Bədiüzzaman mirzə Səfəvi
Bədiüzzaman Mirzə Səfəvi (həmçinin 1624-cü ildən sonra Şahnəvaz xan) — Səfəvi sülaləsindən gələn şahzadə və Böyük Moğol imperiyası sarayında ən güclü əmirlərdən biri. Moğol imperatoru Sultan Şahcahanın hakimiyyəti dövründə onun gücü özünün zirvəsinə çatmışdır. Bədiüzzaman Mirzə Səfəvi moğol imperatoru Övrəngzibin və onun oğlu şahzadə Murad Baxşın qayınatası olmuşdur.
Bədiüzzaman Mirzə Səfəvi | |
---|---|
Şəxsi məlumatlar | |
Digər adları | Şahnəvaz xan və ya Mirzə Dəkkən |
Doğum tarixi | Bilinmir |
Doğum yeri | Herat, Səfəvi imperiyası |
Vəfat tarixi | 14 mart |
Vəfat yeri | Əcmər, Racastan, Böyük Moğol imperiyası |
Vəfat səbəbi | Döyüş |
Dəfn yeri | Əcmər Şərif dərgahı, Əcmər, Racastan, Hindistan |
Dəfn tarixi | 1659 mart |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Nauras Banu Bəyim |
Uşaqları |
Dilras Banu Bəyim Səkinə Banu Bəyim Mirzə Məhəmməd Əhsən Səfəvi Mirzə Müəzzəm Səfəvi |
Atası | Sultan Rüstəm mirzə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Böyük Moğol imperiyası ordusu |
Xidmət illəri | 1624-1659 |
Həyatı
Sultan Rüstəm mirzənin oğlu idi.[1] Bədiüzzaman Mirzə Səfənin aid olduğu Səfəvi sülaləsi tirəsinin kökü I İsmayılın oğlu Bəhram Mirzəyə gedib çıxırdı. O, Nauras Banu Bəyimlə evlənmişdi. Nauras Bəyim Mirzə Məhəmməd Şərifin qızı idi və onların bu evlilikdən iki oğlanları və beş qızları olmuşdu.[2] Onların övladlarından biri də Dilras Banu Bəyim idi ki, keçmiş şahzadə Muhi-ud-din, yəni imperator adı ilə Övrəngziblə 1637-ci ildə evlənmişdi. Övrəngzib moğol imperatoru Sultan Şahcahanın üçüncü oğlu idi. Onun bir digər qızı Övrəngzibin kiçik qardaşı Murad Baxşla 1638-ci ildə ailə qurmuşdu.[3][4]
Fəaliyyəti
Cahangir şahın sarayında əsas yerlərdən birini tutmuşdur. 1633-1636-cı ildə Aqra qarnizonunun komandiri, 1636-1640-cı illərdə quşbəyi, 1640-1643-cü ildə Orissa hakimi, 1643-1647-ci ildə Caunpur qarnizonunun komandiri, 1648-1650 və 1652-1653-cü illərdə Məlva, 1648-1649 və 1657-1658-ci illərdə Dəkkə, 1653-1657-ci illərdə Aud, 1658-1659-cu illərdə Qucarat hakimi olmuşdur. 1649-1650-ci illərdə şahın oğlu Murad Bəxşin atabəyi idi. O, Murad Baxş ilə birlikdə Dəkkəni də idarə etmişdi.
Bədiüzzaman Mirzə Səfəvi 1658-ci ildə kürəkəni Övrəngzib tərəfindən Burhanpur qalasında həbs edildi. Ona qarşı əsas ittiham hakimiyyət uğrunda mübarizə aparan Dara Şükuh və Övrəngzib arasında Dara Şükuhu dəstəkləməsi idi. Bədiüzzaman Mirzə Səfəvi vərəsat savaşında öz kürəkəni əvəzinə, onun böyük qardaşı Dara Şükuhu dəstəkləməkdə idi. Qeyd etmək lazımdır ki, Dara Şükuh Sultan Şahcahanın böyük oğlu idi və əvvəlki imperator sağlığında onu özünə varis seçmişdi. Gümanki, Bədiüzzamanın seçim etməsində bu amil mühüm rol oynamış və Övrəngziblə münaqişə yaranmasına səbəb olmuşdu. Həbs edilən Bədiüzzaman Mirzə 7 ay həbsdə qaldı və daha sonra Dilras Banu Bəyimdən olma nəvəsi Zeb-un Nisə Bəyimin müdaxiləsi ilə həbsdən azad edildi. Zeb-un Nisə Bəyim babasını həbsdən buraxmasını öz atasından xahiş etmişdi. Azad edildikdən sonra o, Qucaratın canişini təyin edildi.[5][6]
Ölümü
Bədiüzzaman Mirzə Səfəvi və ya digər adı ilə Şahnəvaz xan Səfəvi 14 mart 1659-cu ildə Əcmər döyüşündə həyatını itirdi və Övrəngzibin əmri ilə Racastanda yerləşən Əcmər Şərif dərgahında dəfn edildi.[6]
Ailəsi
- Mirzə Məsum xan (ö. 1670) — Tarxat qarnizonu rəisi.
- Dilras Banu Bəyim — Övrəngziblə evlənmişdi.
- Səkinə bəyim — Şahzadə Murad Bəxş ilə evlənmişdi.
- 3 başqa qız
Həmçinin bax
İstinadlar
- Koch, 1997. səh. 104
- Indian Historical Records Commission (1921). Proceedings of the ... Session. III. 1921. səh. 18.
- Krynicki, 2005. səh. 1, 84, 92
- Waldemar, 1986. səh. 124
- Balabanlilar, 2015. səh. 186
- Sarkar, 1925. səh. 35
Mənbə
- Ebba Koch. King of the world: the Padshahnama. Azimuth Ed. 1997.
- Annie Krieger-Krynicki. Captive Princess: Zebunissa, Daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN 9780195798371.
- Hansen Waldemar. The Peacock Throne: The Drama of Mogul India. Motilal Banarsidass. 1986.
- Lisa Balabanlilar. Imperial Identity in the Mughal Empire: Memory and Dynastic Politics in Early Modern South and Central Asia. I.B.Tauris. 2015. ISBN 0857732463.
- Sir Jadunath Sarkar. Anecdotes of Aurangzib. M.C. Sarkar & Sons. 1925.