Bakı Şəhər Baş Polis İdarəsi

Bakı şəhər Baş Polis İdarəsi - Azərbaycan Respublikası Daxili İşlər nazirliyi tabelliyində dövlət idarəsidir.[1]

Bakı Şəhər Baş Polis İdarəsi
Ümumi məlumatlar
Yaradılma tarixi 1918
Tabelik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Baş qərargah
Rəhbərlik
Rəhbər Əkbər İsmayılov
Birinci müavin Vüqar Ələkbərov
Müavin Eldəniz Məmmədov
Rəsmi saytı bakupolice.gov.az

Tarixi

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin tərkibində 9 nazirlikdən biri kimi Daxili İşlər Nazirliyi yaradıldı. May ayının 29-da bütün yerlərdə əvvəlki mövcud daxili işlər orqanları buraxılaraq yerində yeni Daxili İşlər Nazirliyinin ilk strutukları, o cümlədən Bakı şəhər daxili işlər orqanları və onların rəhbərləri müəyyən edildi. Bakı şəhər daxili işlər orqanları sabitliyi qorumaq, hüququ və birgəyaşayış qaydalarına nail olmaq, dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların həyatını və əmlakın mühafizə etmək, cinayətkarlığa qarşı, digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkənin bütövlüyünə, suverenliyinə, müstəqilliyinə qəsd etməyə çalışan hər hansı daxili və xarici qüvvələrə qarşı mübarizə aparmaq ilk və başlıca vəzifəsi hesab olunurdu. Bakıda buraxılaraq yerində yaradılan yeni daxili işlər orqanları Bakı və onun ətrafına nəzarət edirdi.

1918-ci il iyunun 17-də ikinci hökumət kabineti yarandı. Behbud xan Cavanşir daxili işlər naziri təyin edilir. Onun dövründə Bakı polismeysterliyi Balaxanı-Sabunçu Polis Meysterliyi ilə birləşdirilir.

Azərbaycan Sovet Sosialist Respublikası

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta yetirilir. Respublikada bütün polis orqanları, o cümlədən Bakı polisi yenidən qurulur və "Polis" sözü "Milis" sözü ilə əvəz edilir.

Bakı daxili işlər orqanlarının ilk milis rəisi Hənifə Hüseynov olub.

Azərbaycan Respublikası

1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra daxili işlər orqanları yenidən qurulur və onun sıralarında çalışanlar "Polis" adlandırılır.

Bakı Şəhər Baş Polis İdarəsi daxilində rayonlar üzrə idarələri

Rayonlar üzrə idarələr:[2]

  • Xəzər Rayon Polis İdarəsi
  • Binəqədi Rayon Polis İdarəsi
  • Səbail Rayon Polis İdarəsi
  • Qaradağ Rayon Polis İdarəsi
  • Sabunçu Rayon Polis İdarəsi
  • Nərimanov Rayon Polis İdarəsi
  • Nəsimi Rayon Polis İdarəsi
  • Nizami Rayon Polis İdarəsi
  • Yasamal Rayon Polis İdarəsi
  • Suraxanı Rayon Polis İdarəsi
  • Xətai Rayon Polis İdarəsi
  • Pirallahı Rayon Polis İdarəsi

Bakı Şəhər Baş Polis idarəsi strukturu

Baş Polis idarəsi strukturları:[3][4]

Katiblik — Şəhər daxili işlər orqanlarının fəaliyyətinə dair vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qəbulunu, qeydiyyatını, vətəndaşların qəbulu, kargüzarlıq işini, BPİ-nin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi praktikasının ümumiləşdirilməsini, icra intizamına və məxfilik rejiminə nəzarəti, şifrteleqramalarla işi, normativ aktların çapı və çoxaldılması fəaliyyətini həyata keçirən struktur hissəsidir.

Təşkilati-İnspektor İdarəsi — BPİ üzrə təşkilati-nəzarət funksiyalarını şəhərdə mövcud kriminogen durumun kompleks təhlilinə əsasən hüquq-mühafizə vəzifələrinin həlli və əməliyyat-xidməti fəaliyyətin əsas yönümləri üzrə görüləcək işlərin planlaşdırılmasını, nəticələrinin ümumləşdirilməsini, bu məqsədlərlə BPİ xidmətlərinin, şəhər daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, ştat intizamına, ali hakimiyyət orqanlarının və DİN-in hüquqi-normativ aktlarının icrasına nəzarəti həyata keçirən struktur hissədir.

Növbətçi hissələri idarəetmə xidməti — Bakı şəhərində əməliyyat şəraitinə effektiv nəzarəti, qüvvə və vasitələrinin operativ idarə olunması və daxili işlər orqanlarının növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirən struktur hissədir.

Cinayət-Axtarış İdarəsi — Cinayət-Axtarış İdarəsi cinayətkarlıqla mübarizə, cinayətlərin qarşısının alınması və açılması, təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, xəbərsiz itkin düşmüş şəxslərin, habelə oğurlanmış əmlakın axtarışı, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin müəyyənləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən struktur hissədir.

İstintaq və Təhqiqat İdarəsi — Daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın aparılmasını, baş vermiş cinayət hadisəsi üzrə vaxtında cinayət icraatının başlanmasını, cinayətin baş vermə səbəb və şəraitinin, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, cinayətin tezliklə açılmasını, onun bütün iştirakçilarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını həyata keçirən struktur hissələrdir.

Əməliyyat və Statistik İnformasiya İdarəsi — Statistik məlumatların, hesabatların, məlumat banklarının yaradılmasını, bu banklarındakı məlumatların üzərində iş aparılmasını və onlardan istifadəni, cinayətlərin vahid statistikasının və BPİ sistemində statistikanın aparılmasını təşkil edən, məlumatların işlənməsi və ötrülməsi üzrə avtomatlaşdırılmış sistemin inkşaf etdirilməsini və təkmilləşdirilməsini, arayış-məlumat fəaliyyətini həyata keçirən struktur hissədir.

İctimai Təhlükəsizlik İdarəsi — İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə şəhər daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti həyata keçirən struktur hissədir.

Dövlət Yol Polis İdarəsi - Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatı həyata keçirən struktur hissədir.

Kadrlar İdarəsi — Ərazi polis orqanlarının qarşısında duran vəzifələrin təmin edilməsi üçün zəruri olan peşəkar kadr heyətinin yaradılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, vəzifələrə yerləşdirilməsi və onlara xüsusi rütbələrin verilməsi, əməkdaşların peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi və onların uçotu işinin təşkili və həyata keçirilməsi, habelə şəhər daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə nəzarət funksiyalarını yerinə yetirir.

Bakı Metropolitenində Polis İdarəsi — Metropolitenin və onun xüsusi obyektlərinin mühafizəsini və təhlükəsizliyini, eləcə də metro stansiyalarda ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, baş vermiş hüquq pozuntularının qarşısının alınmasında profilaktiki tədbirləri həyata keçirir.

Kiberməkanda Narkotiklərlə Mübarizə Şöbəsi — Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının onlayn qaydada qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması, narkotik vasitələrdən qeyri-tibbi məqsədlərlə istifadə edən şəxslərin ərazi polis orqanları tərəfindən aşkar edilib qeydiyyata alınmasını, onların ətrafında profilaktik işin istiqamətlərindirilməsini, narkotiklərlə bağlı cinayətlər və istifadə edən şəxslər barədə daxil olmuş müraciətlərə baxılması, narkotik vasitələrdən istifadənin mənfi təsiri və onların yaratdığı təhdidlərlə bağlı maarifləndirmə və təbliğat işinin aparılmasını həyata keçirən struktur hissədir.

Maliyyə-Plan şöbəsi — Şəhər Daxili işlər orqanları əməkdaşlarının əmək haqqı və ödənişlərin işini təşkil edən struktur hissədir.

Kriminalistik Tədqiqatlar şöbəsi — Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və hallarda kriminalistik tədqiqatların aparılmasını təşkil edən, kriminalistik tədiqat fəaliyyəti ilə əlaqədar hüquqları həyata keçirən struktur hissədir.

Təchizat şöbəsi — Xüsusi texnika və vasitələrlə, silah-sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən struktur hissədir.

Komendant taqımı - BPİ-in inzibati binasının buraxılış rejimini, inzibati binanın mühafizəsini, kommunal-istismar təminatını həyata keçirən struktur hissədir.

Rəhbərlər

Baş idarəyə Bakı şəhər Baş Polis İdarəsinin rəisi rəhbərlik edir. Baş İdarənin rəisi Azərbaycan Respublikası Daxili İşlər Naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

İstinadlar

  1. "Bakı Şəhər Baş Polis İdarəsinin tarixi". www.bakupolice.gov.az. 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  2. "Bakı şəhər Baş Polis İdarəsi rayonlar üzrə". mia.gov.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  3. "Bakı Şəhər Baş Polis idarəsi strukturu". Bakupolice.gov.az. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  4. "Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhərinin rayon polis idarələri" (PDF). Baku-ih.gov.az. 2023-12-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-20.
  5. "Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu". www.bakupolice.gov.az. 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.