Bakı Bəyannaməsi

Bakı Bəyannaməsi - “Böyük İpək Yolu”nun bərpasına dair tarixi-hüquqi sənəd. “Böyük İpək Yolu”nun bərpasına dair Bakı konfransının çağırılmasına dünyanın aparıcı dövlətləri, xüsusilə ABŞ böyük hazırlıq işləri görmüşdü. Bu baxımdan, 1998-ci il iyunun 23-də ABŞ senatının xarici əlaqələr komitəsi tərəfindən senator Sem Braunbeqin təklif etdiyi “İpək Yolu strategiyası haqqında akt” adlı qanun layihəsinin müzakirə edilib qəbul olunmasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq Azərbaycan Prezidenti H.Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfindən 1998-ci il sentyabr ayında Bakıda “Böyük İpək Yolu”nun bərpa edilməsinə dair beynələxalq konfransın keçirilməsi qərara alınmışdır.[1]

1998-ci il sentyabrın 8-də səhər saat 10-da iştirakçı ölkələrin dövlət bayraqları ilə bəzədilmiş “Gülüstan” sarayında “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans” təntənəli şəkildə öz işinə başladı.

İştirakçı dövlətlər və təşkilatlar

Konfransda Azərbaycan, Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Monqolustan, Niderland, Norveç, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Rumıniya, Ukrayna, Özbəkistan, Finlandiya, Fransa, İsveç, Yaponiya, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi Komissiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Avtomobil Nəqliyyatçıları İttifaqı, Avropa Nəqliyyat Nazirləri Konfransı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının nümayəndə heyətləri iştirak etmişlər. Ümumilikdə konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak etmişdir. Konfransda 9 ölkəyə dövlət başçıları – prezidentlər, bir ölkədən nümayəndə heyətinə baş nazir rəhbərlik etmişdir. Təkcə nümayəndə heyətlərinin üzvlərinin sayı 180 nəfər olmuş, konfransa 20 ölkədən 210 mətbuat nümayəndəsi – jurnalistlər, kütləvi informasiya orqanlarının nümayəndələri dəvət olunmuşdur. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev açaraq bildirmişdir ki, konfrans müstəqil dövlətlərə kömək sahəsində Avropa Birliyinin göstərdiyi səmərəli səylərin nəticəsidir. H.Əliyev 1993-cü ilin mayında qəbul olunmuş «Avropa – Qafqaz – Asiya Transqafqaz nəqliyyat dəhlizi», TRASEKA proqramından bəhs edərək Avropa Birliyi komissiyasının təklifi ilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ermənistan, Tacikstan, Özbəkistan nümayəndələrinin Brüsseldə görüşdüyünü, Avropa – Qafqaz – Asiya Transqafqaz nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq sənəd olduğunu bildirmişdi. Konfransda 45 nümayəndə çıxış etmşdir.

Bakı bəyənnaməsinin əhəmiyyəti və mahiyyəti

Bakıda keçirilən beynəlxalq konfransın sonunda Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və onun texniki əlaqələri; “Bakı Bəyannaməsi”, “Tarixi İpək Yolu”nun bərpası üzrə beynəlxalq konfransın yekun məlumatı” kimi beynəlxalq əhəmiyyət daşıyan üç sənəd imzalandı. Birinci sənəd 14 dövlət tərəfindən imzalandı. “Bakı Bəyannaməsi” ni bir çox dövlətlər imzaladı. Üçüncü sənəd yekun rəsmi məlumatdır ki, bu sənəd 29 dövlətin və Avropa Birliyinin nümayəndə heyətləri tərəfindən imzalandı.[2]

İstinadlar

  1. Əmrahov M. Böyük İpək Yolu. Dərs vəsaiti. Bakı:Mütərcim, 2011, 84 s., s. 64
  2. Əmrahov M. Böyük İpək Yolu. Dərs vəsaiti. Bakı:Mütərcim, 2011, 84 s., s. 67
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.