Ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər:
- Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır.
- Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir.
- Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır.
- Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır.
- Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır.
Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür:
Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Lirik növ
Lirik növ əsasən nəzmlə verilir. Burada duyğuların, psixoloji ovqatın emosional ifadəsi və tərənnüm anlayışı əsas yer tutur. Bu növə xalq nəğmələri, bayatılar, nəğmələr, aşıq şeirləri, qəzəllər, qəsidələr, müxəmməslər, mürəbbelər və s. janrlar daxildir[1]. Lirik növə aid həmin janrların əsas obrazı lirik qəhrəmandır. Lirik əsərlərini fərqləndirən xüsusiyyətlərdən biri də nitqin, ifadənin ekspressiv funksiyasıdır (intonasiya). Lirikada müəllifin –şair sənətkarın həyata münasibəti emosional şəkildə verilir.
Epik növ
Epik sözü "epos" sözündən götürülüb, "söz, hekayə, mahnı" deməkdir. Epos sözü ədəbiyyatımızda "dastan" sözünü də əvəz edə bilir ("Koroğlu" eposu). Epik növ təhkiyə, nəql etmə , nağıl etmək yolu ilə yazılır[2]. Epik növün janrları yazıçıya həyat hadisələrini oxucuya hərtərəfli çatdırmağa imkan yaradır. Epik növ əsasən nəsr şəklində olur. Bu növdə həyat hadisələri ətraflı təsvir edilir. Süjet xətti geniş və çoxşaxəlidir. Epik növdə təhkiyə və təsvir əsas yer tutur. Bu növə xalq nağılları, dastanlar, hekayələr, povestlər, romanlar, poemalar, oçerklər, novellalar daxildir.
Dramatik növ
Dramatik növ həm nəzmlə, həm də nəsrlə verilir. Bu növdə yazılan əsərlər səhnədə oynanılmaq, tamaşaçılar qarşısında ifa edilmək üçündür. Dramatik növdə əyani göstərmə əsas yer tutur. Buraya xalq oyunları, meydan tamaşaları, faciələr, pyeslər, komediyalar daxildir.[3]Dram əsərləri əsasən səhnədə tamaşaya qoyulmaq üçün yazıldığından, o, digər ədəbi növlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Dram əsərlərində müəllif epik-lirik təsvirlərdən, hadisələr, obrazlar haqqında mühakimə yürütmək imkanlarından məhrumdur. Müəllif öz fikrini, ideyasını obrazların nitqi vasitəsilə verir. Bu tipli əsərlərdə obrazların nitqi özünü iki şəkildə göstərir: monoloq, dialoq. Monoloq qəhrəmanın özünün özü ilə, dialoq isə digər iştirakçılarla danışmasına deyilir.
Ədəbiyyat qanunauyğunluqları
Ədəbiyyatın özünəməxsus qanunauyğunluqları var. Bu qanunauyğunluqları, prinsipləri öyrənən elmə ədəbiyyatşünaslıq deyilir.
İstinadlar
- "Ədəbiyyatda lirik növ" (PDF). 2016-03-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- "Ədəbi növlər və janrlar". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- "Dramatik növ və onun janrları". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
Xarici keçidlər
- Babayev Yaqub. Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII–XIV əsrlər). Bakı: ADPU, 2008.
- Babayev Yaqub. XIII–XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu. Bakı: "Elm və təhsil", 2009.
- Babayev Yaqub. Təriqət ədəbiyyatı: sufizm, hürufizm (ali məktəblərin filolji fakültələri üçün dərs vəsaiti). Bakı: "Nurlan", 2007.