Böyükdüz maili düzənliyi
Böyükdüz maili-düzənliyi — Şərur maili düzənliyindən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır.[1]
Ümumi məlumat
Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan cənuba doğru 19-20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır. Böyükdüzün torpaq örtüyü şimalda boz ibtidai, mərkəz hissəsində isə boz torpaqlardan ibarətdir[2].
Bitki örtüyü
Düzənliyin şimalında öldürgənə, qara şorana, kəngizə, çiçəkli şoravçəyə rast gəlmək mümkündür. Mərkəz hissədə sirkən, şoran, öldürgən, dəvətikanı, efemer bitkilər, kəvər, çoğan, süddəyən, nadir hallarda üzərlik, heliotrop və başqa bitkilər bitir. Cənuba doğru getdikcə burada kəngiz və sirkən kolları daha da artır. Böyükdüz qış otlağı kimi respublikanın digər qış otlaqlarından bitki tərkibi etibarilə yoxsuldur. Buranın bitkiləri əsasən efemer və efemeroidlərdən ibarət olduğundan ilin yağışlı dövlərində (yazda və payızda) yaşıllaşır, inkişaf edir. Burada kserofit bitkilər üstünlük təşkil edir. Böyükdüzdə səhra bitkiləri talalar halında şoranlı, gilli sahələrdə yayılmışdır. Bu bitkilərin tərkibində buğdayi bozaq, düzənli bozaq, efemerlər, qış otu və başqa quraqlıq sevən bitkilər daha çoxdur. Yovşanlı yarımsəhralarda başlıca olaraq adi yovşan, iyli yovşan, qırtıc, dişə və başqaları yayılmışdır. Şiddətli şoranlaşmış düzən sahələrdə talalar şəklində qaraşoran bitkilər qrupu bitir. Relyef quruluşundan, şoranlaşma dərəcəsindən və su rejimindən asılı olaraq şoranlıq bitkiləri ayrı-ayrı sahələrdə ya qarışıq şəkildə, yaxud da eynicinsli senozlar halında inkişaf edir[2].
Heyvandarlıq
Böyükdüz qışlağında hər il on minlərlə qoyun saxlanılırdı. Sürüləri suvarmaq üçün buraya 22 km uzunluğunda su kəməri çəkilmişdi. Qışda və yazın əvvəllərində burada olan heyvanları yemlə təmin etməkdən ötrü 30-40 km-lik məsafədən buraya yem daşınırdı[2].
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008. səh.12
- Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999