Bakı Dövlət Sirki
Bakı Dövlət Sirki — Şərqdə ilk sirk-teatrı.
Bakı Dövlət Sirki | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | sirk |
Əsası qoyulub | 1945 |
Teatr binası | |
Memar |
Ənvər İsmayılov Faina Leontyeva |
Tikilib | 1967 |
Tutumu | 2400 yer |
Heyət | |
Direktor | Elmir Hüseynov |
Bədii rəhbər | Vüqar Nuxov |
Baş dirijor | Azad Quliyev |
Yerləşməsi | |
40°22′58″ şm. e. 49°50′22″ ş. u. | |
Ölkə | |
Yerləşir | Bakı |
|
|
circus.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1900–1945
1900-cü illərdə Rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açdılar.[1] 1904-cü ildə isə onlar keçmiş "Tarqovı" və "Bolşaya Morskaya" küçələrinin tinində, indiki Nəsimi bağının yerində şərqdə ilk Sirk-teatr inşa etdirdilər.
Bu sirkdə mütəmadi olaraq Nikitinlərin rəhbərlik etdiyi qrup çıxış edirdi. 1906-cı ildə Sirk-teatrın binası yandı. Ancaq qardaşlar elə həmin il onun yerində daşdan yeni sirk binası inşa etdirdilər. 1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində, başqa bir sirk binası tikdilər. 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv etdi və çox keçmədi ki, Kudryavtsev burada öz sirkini qurdu. Bakıda sirkin fəaliyyət göstərdiyi bütün bu müddət ərzində onun səhnəsində Rusiyanın müxtəlif şəhərlərindən gələn sirk truppaları çıxış edirdilər. O dövrün məşhur sirk truppaları Tanti qardaşlarının, Lerrinin rəhbərlik etdiyi kollektivlər də 20-ci illərdə tez-tez Bakıya qastrollara gəlirdilər.
1930-cu ildə Bakı Sirkinin kolxoz filialının əsası qoyuldu. Bu kollektivin üzvləri yerli özfəaliyyətçilər, kəndirbazlar və xalq pəhləvanları idi.
1945–1966
1945-ci ildə Azərbaycanda ilk peşəkar sirk kollektivi yaradıldı[2]. Bu kollektiv Bakı Sirkinin kolxoz filialının artistlərindən, Azərbaycan estrada artistlərindən və bədii özfəaliyyətçilərdən təşkil olunmuşdu. Kollektivin "Azərbaycan toyu" adlı ilk proqramını bəstəkar Üzeyir Hacıbəyov hazırlamışdı. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm idi. Həmin il Azərbaycanın ilk milli sirk truppası kimi yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmamış, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınmışdır. İlk dəfə 1946-cı ildə Bakıda, sonra isə Moskvada və keçmiş SSRİ-nin başqa şəhərlərində nümayiş etdirilən bu proqram, 1951-ci ilədək repertuarda qaldı. Bu tamaşa zamanı səhnədə Azərbaycan toyu, qədim adət və ənənələr canlandırılır, xalq çalğı alətlərinin müşayiəti ilə milli rəqslər və sirk nömrələri ifa edilirdi. Proqramda məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs edən "Ulduz bacıları" — Sona, Şəfiqə və Gülnaz, təlim görmüş itlərlə Maralxanım Şirinova, jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev, "Üç qardaş" akrobat nömrəsi ilə Nikolay Qorkovenko, Xosrov Abdullayev və Viktor Xelaya, ilanoynadan Sofu Cəfərov çıxış edirdilər. Yunis və Yusif Ağayev qardaşlarının "Nəsrəddin və Bəhlul Danəndə" səhnələri, "Zorxana" və milli güləş nümayiş olunurdu. Xalq pəhləvanı Sali Süleymanın, klounlar Qasım Məlikov və Kamal Abdullayevin çıxışları o dövrün ən yaddaqalan nömrələri idi.
1950-ci illərin əvvəlində kollektivin bədii rəhbəri Mikayıl Cəbrayılov mətnlərə Səməd Vurğunun şerlərindən parçalar salıb, milli rəqslərə yenidən quruluş verməklə, yeni musiqi və tərtibat hesabına proqramı yeniləşdirdi. Yeni proqramın bəstəkarları Soltan Hacıbəyov və Tofiq Quliyev, baletmeysteri Ələsgər Hənifəzadə, rəssamı isə Həsən Mustafayev idi. Sirk nömrələri sırasında akrobatlar Nəzirovların, illüziyaçı-manipulyator Mənsur Şirvaninin, ekvilibristlər Xəliluyevlərin, janqlyor Umarın, klounlar Qasım və Bibi oğlunun çıxışları əsas yer tuturdu.
1959-cu ildə Moskvada 2-ci Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında kollektiv "Biz Bakıdanıq" proqramını nümayiş etdirdi. 1965-ci ilə qədər Bakı sirkinin repertuarında qalan bu proqramın ssenari müəllifi Fink, rejissoru Soltan Dadaşov, bəstəkarı Rauf Hacıyev, rəssamı Həsən Mustafayev, kollektivin rəhbəri Fuad Nəzirov idi. Şəfiqə Baxşəliyevanın məftillər üzərində rəqsləri, Səyavuş Şəfiyevin kaskadyorlar qrupunun, akrobat-ekssentriklər Rəsulovların, kəndirbazlar Əlixanovların, janqlyor Xosrov Abdullayevin və təlimçi İsrafil Mirzəyevin nömrələri milli ənənələr əsasında tərtib edilmişdi.
1966-cı ildə Azərbaycan Sirk kollektivinin tərkibi nəzərə çarpacaq dərəcədə dəyişdi və həmin ilin aprel ayının 15-də kollektiv, Bakı Sirkinin səhnəsində "Qayada nişanə" adlı süjetli sirk tamaşasını nümayiş etdirdi. Bu tamaşanın ssenari müəllifləri Soltan Dadaşov, Mikayıl Cəbrayılov, Kukso və Yevgeni Ryabçukov, rəssamları Almaszadə və Falkovski, bəstəkarı Rauf Hacıyev, baletmeysteri Leonov, proqramın bədii rəhbəri Səyavuş Şəfiyev idi. Əsas rolları Ağasala Rəsulov, Şəfiqə Baxşəliyeva, Əsgərov oynayırdılar. Tamaşada həmçinin kəndirbaz Cəmaləddin Zalov, Mərdanovun atlı igidləri, Nina Şubina və Tofiq Axundovun ekvilibr dueti , janqlyor Xanlar Rəsulov, klounlar Şulu və Qulu-Kamal Abdullayev və Qasım Məlikov da çıxış edirdilər.
1967–1990
1967-ci ildə Bakı sirkinin həyatında ən əlamətdar hadisələrdən biri baş verdi. Arxitektorlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi əsasında müasir teatr-sirk avadanlıqları ilə təchiz olunan 2000 yerlik və üç manejə (su, buz, kauçuk) malik sirk binası tikildi. Bu sovet məkanında yeganə sirk binası idi.[3]
Şəkilləri
İstinadlar
- "Dünya sirk ulduzları Bakıda". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
- "Bakı sirkinin keçdiyi yol – ARAŞDIRMA, FOTOLAR". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
- "Bakı Dövlət Sirki: uşaqlar hələ gözləməli olacaq - ARAŞDIRMA". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.