Böyrəküstü vəzilər

Böyrəküstü vəzilər - lat. glandulae suprarenales cüt daxili sekresiya vəzilərindən olub, böyrəklərin yuxarı ucları üzərində yerləşmişdir. Sağ vəzi üçbucağa və sol vəzi ayparaya bənzəyir; səthləri qabarıqdır, rəngləri sarımtıl və konsinstensiyaları yumuşaqdır. Böyüklərdə hər vəzinin çəkisi 11-18 q (ya 7-20 q) olur; uzunluğu 4-6 sm, eni 2-3 sm və qalınlığı 3–6 mm-dir.

Böyrəküstü vəzilər
Endokrin sistemi
Endokrin sistemi
Böyrəküstü vəzilər
Böyrəküstü vəzilər
Latınca Glandula suprarenalis
Qrey subyekt 277 1278
Sistem Endokrin
Üzv Daxili sekresiya
Arteriya lat. art. suprarenalis superior, media et inferior
Vena lat. v. centtralis, v. suprarenalis
Sinir lat. plexus celiacus, renalis et suprarenalis
Limfa lat. nodi. lymphatici paraaorticae, nodi. lymphatici retrovenosa, nodi. limphatici mediastinales posteriores
Embrional Seyloma epiteli
MeSH Adrenal+Glands
Dorlands/Elsevier Adrenal gland
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quruluşu

Böyrəküstü vəzinin ön səthi - lat. facies anterior, dal səthi - lat. facies posterior və aşağı basıq - böyrək səthi - lat. facies renalis vardır. Ön səthi qonşu üzvlərə söykənmiş; bunun üzərində damarlara məxsus qapısı - lat. hilus vardır, dal səthi zəif surətdə diafraqmanın bel hissəsinə və böyrək səthi böyrəyin yuxarı ucuna söykənmişdir. Bunalardan başqa hər vəzin iki kənarı - lat. margo superior et medialis vardır. Böyrəküstü vəzi piy təbəqəsindən başqa lifli kapsul ilə əhatə olunmuşdur. Kapsul lifli birləşdirici toxumadan təşkil olaraq, vəzin daxilinə çıxıntılar buraxır və beləliklə onun stromasını əmələ gətirir. Stroma arasında isə vəzi elementləri (parenxim) yerləşmişdir. parenxim özü iki maddədən təşkil olmuşdur; qabıq maddə - lat. cortexbeyin maddə - lat. medulla. Qabıq maddə beyin maddədən sərt və qalındır; mikroskopik qurluşu cəhətcə üç məntəqədən təşkil olunmuşdur:

  1. xarici yumaqcıqlı məntəqə - lat. zona glomerulosa qrup ilə düzülmüş kürəvi hüceyrələrdən ibarətdir;
  2. orta dəstəli məntəqə - lat. zona fasciculata uzunsov və paralel dəstələr əmələ gətirir;
  3. daxili tor məntəqə - lat. zona reticularis bir çox çarpazlaşmış hüceyrələrdən əmələ gəlmişdir.

Bu məntəqələri təşkil edən hüceyrələrin daxilində lipoid vardır. Beyin maddə olduqca böyük poliqonal hüceyrələrdən ibarətdir; bunlar adacıq və ya zolaq şəklində qruplar əmələ gətirərək, beyin maddəsinə enli ilgək toru şəklini verir. beyin maddəni təşkil edən hüceyrələrin protoplazmasında kiçik dənəciklər vardır; bunlar xrom duzları ilə sarı rəngə boyandıqları üçün xromaffin bə ya fenoxrom hüceyrələri adını alır. Beyin maddədə bir çox simpatik sinir hüceyrələri də vardır. Qabıq və beyin maddələrini təşkil edən hüceyrələrin arası böyrəküstü vəzi stroması ilə tutulmuşdur.

Topoqrafiyası

Böyrəküstü vəzilər peritondan xaric üzvlərdən olub, qabırğaaltı nahiyədə on birinci döş fəqərəsinin bərabərində peritonarxası piy təbəqəsində yerləşmişdir və böyrəklərlə bərabər lat. fascia renalis ilə əhatə olunmuşdur; ancaq böyrəklər ilə böyrəküstü vəzi arasında nazik piy təbəqəsi vardır. sağ böyrəküstü vəzi qaraciyərin arxasına söykənmişdir və çox vaxt periton ilə örtülü olmur, bəzən isə kaudal hissəsi parietal periton ilə örtülür. Sol böyrəküstü vəzinin yuxarı hissəsi periton ilə örtülü olub, mədəyə, dalağa və aşağı hissəsi mədəaltı vəzinin quyruğuna söykənmişdir.

İnkişaf və anomaliyaları

Vəzi təşkil edən qabıq və beyin maddələr müxtəlif mənbələrdən inkişaf edir. Qabıq maddə böyrəkarası (interrenal) sistemə aid olub 6 mm boyunda olan embrionda arxa ümumi bağırsaq çözünün yanlarında ikinci bədən boşluğunun (seylomanın) epitelindən inkişaf edir. İlk embrional dövrdə vəzin mayası təkcə qabıq maddəsindən ibarət olur. Beyin maddə xromaffin ya adrenal sistemə aid olub 19 mm boyunda olan embrionda simpatik kötüyün mayasındakı simpatoqonilərdən (bunlardan diferansasiya edən xromaffinoblastlardan) inkişaf edir və tədricən böyrəküstü vəzinin qabıq maddəsinin mayasına içəri tərəfdən daxil olur və beləliklə bütöv bir üzv əmələ gəlir. Aşağı sinif heyvanlarda beyin və qabıq maddələrin hər biri müstəqil üzv təşkil edir. İnterrenal və xromaffin sistemlər yalnız böyrəküstü vəzilərini təşkil etmir; bunların bir sıra qalıqlarına təsadüf edilir. İnterrenal sistemin qalıqları əlavə böyrəküstü vəziləri - lat. glandulae suprarenales accessoriae adı ilə məlumdur. Bu törəmələr vəzilərin ətrafında peritonarxası birləşdirici toxuma daxilində, böyrəklərin ətrafında və daxilində, vəzi damarlarının aşağı boş vena divarlarında, uşaqlığın enli bağında, yumurtalıqlarda, toxum ciyəsində və xayalarda təsadüf edilir. Xromaffin sisteminin qalıqlarına xromaffin üzvləri ya paraqanqlionlar - lat. paraganglia adlanan xüsusi törəmələr aiddir. Anomaliyalarına yuxarda qeyd olunanlardan başqa birtərəfli ya ikitərəfli inkişaf etməməsi təsadüf edilir.

Yaş xüsusiyyətləri

Böyrəküstü vəzilər müxtəlif dövrlərdə çəkisinin müxtəlif olmasını görürük. Embrional dövrdə vəzi ilə böyrəyin ölçüləri bərabər olur; yenidoğulmuşun böyrəküstü vəzisinin çəkisi böyrəyin çəkisinə nisbətən 1:3 və böyüklərdə 1:20 bərabərindədir.Yeni doğulmuşun böyrəküstü vəzisinin çəkisi 6 q, böyüklərdə isə 11-18 q olur. Anadan olandan sonra qabıq maddə beyin maddədən çox olur, sonra beyin maddə artır, böyüklərdə hər ikisinin miqdarı bərabərləşir. Qocalarda isə beyin maddə qabıq maddədən iki dəfə artıq olur.

Vaskulyarizasiya və innervasiyası

Arteriya

Böyrəküstü vəzinin kiçik olmasına baxmayaraq, arteriyalarını bir neçə mənbədən alır:

  1. lat. art. suprarenalis superior diafraqmanın aşağı arteriyasından;
  2. lat. art. suprarenalis media qarın aortasından;
  3. lat. art. suprarenalis inferior böyrək arteriyasından;

bunlar kapsulu dərərək, qabıq və beyin maddədə kapilyar sisteminə keçir.

Vena

Kapilyar sistemindən venoz qan mərkəzi venaya - lat. v. centralis yığışır. Bu damar böyrəküstü vəzinin qapısından xaricə çıxaraq lat. v. suprarenalis adlanır və soltərəfdə sol böyrək venasına və sağ tərəfdə aşağı boş venaya açılır.

Limfa

Limfa damarlar qabıq və beyin maddədə bir neçə kələf təşkil edərək qan damarları ilə bərabər xaricə çıxır. Bunların vasitəsilə yığılan limfa aorta ətrafındakı lat. nodi lymphatici paraaorticae (sağ tərəfdə aşağı boş venanın arxasındakı lat. nodi lymphatici retrovenosa) və dal orta divardakı düyünlərə lat. nodi lymphatici mediastinales posteriores axır. Bunlardan başqa vəzin limfa damarları böyrəyin limfa damarları ilə birləşir.

Sinir

Vəzi öz sinirlərini qarın, böyrək, və böyrəküstü kələflərdən (lat. plexus celiacus, renalis et suprarenalis) alır və bu kələflərin tərkibində olan simpatik və parasimpatik (azan sinirdən gələn) sinir liflərilə innervasiya olunur. Sinir lifləri parenximə daxil olaraq, orada tor təşkil edir. Vəzilər diafraqma sinirindən də şaxələr alır.

Vəzin vəzifəsi

Böyrəküstü vəzilərin quruluşu mürəkkəb olduğu üçün vəzifəsi də çox əhəmiyyətlidir. Əgər bir heyvanın böyrəküstü vəziləri çıxarılsa , nəticədə qan təzyiqinin azalması, ürəkdöyünmə, temperaturun aşağı düşməsi, ümumi zəiflik, həzm pozğunluğu, arıqlama və apatiya olur; axırda heyvan tələf olur. Beyinmaddə adrenalin ifraz edir və bu simpatik sinir sistemini qıcıqlandıraraq qandamarlarının daralması ya yığılması hesabına qantəzyiq artırır. Adrenalin damarların tonusunu tənzim edir.

qabıq madənin vəzifəsi lipoidlər ( xüsusən lesitin və xolesterin) ifraz edərək qida mübadiləsindən və əzələ yorğunluğundan hasil olan zəhərli maddələri neytralizə etməkdir. Deməli beyin maddə bədəndə angiotonik və qabıq maddə antitoksik vəzifə ifa edir. Qabıq maddədən bir də xolin ifraz olunur; bu parasimpatik sinir sisteminə qıcıqlandırıcı təsir edir. Qabıq maddədə bir sıra başqa hormonlar da: kortikosteron, kortizon, aldosteron ekstron ifraz olunurlar. Bu hormonlar orqanizmin karbohidrat, su-duz, mineral mübadiləsində mühüm rol oynayırlar. Qabıq maddənin hiperfunksiyası zamanı cinsiyyət üzvlərində və ikincili cinsi əlamətlərdə bir sıra dəyişikliklər meydana çıxır, əgər hiperfunksiya embrional dövrdə olarsa yalançı xonsalıq əmələ gəlir; uşaqlıq dövründə olarsa qasıq nahiyəsində vaxtından qabaq tüklərin çıxması, bığın və saqqalın zahir olması və nəhayət hiperfunksiya həddi-büluğ dövründə olarsa - virilizm (səsin kobudlaşması, aybaşının kəsilməsi) və tüklülük (lat. hirsutismus) meydana çıxır. Qabıq maddəsi vücudda bir də piqment mübadiləsini tənzimləyir. Odur ki, bu vəzilər patologiyaya uğradıqda Adisson və ya bürünc xəstəliyi meydana çıxır. Bu zaman dəri quru və bürünc rəngində olur, zəiflik, qan təzyiqinin azalması, həzm və qan dövranı pozğunluğu, ürək zəifliyi müşahidə olunur. Adi hallarda qabıq və beyin maddələri bir-birindən ayrı olaraq fəaliyyətdə olur. Orqanizmin qeyri adi hallarında (məsələn aclıq zamanı, qanitirmədə, şiddətli ağrılar zamanı) onlar birlikdə fəaliyyətdə olub pozulmuş müvazinəti bərpa edir.

İstinadlar

    Mənbələr

    Xarici keçidlər

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.