Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı.
Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi.
Bəst 19 əsrdə
Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur. Təbriz qiyamçıları Təbrizdə bəst oturdular. Tehran imam cüməsi mirzə Əbülqasım bəst edənləri dəstəklədi. Əmir Kəbir Tehran imam cüməsini ingilislərlə işbirliyində, islahatlara dəstək olmamaqda suçladı. İmam cümə şahın dəstəyini qazanmağa çalışsa da buna nail ola bilmədi və etirazın başçılarını Əmir Kəbirə təslim etməyə məcbur oldu. Bundan sonra Əmir Kəbir bəst adətini ləğv etmək qərarına gəldi. Əmir Kəbirin imam cümədən Tehranda, bəsti ləğvini sanksiyalaşdırmaq üçün, ali ruhanilərin yığıncağını keçirməyi tələb etdi. Ancaq Təbriz imam cüməsi Əmir Kəbirin iradəsinə qarşı çıxdı, o Tehrana gəlmədi, onun güclə Tehrana gətirilməsinin qarşısını almaq üçün isə təbrizlilər onun evinin qarşısında qarovul təşkil etdilər. Ancaq Əmir Kəbir bəst yerlərinin məhdudlaşdırılmasına nail oldu. 1850 ildən bəst yerləri kimi: Məşhəddəki İmam Rza, Qumdakı Fatimə məscidləri, eləcə də, Tehranda Şah Əbdül Əzim məscidi, şahın və sədr-əzəmin at ahırları hesab olunurdu. Sonralar bu siyahıya xarici ölkələrin səfirlikləri və elçilikləri də daxil oldu.[1]
Bəst 20 əsrdə
Bəst 20 əsrdə Bəst sözünün bir başqa mənası etiraz əlaməti olaraq bazarların, emalatxanaların, karxanaların və sairə işinin dayandırılması idi. Belə olan halda bəst edənlər, yerə otururdular. Bundan belə nəticəyə gəlmək olar ki, tətil bir etiraz forması kimi Şərqdə Avropadan əvvəl mövcud olub. Məsələn 20 əsrin əvvəllərində Bakıda neft mədənlərində işləyən cənubi azərbaycanlı fəhlələr etiraz forması kimi tez-tez bəst edirdilər. Məşrutə inqilabı (1905–1911) dövründə "vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı[2].
İstinad
- Очерки новой истории Ирана. Издательство "Наука"Главная редакция восточной литературы. Москва 1978. səh. 105
- Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səh.286