Badamlı

BadamlıAzərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq.[1]

Badamlı
Növü Mineral su
Alkoqol yoxdur
İstehsalçı "Badamlı Mineral Sular" MMC
Yaradıldığı il 1947
Rəngi şəffaf
badamli.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir.[2] 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır.

Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir.

Badamlı mineral su yatağı

Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir. Badamlı bir neçə bulaqdan ibarət qrup təşkil edir.[3] Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik məhsuldarlığı 1.1 milyon lt-dir. Badamlı suyunun tərkibində hidrokarbonat, maqnezium, kalsium, natrium, kalium, yod və digər faydalı minerallar var. Bu bulaqların ümumi minerallaşması 0,4–7,4 q/lt-dir, temperaturu 17–22 °C-dir. PH dəyəri isə 7.5-dir.

Bulaqlar üst təbaşirin argillitlərimergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Suyun tərkibində yod, brom, misborat turşusu var.[4]

Badamlı suyunu mədə-bağırsaq, sidik yolları və qara ciyərin bəzi xəstəlikləri zamanı içmək faydalıdır. Hal-hazırda istismar olunan "Badamlı 5" bulağının minerallaşma dərəcəsi nisbətən az olduğundan süfrə suyu sayılır. Bulağın ümumi minerallıq dəyəri 450 mq/litrdir. Bu elə bir dəyərdir ki, istifadə edildiyi təqdirdə insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır, bununla yanaşı uzun müddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır. "Badamlı 5" bulağının istismar ehtiyatı 700 m³/gün hesablanmışdır (1972).[5]

Badamlı mineral sular zavodu

Badamlı zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərirdi. 1970-ci və 1980-ci illər arasında həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90%-i Azərbaycandan kənara göndərilirdi. 1990-cı ildə Badamlı zavodunun fəaliyyəti yenidən bərpa edilmişdir. Zavod 1999-cu ildə "Naxçıvan Mineral Sular İstehsalat Birliyi"-nin tərkibindən çıxmışdır. 2004-cü ildə isə özəlləşdirilmişdir.

Naxçıvan şəhərində 2008-ci ilin avqust ayında tikintisinə başlanmış zavod 2,1 hektar ərazidə yerləşirdi. Binanın ümumi sahəsi 4 min 590 m², istehsal sahəsi isə 3 min 600 m² idi. Müəssisəyə Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr idi.

2017-ci ildə Badamlı bulağının mənbəyində 4 hektar ərazidə, ümumi sahəsi 10590 m² olan yeni Badamlı istehsalı müəssisəsinin tikintisinə başlanılmışdır.

Müəssisə 2020-ci ilin əvvəllərində Badamlı qəsəbəsində bulağa 60 metrlik məsafədə istifadəyə verilib.

Badamlı suları "Badamlı Mineral Sular" MMC tərəfindən Avropa və dünyada qəbul edilən ən yüksək texnologiyaların tətbiqi əsasında, qapalı şəraitdə insan təması olmadan qablaşdırılır. Müəssisədə ISO 22000 Qida Təhlükəsizliyi sertifikatı mövcuddur və məhsullar dünya standartlarına cavab verir. Müəssisədə həyata keçirilən qablaşdırma prosesi Fransanın "Sidel" firmasının istehsalı olan avadanlıqlar vasitəsi ilə aparılır. Bununla yanaşı müəssisədə Almaniya və ABŞ istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya mövcuddur. Burada suyun keyfiyyətinə mütəmadi nəzarət olunur, fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlər aparılır. "Badamlı" qazlı və qazsız olmaqla müxtəlif həcmli qablaşmalarda istehsal olunur. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.[6]

Badamlı hal-hazırda Azərbaycan bazarı ilə yanaşı Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İraq Respublikası, Qazaxıstan Respublikası kimi xarici dövlətlərə ixrac olunur.

2021-ci ildə Şirkətin bazardakı kimliyi, kommunikasiya vasitə və üsullarında daha dayanıqlı olması, müştərinin istək və ehtiyaclarında daha həssas, müsbətyönümlü inkişaf və dəyişiklik yaratmaq, su istehlakçılarının loyallığının artırılması, brendin hazırkı vəziyyətinin daha yaxşıya doğru təkmilləşdirilməsi məqsədi ilə Rebrendinq edilmişdir.

Mədəniyyətdə

Badamlı istehsal olunduğu gündən bəri insanlara bəxş etdiyi sərinlik və xoş əhval ruhiyyəsinə görə dillər əzbəri olmuş və adına musiqilər bəstələnmişdir. Badamlı suyunun təravəti və şöhrəti Rəşid Behbudov, Anatollu Qəniyev kimi karifey sənətkarların da diqqətindən yayınmamış, ifalarında öz əksini tapmışdır.

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.73.
  2. "Təbiətin yaratdığı möcüzə – "Badamlı" mineral süfrə suyu". serqqapisi.az. 17 İyul 2020 tarixində arxivləşdirilib.
  3. "Azərbaycanın ilk qablaşdırılmış süfrə suyu-Badamlı". frame.az. 17 İyul 2020 tarixində arxivləşdirilib.
  4. "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''
  5. "Mineral su nədir?". www.badamli.az. 3 oktyabr 2022 tarixində arxivləşdirilib.
  6. "Adıyla və dadıyla". www.badamli.az. Archived from the original on 2022-10-03.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.