Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür.
Ümumi məlumat
Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar:
Boynu bükük bənövşəm,
Könlü sökük bənövşəm.
Qar üstündən boylanan,
A dərdlərə haylanan,
Yaz ətirli bənövşəm!
Yaz ətirli bənövşəm!
Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar.
Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə?
Oyunun qaydaları
Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Qrupu yara bilməzsə, o qrupda qalır və digər qrup oyuna davam edir. Qırıla bilən qrup azalmağa davam edir, komandada 1 nəfər qalanda oyun bitir. Oyun qrupu yara bilməyənə qədər və ya qrup bitənə qədər davam edir . A ve B qruplarının dediyi ifadələr:
A: Bənövşə
B: Bəndə düşə
A: Bizdən sizə kim düşə
B: Adı gözəl özü gözəl (Məs: Əli)
Əli A qrupundan B qrupuna sürətlə gələrək qrupda əl-ələ tutan uşaqları ayırmağa çalışır.
I
Bir neçə uşaq cəm olub sanama yolu ilə iki usta(başçı, dəstəbaşı və ya molla) seçirlər. Sonra ustalar (başçı, dəstəbaşı və ya molla) təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedərək oyun iştirakçıları olan oğlan və qızlar iki dəstəyə bölünüb bir-birindən 10–15 m aralı üzbəüz dayanır və əl-ələ tutub sıra dəstə düzəldirlər.[1] Oyuna başlayan dəstə iştirakçıları bir-birilə deyişirlər:
1-ci dəstə: Qıy qılınc, qıy qılınc.
2-ci dəstə: Qıyma qılınc.
1-ci dəstə: Ox atdım.
2-ci dəstə: Oğru tutdum.
1-ci dəstə: Bənövşə.
2-ci dəstə: Bəndə düşə.
1-ci dəstə: Bizdən sizə kim düşə?
2-ci dəstə: Sizdən bizə
Adı gözəl, özü gözəl
Filankəs düşə (adı ilə deyilir).
2-ci dəstə elə uşaq seçməyə çalışır ki, … onların səfini yara bilməsin. Adı çəkilən qaçaraq rəqib dəstənin səfini yarıb o biri tərəfə keçə bilsə, həmin dəstədən bir nəfəri özü ilə dəstələrinə əsir aparırdı. Hərgah keçə bilməsə, özü onların dəstəsinə qoşulmalı idi. Oyunçuların hamısını öz tərəfində saxlayan dəstə qalib hesab edilirdi. Göründüyü kimi, oyun uşaqları həyatla üzləşdirir, ətrafdakılarla, təbiətlə ünsiyyətə dəvət edir, onun bilik almasına, əmək vərdişləri əldə etməsinə, hərəkət fəaliyyətinin təkmilləşdirilməsinə kömək edir.[2]
II
Uşaqlar özlərinə iki başçı (molla) seçirlər. "Halay-halay" gəlməklə iki dəstəyə ayrılırlar. Dəstələr bir-birindən yüz addım aralı əl-ələ tutuşub dayanırlar. Başçılardan biri o birisinə deyir:
- Bənövşə!
O birisi cavab verir:
— Bəndə düşə!
Əvvəlki molla deyir:
— Bizdən sizə kim düşə?
O biri molla uşaqların birinin adını çəkib deyir:
— Əli, yaxud Qəmər düşə!
Əli, ya Qəmər cərgədən ayrılıb yüyürə-yüyürə əl-ələ tutuşmuş uşaqların səfini yarmalıdır. Burada güclulük əsas şərtlərdəndir. Əgər oyunçulardan biri güç verib əl-ələ tutuşmuş uşaqların əlini bir-birindən ayırsa, o biri tərəfə keçə bilsə, bir uşaq da götürüb yenə öz əvvəlki yerinə qayıdır. Yox, əgər keçə bilməsə, orada qalmalı, o dəstəyə qoşulmalıdır. Hansı tərəf uşaqların hamısını öz tərəfində saxlaya bilsə, o dəstə oyunda qalib gəlir, o biri tərəfi töhmətləyir.[3]
İstinadlar
- Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 63.
- Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 480. ISBN 978-9952-34-152-2
- Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh. 46.