Bakı Türk Şəhidliyi
Bakı Türk şəhidliyi — Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması (1918, 15 sentyabr) uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakının Şəhidlər Xiyabanında ucaldılmış abidə.
Tarixi
Bakının daşnak və eser-menşeviklərin idarə etdiyi “Sentrokaspi diktaturası” ndan azad edilməsi zamanı həlak olmuş Azərbaycan və Türkiyə əsgərlərinin şərəfinə ucaldılacaq abidə kompleksinin layihəsi hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmışdı. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının ildönümü münasibətilə 1919-ci il sentyabrın 15-də Azərbaycan Parlamentinin xüsusi iclası keçirilmiş, millət vəkilləri hökumət üzvləri ilə birlikdə Çənbərəkənd qəbiristanlığına (indiki Şəhidlər Xiyabanının ərazisi) gedərək, xatirə abidəsinin özülünü qoymuşdular. Lakin Aprel işğalı (1920) nəticəsində abidənin tikintisi yarımçıq qaldı.
Məlumat
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbacanın və Türkiyənin dövlət rəhbərlərinin qarşılıqlı razılaşması əsasında xatirə abidəsinin Şəhidlər Xiyabanında ucaldılması qərara alındı. 1918-ci ilin sentyabrında Bakının azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk və Azərbaycan hərbiçilərinin bir çoxu da həmin ərazidəki Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdilər. Tikintisinə 1999-cu il iyunun 24-də başlanmış, açılış mərasimi 2000-ci il aprelin 9-da olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl iştirak etmişlər.
Abidənin müəllifi memar Hüseyn Bütünerdir. Tikinti işləri Türkiyənin Azərbaycandakı hərbi attaşesi tuğgeneral (briqada generalı) Sadıq Ercanın rəhbərliyi ilə aparılmışdır. Şəhidlər Xiyabanındakı məscidin qarşısında 854 kvadrat metrlik ərazidə ucaldılmış abidənin görünüşündə oğuz-səlcuq memarlıq elementlərindən istifadə olunmuşdur. Düzbucaqlı kompleks üç tərəfdən ağac və bəzək kolları ilə əhatələnmişdir. Daxili tərəfdən düz xətt boyunca üzərinə qızlı ulduz bərkidilmiş 1130 mərmər lövhədə Azərbaycanda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin adı həkk edilmişdir. Abidənin önünə aparan yol andezit ilə, yolun kənarları isə gülbağ daşı ilə örtülmüşdür. Kompleksin yuxarı başında ağ mərmərdən 8,25x8,25 m ölçülü kvadrat plaformanın mərkəzində 7 metr hündürlüyündə abidənin qırmızı mərmərdən olan əsas hissəsi yerləşdirilmişdir. Səkkizguşə prizmanı xatırladan bu daşın eni aşağıda 2 metrdir. Daşın eni yuxarıya doğru daralır. Daşın dörd tərəfinə ay-ulduz, qarşı tərəfinə isə Azərbaycan və türk dillərində xatirə yazısı həkk olunmuşdur.[1]
Həmçinin bax
Xarici keçidlər
- Bakıda Türk şəhidliyi abidəsi ziyarət - Azvision
- Heydər Əliyev Bakıdakı Türk Şəhidliyi haqda nələr demişdi ...
- Bakı Türk Şəhidliyi təmir olunacaq - Milli.Az
- Bakıdakı Türk şəhidliyi abidəsinə əklil qoyulub - Sputnik.az
- Bakının azad olunmasının 99-cu ildönümündə Türk ...
- Zəfər günü münasibətilə Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət olunub
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 238-239