Bakı-Batum neft kəməri

Bakı-Batum neft kəməriAzərbaycan neftini Qara dəniz sahilinə nəql edən boru kəməri.

Tarixi

Bakı - Batum neft kəməri layihəsi ilk dəfə XIX əsrin 70-ci illərində irəli sürülmüşdü. Əsrin son onilliklərində xaricə ixrac olunan başlıca neft məhsulu ağ neft olduğundan, 1896-cı ildə Bakıdan Batuma məhz ağ neft nəql etmək üçün neft kəmərinin inşası qərara alındı. Mühəndis V.Q.Şuxovun layihəsi əsasında bu boru kəməri hissə-hissə 10 il ərzində çəkildi və 1907-ci il martın 26-da istifadəyə verildi. Boru kəmərinin inşasına və istismarına Cənubi Qafqaz dəmir yolu idarəsi rəhbərlik edirdi. Ümumi uzunluğu 839,36 verst olan Bakı-Batum magistral boru kəmərinə 16 ötürücü stansiya xidmət edirdi. Boruların diametri 8 düymə, divarlarının qalınlığı 4 mm idi. Borularda təzyiqin 50 atmosferə qədər olması nəzərdə tutulurdu. Boru kəməri ilə gündə 240 min pud, il ərzində isə 60 milyon pud kerosin nəql oluna bilərdi.

Ümumi məlumat

Rusiya hökuməti o dövrdə ən uzun boru kəməri olan bu nəhəng texniki kompleksin inşasına 21046 min rubl xərcləmişdi. Birinci Dünya müharibəsi ərəfəsində Bakı-Batum neft kəməri ilə ildə, orta hesabla, 22 milyon pud kerosin ixrac edilirdi. Boru kəmərinin istismarı həmin dövrdə ağ neftin daşınma xərclərini 4 dəfəyə qədər aşağı saldı və hər il Rusiya xəzinəsinə 3 milyon rubldan artıq təmiz gəlir gətirdi. Lakin müharibə başlanandan sonra xarici bazara neft məhsulları ixracı kəskin surətdə azaldığı üçün, müharibənin ilk 2 ilində Bakı-Batum neft kəməri ilə cəmi 3 milyon pud kerosin nəql edilmişdi.

1971-ci ildə Qafqazın daxili ehtiyaclarının ödənilməsi üçün boru kəməri ilə kerosin əvəzinə xam neft vurulmasına keçildi. Həmin il boru kəməri ilə 15,5 milyon pud xam neft nəql edildi. 1918-ci il Cənubi Qafqazda müstəqil dövlətlər elan olunması ilə əlaqədar Bakı-Batum ağ neft kəmərinin müntəzəm və normal işləməsini təmin etmək zərurəti yarandı. Bu məqsədlə 1918 ci il iyunun 24-də Batumda Azərbaycan, GürcüstanOsmanlı nümayəndələri ayrıca saziş imzaladılar. Sazişə görə, tərəflər öz ərazilərində ağ neft kəmərinin normal fəaliyyətini təmin etməyi öhdələrinə götürdülər. Tərəflər, həmçinin boru kəmərinin istismarından əldə edilən gəliri kəmərin öz ərazilərindəki uzunluğuna uyğun olaraq bölməyi razılaşdırdılar və bu sazişin detallarını müəyyənləşdirmək üçün Məmməd Həsən Hacinski, Məhəmməd Əmin Rəsulzadə, N.Ramişvili, Q.Qvazava, Xəlil paşa və Vəhib paşadan ibarət komissiya yaradıldı. Lakin Bakıda hakimiyyəti ələ keçirmiş bolşeviklər və hərbi əməliyyatlar boru kəmərinin normal istismarına imkan vermədi.

1918-ci ilin noyabrında isə Cənubi Qafqaz dəmir yolları, eləcə də Bakı-Batum boru kəməri ingilis komandanlığının sərəncamına keçdi və ingilislər bunların vasitəsilə qısa müddət ərzində 21,1 milyon pud neft daşıyıb apardılar. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti isə yalnız 1919-cu ilin yazında Batum limanı vasitəsilə xarici bazara neft və neft məhsulları ixrac etmək imkanı əldə edə bildi. Bununla bağlı mayın 26-da Bakı-Batum boru kəməri ilə xam neft nəqlindən kerosin nəqlinə keçmək haqqında qərar verildi. Dünya təcrübəsində görünməmiş sürətlə boru kəməri təmizlənib kerosin vurulması üçün yararlı hala salındı.

1919-cu ilin oktyabrın 26-da Azərbaycan Parlamentinin iclasında bu barədə məlumat verən yollar naziri Xudadat bəy Məlik-Aslanov bildirdi ki, hazırda Bakı-Batum boru kəməri normal işləyir və Hökumətə ayda 4 milyon rubl gəlir gətirir. Boru kəməri ilə 1919-cu ilin ikinci yarısında 8,8 milyon pud, 1920-ci iln ilk ayları ərzində isə 9,4 milyon pud kerosin nəql edilmişdi.

Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bağlı olaraq Bakı-Batum boru kəmərindən istifadə olunması yenidən dayandırıldı və onun istismarı yalnız 1923-cü ildə bərpa olundu. [1]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 197-198

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.