Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu

Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu (KAİ) (ing. Royal Anthropological Institute of Great Britain and Ireland) — antropologiya sahəsində dünya miqyasında fəaliyyət göstərən beynəlxalq elmi cəmiyyət.

Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu
RAI
Royal Anthropological Institute of Great Britain and Ireland
Əsası qoyulub 1871[1]
Ölkə
Sayt therai.org.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1871-ci ildə yaradılmışdır. Tərkibinə antropologiyanın bütün sahələri, o cümlədən bioloji antropologiya, təkamül antropologiyası, sosial antropologiya, mədəni antropologiya, vizual antropologiya, tibbi antropologiya və bunlar daxilində alt ixtisaslar və s. aiddir.

KAİ, antropologiyanın ictimai anlayışı adı ilə antropologiyanın ictimai işlərə və sosial məsələlərə verdiyi töhfəni təbliğ edir. Buraya yalnız akademik antropoloqlar deyil, mövzu ilə maraqlananlar, eləcə də antropologiya təhsili alan və digər sahələrdə çalışan mütəxəssislər daxildir. Kral Antropologiya İnstitutunun prezidenti, adətən, iki illik müddətə seçilir.[2]

Tarixi

İnstitutun üzvləri 1837-ci ildə qurulmuş Aborigenləri Müdafiə Cəmiyyətindən 1843 ayrılmış bir qurupun formalaşdırdığı London Etnoloji Cəmiyyətinin qurucu üzvlərinin davamçıları hesab olunurlar. Yaradılan yeni cəmiyyət insan irqləri üzərində aparılan bütün müşahidələrin toplanması və sistemləşdirilməsi üçün mərkəz olmalı idi. 1863-1870-ci illərdə burada iki təşkilat: Etnologiya Cəmiyyəti və Antropologiya Cəmiyyəti fəaliyyət göstərirdi. Böyük Britaniya və İrlandiya Antropologiya İnstitutu (1871) bu iki rəqib təşkilatın bazasında yaradılmışdır. 1907-ci ildə isə institutun adına "kral" sözünün əlavə edilməsinə icazə verilmişdir.

Həqiqi üzvlük statusu almaq istəyən şəxslər, adətən namizəd üzvləri şəxsən tanıyan hazırkı üzvlər tərəfindən üzvlüyə qəbul üçün tövsiyə olunurlar. İnstituta üzvlük, ilk növbədə bəşəriyyətin və ya ictimai elmlərin öyrənilməsində peşəkar və ya akademik nailiyyətləri olan tanınmış alimlər üçün nəzərdə tutulmuşdur. Üzvlər KAİ Şurası tərəfindən seçilir və onlar KAİÜ (ing. FRAI) fəxri adından istifadə edə bilərlər.

Nəşrlər

İnstitut hazırda üç jurnal nəşr edir:

  • "Kral Antropologiya İnstitutunun Jurnalı" (ing. Journal of the Royal Anthropological Institute) rüblük nəşr olub, antropologiyanın bütün aspektlərinə dair məqalələrin, həmçinin yazışmalar və kitab icmallarının bir hissəsidir. Jurnalda sosial antropologiya, arxeologiya, bioloji antropologiya və maddi mədəniyyətin öyrənilməsi ilə bağlı tədqiqatlar işıqlandırılır. Xüsusi (beşinci) buraxılışı 2006-cı ildən dərc olunmağa başlamışdır.
  • "Antropologiya bu gün" (ing. Anthropology Today) jurnalı antropologiya fənni daxilində maraqların genişliyini əks etdirməklə yanaşı, antropoloji analizin ictimai və aktual mövzularda tətbiqini həyata keçirməyi təmin edən nəşr olub, iki aydan bir dərc olunur.
  • "Onlayn Antropologiya İndeksi" (ing. Anthropological Index Online) jurnalı 1997-ci ildə nəşrə başlamışdır. Göstərici dünya miqyasında antropologiya tədqiqatçıları, müəllimlər və tələbələr üçün onlayn biblioqrafik xidmət həyata keçirir. Fərdi istifadəçilər üçün giriş pulsuzdur; institusional istifadəçilər (inkişaf etməkdə olan ölkələr xaricində) illik abunə haqqı ödəyirlər.

1925-1932-ci illərdə Kral Antropologiya İnstitutu Şurasının rəhbərliyi ilə "Hindistan Antikvarı" (ing. The Indian Antiquary) jurnalı nəşr edilmişdir.

KAİ kolleksiyası

KAİ-nin foto, film, arxiv və əlyazmalardan ibarət maraqlı tədqiqat kolleksiyası var.

Fotoqrafiya kitabxanasında 1860-cı illərdən başlayaraq tarixi bir dövrü əhatə edən 75.000-dən çox neqativ, slayd və digər şəkillər saxlanılır. Foto kitabxana dünya mədəniyyətlərinin müxtəlifliyini, eyni zamanda fotoqrafiya şəkillərinin hazırlanması tarixini əks etdirir.

Kral Antropologiya İnstitutu, antropoloji tədqiqat metodu və təhsil mənbəyi kimi etnoqrafik film və videoların yenidən işlənilərək daha da təkmilləşdirilməsində fəal iştirak edir. Nüsxələri təhsil və akademik məqsədlər üçün satışa təqdim olunan geniş video kolleksiyasına malikdir. Filmləri araşdırmaq və saytda izləmək olar.

Arxiv və əlyazma nüsxələrinin kolleksiyası təqribən 150 ildən çox dövrü əhatə edir. İllər öncə KAİ kitabxanasına həvalə edilmiş çox sayda mətn və vizual material qorunub saxlanılır və davamlı olaraq kataloqlaşdırılır.

KAİ Kolleksiyasına giriş institutun əvvəlcədən təyin olunmuş bütün üzvləri, tələbə iştirakçıları üçün pulsuzdur. Digərləri giriş haqqını ödəyərək kolleksiyanı ziyarət edə bilərlər.

KAİ, 1976-cı ildə Muzeyə verilmiş keçmiş Kral Antropologiya İnstitutunun Kitabxanasını özündə birləşdirən Britaniya Muzeyinin Antropologiya Kitabxanası ilə sıx əlaqədə fəaliyyət göstırir. Kitabxana Britaniya Muzeyindəki Antropologiya Mərkəzinin içərisində yerləşir və faktiki olaraq İngiltərənin milli antropologiya kitabxanasıdır. Kitabxananın saytından hamı istifadə edə bilər; Kral Antropologiya İnstitutunun üzvləri institut tərəfindən əldə edilmiş kitabları borc ala bilərlər.

Mükafatlar

Haksli xatirə medalı

Haksli Xatirə Medalı 1900-cü ildə, hər hansı bir antropoloji tədqiqat sahəsində fərqlənən ingilis və ya xarici elm adamlarının işlərini müəyyənləşdirmək və qəbul etmək üçün Tomas Henri Hakslinin şərəfinə təsis edilmişdir. Xatirə medalı Kral Antropologiya İnstitutu tərəfindən verilən ən yüksək fəxri mükafat olub, hər il şuranın səsverməsi ilə təqdim edilir.[3][4]

Rivers xatirə medalı

Medal 1923-cü ildə İnstitut Şurası tərəfindən cəmiyyətin mərhum prezidenti Vilyam Halse Riversin xatirəsinə təsis edilmişdir. Medal, ümumilikdə sosial, fiziki, yaxud mədəni antropologiya, o cümlədən arxeologiya sahəsində əhəmiyyətli töhfə verən və beş il ərzində nəşr olunan əsər üçün təqdim edilir.[5]

KAİ tədbirləri

KAİ müxtəlif zamanlarda aktual mövzularda mühazirələr, seminarlar və digər xüsusi tədbirlər keçirir. İngiltərədəki universitetlər və müəssisələrlə birgə əməkdaşlıq çərçivəsində iki ildən bir keçirilən Beynəlxalq Etnoqrafik Film Festivalları beynəlxalq etnoqrafik film təqviminin tanınmış bir hissəsidir. Film mükafatları uğrunda yarışmalar dünyanın hər yerində film istehsalçılarının iştirakını özünə cəlb edir.[6]

Üzvlük

Üzvlər KAİ Şurası tərəfindən qəbul olunmuş norma və prinsiplərə əsasən seçilir.

İstinadlar

  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  2. "Presidents". Royal Anthropological Institute. 2018. November 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 11, 2018.
  3. "Huxley Memorial Medal and Lecture: Prior Recipients" Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine, Royal Anthropological Institute, accessed 31 March 2012
  4. Huxley Memorial Lectures (A115) Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine, Royal Anthropological Institute, accessed 31 March 2012
  5. "Rivers Memorial Medal Prior Recipients" Royal Anthropological Institute Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine, Accessed 23rd Feb 2014
  6. Meloni, Greca N. "16th RAI Film Festival 2019 | Bristol (UK), 27–30 March 2019". Anuac. 8, 1: 259–261. 30 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.