Bakı İslam Universiteti
Bakı İslam Universiteti — Azərbaycanda ali dini tədris müəssisəsi. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra 2018-ci ildə fəaliyyətini dayandırmışdır.[1]
Bakı İslam Universiteti BİU | |
---|---|
Əsası qoyulub | 1991 |
Bağlanıb | 2018 |
Şəhər | Bakı |
Haqqında
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdır. Bakı İslam Mədrəsəsi SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17 yanvar 1989-cu il tarixli, 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində fəaliyyətə başlamışdır[2]. Bakı İslam Mədrəsəsi struktur baxımından Buxara mədrəsəsi nümunəsi əsasında qurulsa da, tədris proqramı mümkün qədər Azərbaycanın konfessional durumuna yaxınlaşdırılmışdır. Fəaliyyət göstərdiyi müddətdə Bakı İslam Mədrəsəsində 86 tələbə təhsil almışdır.
1991-ci ilin yanvarında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurasının qərarı ilə QMİ-nin 14 yanvar 1991-ci il tarixli 2№-li əmrinə əsasən Bakı İslam Mədrəsəsi Bakı İslam İnstitutuna çevrilmişdir[3]. İnstituta ilk dəfə qəbul imtahanları keçirilmiş və 20 nəfər qəbul edilmişdir. Burada yalnız mədrəsəni bitirmiş gənclər oxumaq haqqı qazanmışlar.
QMİ-nin təşəbbüsü ilə 1992-ci ilin axırlarında Bakı İslam İnstitutu Bakı İslam Universiteti adını aldıqdan sonra tədris müəssisəsinə qəbul olanların sayında artım müşahidə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarına əsasən universitetin yeni adı rəsmən təsdiq olunmuşdur[4].
Hazırda universitetdə "İslamşünaslıq" və "Şəriət" fakültələri var. İndiyədək Bakı İslam Universitetinin təxminən 1350 məzunu olmuşdur (2012). 1995-ci ildən universiteti bitirən tələbələrdən 450 nəfəri xarici ölkələrdə təhsil almağa göndərilib[5].
2009-cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermişdir. Həmin razılığa əsasən Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır. Lisenziyaya uyğun olaraq, bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 il müddətində olacaq[6].
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Bakı İslam Universiteti üçün keçid balının 100 bal müəyyənləşdirilmişdir.
Bakı İslam Universiteti 2006-2010-cu illərdə əsaslı təmir olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli, 163№-li sərəncamına əsasən Bakı İslam Universiteti 135 saylı şəhadətnaməilə qeydiyyata alınıb.
Universitetin rektoru Hacı Sabir Həsənlidir. Universitetin müəllim heyətinin əksəriyyəti BİU-nun öz məzunlarıdır.
Şöbələri
Hazırda universitetin dörd yerli şöbəsi fəaliyyət göstərir:
- Mingəçevir - tələbə qəbulu 2008-ci ildən dayandırılmışdır.
- Sumqayıt - tələbə qəbulu 2008-ci ildən dayandırılmışdır.
- Lənkəran - tələbə qəbulu 2008-ci ildən dayandırılmışdır.
- Zaqatala - qəbul prosesi davam edir.
Həmin şöbələr 2002-ci ilə kimi filial idi və hər biri universitetə qəbulu fərdi şəkildə həyata keçirirdi. Həmin ildən başlayaraq universitetə qəbul mərkəzləşmiş şəkildə yalnız Bakıda həyata keçirilir.
İstinadlar
- "Azərbaycanda universitet bağlandı" (az.). oxu.az. 24 sentyabr 2018. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokolu
- QMİ-nin 14.01.1991-ci il tarixli 2№-li əmrinə
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01.03.1994-cü il tarixli qərarı
- "Bakı İslam Universitetinə lisenziya verilib". 2009-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-13.
- "Bakı İslam Universiteti lisenziya aldı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-04.
Həmçinin bax
- Rəsmi veb saytı Arxivləşdirilib 2013-10-14 at the Wayback Machine
- Azərbaycan İlahiyyat İnstitutu
- Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi