəngi su kimi şəffafdan, açıq-sarımtıl, limonu-sarı, qızılı-sarı, tünd-sarı, qəhvəyi-yaşıl və qara rəngə qədər rənglərə malik olur. Çiçək ballarının əsas rəngi sarı, sonra açıq-qəhvəyi, az-az hallarda tünd-qəhvəyi, sonuncu yaşılımtıl çalarla olur. Yağıotu balı demək olar ki, ağ, xəşəmbul balı sarı, xardal balı qəhvəyi, noxud balı tünd qırmızı olur.
Ayrı-ayrı bal növləri təkcə rəngləri ilə yox, həm də ətirləri ilə fərqlənirlər. Balın ətiri onda xarakterik uçucu ətirli maddələrin olması ilə müəyyən edilir. Çox vaxt ətirinə görə balın mənşəyini və keyfiyyətini müəyyən etmək olur. Bəzi bal növləri isə (şabalıd, raps balı) olduqca az ətirə malikdirlər.
Pad balında və şəkər siropu ilə qidalandırılmış arının balında üzvi uçucu maddələr və ətirlər olmur.
Bal ətraf mühitin iyini tez və asanlıqla udur. Odur ki, onu hər hansı spesfik iyə malik məhsulların saxlandığı qabda, həmçinin kəskin iyli məhsulların (balıq, pendir, şoraba və s.) yanında saxlamaq olmaz.
Tərkibində fruktoza çox olan bal ən şirin dada malikdir.
Balı metal qabda saxladıqda o, metal tamı ala bilər. Xarab olmağa başlayan (turşuyan) bal xoşagəlməz tama malik olur.
Balın kimyəvi analizi göstərir ki, o, müxtəlif komponentlərin mürəkkəb qarışığıdır. Onda şəkər, su, dekstrin, zülal maddələr, zülal olmayan azotlu maddələr, fermentlər, üzvi turşular, mineral maddələr, müxtəlif vitaminlər (B2, B6, H, K, C, E, PP və s.) var.
Balın əsas tərkibi qlükoza və fruktozadır. Bu əsas maddələrin balda miqdarı balın növündən asılı olaraq müxtəlifdir. Karbohidratlarla yanaşı balın tərkibinə bir sıra fermentlər – invertaza, amilaza, diastaza, katalaza, qlikogenaza və s. daxildir. Fermentlər xüsusi kimyəvi maddələr olub, hətta az miq-darlarında belə orqanizmdə maddələr mübadiləsini əsaslı şəkildə sürətləndirir. Həm də hər bir ferment müəyyən maddəyə və ya maddələr qrupuna təsir edir (oxşar kimyəvi tərkibə malik olan maddələrə).
Məlumdur ki, balda olan invertaza fermenti çuğundur və qamış şəkərini (disaxaridləri) qlükoza və fruktozaya çevirir.
Balın diastaza fermenti nişastanı (mürəkkəb karbohidrat) daha sadə şəkərə – disaxaridlərə çevirir.
Balın tərkibinə daxil olan mineral maddələr – kalsium, maqnezium, natrium, dəmir, kükürd, yod, xlor, fosfor və bəzən də radiumun duzlarıdır. Qeyd etmək istərdik ki, balda əksər mineral maddələrin miqdarı insanların qanında olduğu miqdara yaxındır. Qeyd olunan elementlərin hər biri orqanizm üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, kalsium smük toxumasının tərkibinə, dəmir qanın hemoqlabinin, maqnezium fermentlərin tərkibinə daxildir və s.
Balda bir sıra mikroelementlər də var: manqan, silisium, alüminium, bor, xrom, mis, barium, nikel, qurğuşun, qalay, sink, osmium və s.
Insan orqanizmində mikroelementlər olduqca az miqdarda olsalar da insan orqanizminin bir çox sistemlərinin normal fəaliyyətində onların əvəzsiz rolu var. Məsələn, mis normal qan əmələ gəlmədə iştirak edir və onun qidada çatışmazlığı nəticəsində qan azlığı yaranır. Qalxanabənzər vəzinin normal inkişafı üçün isə yod tələb olunur.
Qeyd olunanlarla yanaşı balda çoxlu üzvi turşular (alma, çaxır, limon, süd, turşəng turşuları) və bir sıra vitaminlər var.
Orqanizmdə vitaminlərin rolu çox böyükdür. Onlar bütün mübadilə proseslərini normalaşdırır. Qida hər hansı vitamin çatışmadıqda və ya olmadıqda maddələr mübadiləsi pozulur ki, bu da uyğun orqanın işinə təsir edir. Məsələn, B2 vitamini zülalların, piylərin və karbohidratların normal mübadiləsi üçün lazımdır və görməni yaxşılaşdırır. B6 vitaminin çatışmazlığı əzələ zəifliyinə səbəb olur, qıcıqlanmanı yüksəldir. H vitamini isə piy mübadiləsini stabilləşdirir və qara ciyərdə artıq miq-darda piy əmələ gəlməsinin qarşısını alaraq onu müdafiə edir. Orqanizmdə müxtəlif biokimyəvi proseslərin getməsini yaxşılaşdırması və tənzimlənməsi C vitaminindən çox asılıdır. O çatışmadıqda diş ətinin xəstəliyi olan sinqa baş verir.
Qeyd etmək lazımdır ki, bal orqanizm tərəfindən 100% mənimsənilə bilən yeganə qidadır. Məsələn, ət 95%, ağ çörək 96%, süd 91% mənimsənilir.
Digər şəkərlərə nisbətən bal çox böyük üstünlüklərə malikdir:
- O, qida həzmi traktının selikli təbəqəsini qıcıqlandırmır.
- Orqanizm tərəfindən asan və sürətlə həzm olunur.
- Lazımi enerjini tez ayırır.
- Aktiv həyat tərzi ilə məşğul olan insanlara tezliklə gücünü bərpa etmə imkanı verir.
- Digər şəkərlərin hamısına nəzərən böyrəklər tərəfindən asan buraxılır.
- Orqanizmə sakitləşdirici (sedativ) təsir edir.
- Asan tapılan və nisbətən baha olmayan məhsuldur.
Balın terapevtik (müalicəvi) effekti ümumi şəkildə aşağıdakı kimidir:
- Xəstəliklərə qarşı orqanizmin dözümlü olmasının artması (ümmunobioloji effekt).
- Mikroba qarşı təsir (bakterisid effekt).
- Iltihaba qarşı.
- Bəlğəm gətirici və öskürəyə qarşı.
- Allergiyaya qarşı.
- Ağrı kəsici.
- Bərpaedici.
Amerika həkimi Carvis qeyd edir ki, xalq müşahidələrinə görə 16 yaşına qədər daima bal istifadə edən adamlar nadir halda soyuqlayır, çox nadir hallarda yuxusuz və ya ağız boşluğunun xəstəlikləri baş verir.
Bal əsasən bir növ bitkidən yığıldıqda hansı bitkinin çiçəklərindən arı yığıbsa o çiçəyin adına uyğun olaraq da bal adlanır. Eyni zamanda çoxlu sayda bitkilərdən arının yaratdığı bal onun yığıldığı yerin adı ilə – meşə, səhra, çəmənlik, dağ və s. balı adlanır.
Bəzi geniş yayılmış bal növləri aşağıdakı kimidir.
Akasiya balı ən yaxşı bal növlərinə aiddir. Təzə və yenicə çəkilmiş, şüşə qaba tökülmüş bal şəffafdır, ləng və xırda dənəcikli kristallar şəklində kristallaşır və bundan sonra ağ (süd rəngində) olur. Tərkibində 40 % fruktoza və 36% qlükoza olur. pH-ı 4,0-dür. Kifayət qədər mikrob əleyhinə, bakterialara, göbələklərə qarşı təsirə malikdir. Ümumi gücləndirici vasitədir. Yuxusuzluq, mədə-bağırsaq, öd kisəsi və böyrək xəstəlikləri zamanı istifadə olunur.
Cökə balı daha çox keyfiyyətli balların siyahısına aiddir və ən çox istifadə olunan növlərdəndir. Xoşa gələn cökə ətrinə, şirin tama, zəif sarı rəngə malikdir. Tez və xırda kristallar şəklində kristallaşır. Tərkibində 39% fruktoza və 36% qlükoza var. pH-ı 3,7-dir. Qüvvətli qidalandırıcı və müalicəvi təsirə malikdir. Başlıca olaraq qrammənfi və qrammüsbət mikroorqanizmlərə, həmçinin, göbələklərə və bakteriyalara qarşı təsirə malikdir. Tərkibində mikrob əleyhinə uçucu və uçucu olmayan maddələr var. Bəlğəm gətirici, iltihab əleyhinə təsirə malikdir. Angina, zökəm, larengit, bronxit, traxeit, bronxial astma xəstəliklərini müalicəsi zamanı istifadə olunur. Ürəyi qüvvətləndirici vasitə kimi, mədə-bağırsaq traktının iltihabı zamanı, böyrək və öd kisəsi xəstəlikləri zamanı istifadə olunur. Irinli yaralar və yanıqlar zamanı yaxşı yerli təsirə malikdir.
Şabalıd balı tünd rənglidir, şabalıd çiçəyinin zəif ətrinə malikdir və acı təhər dadı var. Ləng kristallaşır. pH-ı 3-dür. Qrammənfi və qrammüsbət bakteriyalara qarşı antimikrob xassəsinə malikdir. Mədə-bağırsaq və böyrək xəstəlikləri zamanı istifadəsi təklif olunur.
Xardal balı maye halda olduqda qızılı-sarı rəngdə olur, sonra krem çaları alır. Xırda kristallarla kristallaşır. pH-ı 3,5-dir. Xoşa gələn ətirə və şirin tama malikdir. Yaxşı qidalandırıcı və müalicəvi xassəyə malikdir və nəfəs sistemi xəstəlikləri zamanı istifadəsi təklif olunur.
Xəşəmbul balı yüksək dad keyfiyyətlərinə malikdir. O, açıq-kəhraba rəngində yaşılı çalarlara malik ağ rəngə qədər rəngdə olur. Spesifik dada və bəzən də zəif acılığa və spesfik ətirə malikdir. Tərkibində 39% fruktoza və 36% qlükoza var.
Səhra (düzənlik) balı rəngsizdən narıncı-sarıya qədər rəngə malik olur. Tez kristallaşır, xoşagələn ətirə və şirin tama malikdir.
Çəmənlik balı çəmənlik çiçəklərinin nektarından arının hazırladığı baldır. O, açıq sarıdan tünd sarıya qədər rəngə, xoşagələn ətirə və şirin dada malikdir. pH-ı 3,5-dir. Yüksək qidalandırıcı və müalicəvi keyfiyyətlərə malikdir.
Günəbaxan çiçəyinin balı qızılı sarı rəngə malikdir. Xırda kristallar şəklində kristallaşır, dadı şirindir, qeyri-müəyyən ətirə malikdir. pH-ı 3,5-dir. Yaxşı qidalandırıcı və müalicəvi əhəmiyyətə malikdir.
Meyvə balı çiçəklənən meyvələrin çiçəklərinin nektarından arının hazırladığı baldır. O, təzə halda sarı-qırmızı çalarlara malik, şəffaf mayedir. Kristallaşmadan sonra açıq-sarı rəngə malik olur. Xoşa gələn ətirə və şirin dada malikdir. Tərkibində 45% fruktoza və 31% qlükoza var. Kristalları xırda dənəciklidir. pH-ı 3,5-dir.
Raps balı sürətlə iri kristallar şəklində, hətta şanın yuvalarında da kristallaşır. Bu bal acı təhər dada və xardal ətrinə malikdir. Yaxşı qidalandırıcı və müalicəvi xassəyə malikdir.
Tütün balı tütün çiçəklərinin nektarından arının hazırladığı bal olub, tünd qəhvəyi rəngdədir, ləng kristallaşır, acı təhər dada malikdir. Arılar üçün yaxşı qidadır. pH-ı 3-dür. Qidalılıq və müalicəvi xassələri kifayət qədər öyrənilməyib.
Nanə balı nanə ətrinə və şirin dada malikdir. Açıq sarı rəngli, kiçik kristallar şəklində kristallaşır. O, çoxlu miqdarda C vitamininə malikdir. Bu bal öd qovucu, sakitləşdirici, ağrı kəsici, qaz qovucu və antiseptik xassələrə malikdir.
Məlumdur ki, bəzi insanlar asan yolla pul qazanmaq üçün saxta bal hazırlayıb satırlar. Bu xoşagəlməz əməl təkcə pis vərdiş deyil, eyni zamanda insanların, o cümlədən də bu balı satanların özləri də bilmədən balalarının, qohumlarının və dostlarının da sağlamlığına mənfi təsir edir. Amma, hər halda belə hallar mövcuddursa balın təbii olub, olmadığını yoxlamaq ehtiyacı var.
Balın qatılığı əsasən onda olan karbohidratların miqdarından və onun yetişməsindən asılıdır. Balın yetişməsi bir sıra biokimyəvi çevrilmələrlə müşayət olunur ki, onların da əsasını saxarozanın fermentativ hidrolizi və suyun kənarlaşdırılması təşkil edir. Həmçinin, balın yetişməsi təkcə onun qida və dad xassələrini yox, həm də müalicəvi xassəsini müəyyən edir.
Müəyyən olunmuş normalara əsasən qida məqsədi üçün nəzərdə tutulmuş balın keyfiyyəti aşağıdakı tələblərə uyğun olmalıdır:
- Suyun miqdarı 21%-dən çox olmamalıdır;
- Susuz maddəyə hesablanmaqla bərpa olunan saxarozaların miqdarı 79%-dən az olmalıdır;
- Susuz maddəyə hesablanmaqla saxarozanın miqdarı 7%-dən çox olmamalıdır;
- Balın susuz maddəsinin 1 qramında diastoz ədədi 5 Qote vahidindən az olmamalıdır;
- 1 kq balda qalayın miqdarı 0,1 qramdan çox olmamalıdır.
Təbii balda ətir təbidir, xoşagələndir, əlavə iyə malik deyil. Dadı şirin, xoşagələndir, əlavə dada malik deyil.
Qıcqırma əlamətləri yolverilməzdir (balın səthində və daxilində köpüklənmə, qaz ayrılması, spesifik iyin və pis tamın olması).
Bal qıcqırdıqda təkcə dad xassələrini yox, həm də qidalılıq xassələrini itirir.
Oksimetil furfurol ilə reaksiyası mənfi olmalıdır.
Balın kristallaşması təbii prosesdir. Bal kristallaşdıqda rəngini dəyişir.
Bəzi hallarda balı saxladıqda iki təbəqə müşahidə olunur – aşağıda kristallaşmış, yuxarıda isə meyvə şirəsinə bənzər təbəqə. Bu da balın yetişməməsini və tərkibində suyun çox olmasını göstərir.
Əgər bal yapışırsa, demək hələ tam yetişməyib. Belə bal uzun müddət saxlanmaq üçün yaramır.
Saxta bal təbii baldan fərqli olaraq iyə malik deyil. Saxta bala müxtəlif məhsullar qatıla bilər: qamış şəkəri, kartof, qarğıdalı şirələri, un, təbaşir, ağac ovuntusu və s.
Balın saxta olmasını yoxlamaq üçün aşağıdakıları etmək olar. Sınaq şüşəsinə və ya bankaya bal nümunəsi yerləşdirilir və distillə suyu əlavə edilir. Bal həll olur, ona əlavə olunmuş yad əlavələr ya dibdə qalır, ya da üzə çıxır.
Bala un və nişasta əlavə olunmasında şübhələndikdə distillə suyu ilə durulaşdırılmış bala yodun spirtdə məhlulundan bir neçə damcı tökülür. Əgər un və nişasta qatılıbsa məhlul göy rəngə boyanır.
Bala təbaşir qatılıb, qatılmamasını yoxlamaq üçün sınaq şüşəsinə tökülmüş balın distillə suyunda məhluluna bir neçə damcı hər hansı turşu və ya sirkə turşusu tökülür. Karbon qazı ayrılması hesabına qaynama baş verir.
Içərisində tam şəkərləşməmiş nişasta (patoka) olan balın xarici görünüşü, yapışqanlığı və kristallaşmanın olmaması ilə asan təyin etmək olar.
Aşağıdakı üsul ilə də bu təyini etmək olar: 2-3 hissə distillə suyunda həll edilmiş bir hissə bal üzərinə həmin həcmin dördə biri qədər 96 %-li spirt əlavə edilir və çalxalanır. Ağ süd rəngində məhlul əmələ gəlir. Saxladıqda isə şəffaf, yarım maye, yapışqanlı kütlə (dekstrin) çökür. Tam şəkərləşməmiş nişasta olmadıqda isə məhlul şəffaf qalır. Yalnız bal və spirt təbəqələrinin toqquşduqları sərhəddə çox çətin həll olan bulanıq yaranır ki, o da çalxalanma zamanı yox olur.
Adi şəkər şirəsi əlavə olunması aşağıdakı kimi aşkarlanır: balın suda 5-10 %-li məhluluna gümüş-nitrat məhlulu əlavə olunur. Əgər balda şəkər şirəsi varsa, ağ gümüş xlorid çöküntüsü əmələ gəlir. Əgər bal təmizdirsə onda çöküntü əmələ gəlmir.
İstehsalı
Ölkə | İstehsal |
---|---|
ÇXR | 458,100 |
Türkiyə | 104,077 |
İran | 79,955 |
Argentina | 74,403 |
Ukrayna | 68,028 |
ABŞ | 66,948 |
Dünya | 1,770,119 |
Mənbə: FAOSTAT[5] |
2020-ci ildə qlobal bal istehsalı 1.8 milyon ton təşkil edib ki, bu istehsalın 26%-i siyahıya başçılıq edən Çinə məxsusdur. Digər əsas istehsalçılar Türkiyə, İran, Argentina və Ukraynadır. 2022-ci ildə Azərbaycanda 32933 arıçılıq təsərrüfatında 7445,9 ton bal istehsal olunmuşdur.[6]
Mənbə
- Bal - İlahi nemət
- V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
- V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Xarici keçidlər
- Daxili bazarda saxta bal tüğyan edir
- Arıçılığın inkişafı: problemlər, perspektivlər
İstinadlar
- Traynor, Kirsten. "Ancient Cave Painting Man of Bicorp". MD Bee. 2011-08-23 tarixində orijinalından (Web article) arxivləşdirilib. İstifadə tarixi: 2008-03-12.
- "Мёд by Факты о здоровой пище". 2011-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-28.
- "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
- "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Production quantity of honey (natural) in 2020". BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı. 2020. 16 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2022.
- "Azərbaycanda bal istehsalının həcmi açıqlanıb". APA-Economics. 14 mart 2023. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.