Başqırdıstan musiqisi
Başqırdıstan musiqisi — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Başqırdıstan mədəniyyətinin bir qolu.
Tarixi
Başqırdıstan ənənəvi musiqi mədəniyyətinin əsasını başqırd və tatar xalq yaradıcılığı təşkil edir[1]. Başqırd şifahi peşəkar sənətinin formaları şair-müğənnilərin (yırau, sesen) və kurayda çalanların (kuraysı) yaradıcılığında yaranmışdır[1]. XVIII əsrdə Başqırdıstanda mülkədar kapellaları ilə əlaqədar musiqi ifaçılığı formaları yayılmışdır. XVIII əsrin sonu – XIX əsrdə diyarın musiqi-teatr həyatına sürgün edilmiş polyak məskunlar təsir göstərmişlər. Onlar orkestr təşkil edir, musiqili tamaşalar qoyur, rəqs gecələri keçirir, musiqi dərsləri verirdilər[1]. XIX əsrin ikinci yarısından Ufada aktiv musiqi həyatı inkişaf etmişdir: 1870–1880-ci illərdə skripkaçı D.N. Sevastyanovun rəhbərliyi ilə kvartet gecələri keçirilirdi; 1885–1906-cı illərdə simfonik orkestrin iştirakı ilə konsertlər verilirdi. Milli maarifçilik mərkəzlərindən biri 1906–1919-cu illərdə fəaliyyət göstərmiş "Qaliyə" mədrəsəsi idi; burada musiqi də tədris olunurdu. A.A. Alyabyevin "Asiya nəğmələri" və "Başqırd uvertürası" başqırd folkloru əsasında yazılmış ilk musiqi əsərlərindəndir. 1901-ci ildə A.T. Qreçaninov tərəfindən 50-yə yaxın başqırd nəğməsi işlənilmişdir. Başqırd folklorunun öyrənilməsinə XIX əsrin sonlarından başlanılmışdır[1].
Bəstəkarlıq
1920-ci illərdən Başqırdıstanda peşəkar bəstəkarlıq və ifaçılıq sənəti inkişaf etmiş, musiqi tədrisi müəssisələri şəbəkəsi yaradılmışdır: 1920-ci ildə Ufada ilk musiqi məktəbi, 1922-ci ildə musiqi texnikumu, 1960-cı ildən onun bazasında İncəsənət məktəbi açılmışdır. İlk milli musiqili komediyaların müəllifi X.K. İbrahimov olmuşdur, pyeslərə musiqini K.Y. Rəhimov yazmışdır. 1938-ci ildə Ufada Başqırdıstan opera və balet teatrı, 1939-cu ildə filarmoniya, 1940-cı ildə Bəstəkarlar İttifaqının Başqırdıstan şöbəsi açılmışdır[1]. 1993-cü ildə filarmoniyanın Sibay şəhərində filialı açılmışdır; tərkibində 1969-cu ildən Xor kapellası fəaliyyət göstərir[1].
Tanınmış xadimləri
Başqırd musiqiçilərindən M.M. Valeyev 1939-cu ildə ilk milli "Xakmar" operasının müəllifi olmuş, 1940-cı ildən isə Bəstəkarlar İttifaqının Başqırdıstan şöbəsinin ilk sədri olmuşdur[1].
X.Ş. Zaimov, R.A. Murtazin Başqırdıstan musiqi mədəniyyətini əhəmiyyətli dərəcədə zənginləşdirmişlər. XX əsrin ikinci yarısında Z.Q. İsmagilov, A.S. Klyuçaryov, R.A. Murtazin, X.F. Axmetov, N.Q. Sabitov, X.Ş. Zaimov, A.Q. Çuqayev, Ş.Z. Kulborisov, T.Ş. Karimov, R.M. Xasanov, M.Axmetov, S.A. Nizamutdinov musiqi-teatr əsərləri yaratmışlar. Simfonik, kamera-instrumental və vokal musiqisinin inkişafı Z.Q. İsmagilov, X.F. Axmetov, R.A. Murtazin, N.Q. Sabitov, X.Ş. Zaimov, R.V. Salmanov, Ş.Ş. İbrahimov, D.D. Xasanşin və başqalarının adları ilə bağlıdır[1].
Digər musiqi xadimləri bunlardır: dirijorlar Q.X. Mutalov, N.Q. Sabitov, xor dirijorları A.Q. Tixomirov, Ş.Ş. İbrahimov; müğənnilər Q.S. Almuxammedov, M.A. Axmetzyanova, B.N. Valeyeva, Q.S. Xabibullin, M.X. Xismatullin, M.Q. Saliqaskarova, kurayçalan Y.M. İsyanbayev[1].
Orkestrlər
1993-cü ildən "Başqırdıstan solistləri" kamera orkestri, 1994-cü ildən Milli simfonik orkestri fəaliyyət göstərir[1].
Cəmiyyətlər
Başqırdıstanda 1959-cu ildə Xor cəmiyyəti, 1988-ci ildə onun bazasında Musiqi cəmiyyəti yaradılmışdır[1].
Müsabiqə və festivallar
Başqırdıstanda musiqi sahəsində bir sıra müsabiqə və festivallar təşkil olunur[1]. Belə ki, 1978-ci ildən kuray, kubız ifaçıları və uzlyau müğənnilərinin respublika müsabiqəsi, 1995-ci ildən Salavat şəhərində Ümumrusiya xor dirijorları müsabiqəsi, 1995-ci ildən N.Q. Sabitov adına Ümumrusiya pianoçular müsabiqəsi, 1983-cü ildən Ural və Volqaboyu bəstəkarlarının festivalı keçirilir[1].
İstinadlar
- BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)