Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir.
"Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər.
Həmçinin bax
- Ritorika
- Ritorik fiqurlar
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. 604 səh. ISBN 978-9952-441-07-9.