Böyük nağara

Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır.[1]

Quruluşu

Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir.

Növləri

  • Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur. Çombağın dəriyə vurulan hissəsini toxmaq şəklində, azca geriyə əyilmiş biçimdə hazırlayırlar ki, güclü zərbələrdən dəri cırılmasın.
  • Çubuq nağaranı səsləndirərkən, eyni ilə çiling nağarada olduğu kimi, çalğıçı dərinin bir üzünə qoşa çubuqlarla döyəcləyir. Ancaq çubuq nağaranın üstünlüyü ondadır ki, iri olduğundan ifaçı bütün funksiyaları yerinə yetirə bilir: həm güclü, həm zəif vurğuları çalır. Alət əsasən ifaçının kəmərinə bağlanır, açıq səmada çalınır. Zərb alətlərinin mahir ifaçısı Sahib Bünyatzadə bu alətdən ara-sıra istifadə edir.[2]

İstifadəsi

Heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur.

Böyük ölçülü kos nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.