Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi.
Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir.
Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar.[1]
Azərbaycan memarlığında baştağlar
Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur.
Həcm-məkan baştağlar
Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Eyvan baştağlar
Eyvan baştağlar yenə Şirvanşahlar sarayı məscidində, Qusar, Quba rayonlarındakı türbələrdə, Nardaranda, Gəncədəki qədim tikililərdə özünü göstərir. Balaxana ilə birləşdirilmiş baştağlara Bakıda, Ordubadda, Qubada, Ramanada, Səngəçalda qorunan abidələrdə rast gəlinir.
Darvaza baştağlar
Darvaza baştağlardan Şuşa, Şamaxı, Gəncə, Ordubad bölgələrinin memarlığında daha çox istifadə olunub.
Bakının İstiqlaliyyət küçəsində İsmailiyyə binasının, Ədəbiyyat Muzeyi binalarındakı baştağlar bu binaların möhtəşəm görünüşündə mühüm rol oynayır.
İstinadlar
- "Milli memarlıq elementləri: Baştağlar". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.