Böyük Arran monastırı
Böyük Arran monastırı və ya Müqəddəs Yaqub monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndi ərazisində yerləşir. Kompleksə iki kilsə, iki narteks və köməkçi binalar daxildir.[1] Qərbdə yerləşən kilsə (8x3.4 m ölçüdə) ensiz, uzun və hündür formaya, nalvari formada apsidaya malikdir. Apsidanın döşəməsi ibadət zalının döşəməsindən xeyli hündürdə yerləşir. Cənub və qərbdən olmaqla, kilsə iki girişə malikdir. Kilsə iki pəncərə vasitəsiylə işıqlandırılmışdır. Onlardan biri şərq divarında, xaçformalı ikinci pəncərə isə qərb divarında yerləşmişdir.[2]
Böyük Arran monastırı | |
---|---|
40°01′14″ şm. e. 46°36′02″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Kolatağ |
Aidiyyatı | Alban Həvari Kilsəsi > Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | VII-VIII əsrlər |
Üslubu | Ermənistan |
Rəsmi sayt | hakobavank.am |
İstinad nöm. | 269 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Birinci kilsənin cənub-şərq divarına birləşən ikinci kilsə də birinci kilsə kimi anoloji sadə planlaşdırmaya malikdir. Bu kilsənin ən maraqlı özəlliyi, şərq divarlında dörd kiçik hücrənin yerləşməsidir. Hücrələrdən üçünün girişi ibadət zalından, birinin girişi isə altar yüksəkliyinin altındandır. Kilsənin qapısındakı kitabədən, onun 1222-ci ildə Xaçın knyazı Vaxtanqın həyat yoldaşı, Həsən Cəlalın anası Xorişə xatun tərəfindən bərpa etdirilməsi məlumdur.[2]
Hər iki kilsə sərt və soyuq memarlıq görünüşünə malikdir ki, bu da erkən orta əsrlər Qafqaz Albaniyası memarlığının ruhuna uyğundur.[2] Sərt yonulmuş daşdan inşa edilmiş divarlara, hörgü arasında istifadə edilmiş xaç daşlar xüsusi görünüş verir.[3]
Tarixi
Monastır Xaçınçayın sağ sahilində, Kolatağ kəndinin şimalındakı meşə ərazisində yerləşir. Tarixi ədəbiyyatda abidə yerləşdiyi əyalətin adına uyğun olaraq Mets-Irank (Böyük Arran) monastırı adlandırılır. Orta əsrlərdə bu əyalət mənbələrdə Aşağı Xaçın kimi tanınırdı.[5]
Monastır ərazisindəki ilk tikilillərin inşa tarixi məlum deyil. Monastır ərazisindəki ən qədim kitabə 853-cü ilə aiddir. Mkrtçyan, 25 Bu kitabə xaçdaş özülü üzərində yazılmış, daha sonra isə həmin daş divar hörgüsü zamanı təkrar istifadə edilmişdir. Monastır haqqında başqa bir məlumat isə Matenadaranda saxlanan əlyazmada verilir. Burada Müqəddəs Yaqub monastırı ərazisində Həsən Cəlalın valideynləri Vaxtanq və Xorişə kilsə inşa etdirmişlər. Xorişə Xatunun adından yazılmış kitabədə isə qeyd edilir ki, “..ruhumun xilas edilməsi üçün Mets-Irank kilsəsini yenidən inşa etdirdim.”[6]
Ş. Mkrtçyan qeyd edir ki, bu məlumatdakı “yenidən inşa etmək” ifadəsini belə anlamaq lazımdır ki, kilsə knyaginyanın vəsaiti hesabına bərpa edilmişdir. Bərpa edilmiş hissələrdə daş hörgüsü digər hissələrdən fərqlənir. Belə ki, bərpa zamanı ilkin tikilinin daşları ilə yanaşı ətrafdakı xaçdaşlar və məzar daşlarından da istifadə edilmişdir.[6] Xaçdaşlar tavan örtüyü üçün, üstü yazılı yonulmuş daşlar isə künc daşı kimi istifadə edilmişdir. 1212-ci il yenidənqurmasından sonra, XVII əsrdə monastırda növbəti dəfə yenidənqurma işləri aparılmışdır. Bu inşaat işləri zamanı yerləşdirilmiş kitabədə deyilir: “...erməni təqviminin 1140-cı ilində (miladi 1691) yepiskop Qriqorun əli ilə bərpa edilib.” [7]
Digər bir kitabəyə görə, cənub kilsəsinə bitişən yaşayış binaları 1725-ci ildə inşa edilmişdir. Buna görə də, Ş Mkrtçyan belə nəticəyə gəlir ki, kompleksin müxtəlif hissələri IX-XVIII əsrlər arasında müxtəlif illərdə, əsas tikililər isə XII-XIII əsrlərdə inşa edilmişdir.[6]
Tarixi mənbələrin verdiyi məlumata görə Müqəddəs Yaqub kilsəsi Qafqaz Albaniyasının müqəddəs ziyarətgahlarından biri olmuşdur.[8] Katolikos və yepiskopların adları həkk edilmiş məzar daşlarının verdiyi məlumata görə monastır yepiskopluq mərkəzi olmuş, XIII əsrdə isə Alban Həvari Kilsəsi katolikoslarının iqamətgahı kimi fəaliyyət göstərmişdir. Monastır həm də Xaçının maarif və kitabçılıq mərkəzi kimi tanınmışdır.
Memarlıq xüsusiyyətləri
Kompleks qala divarları ilə əhatə olunmuş iki kilsə, iki narteks, yaşayış binaları və məişət tikililərindən ibarətdir. Bütün binalar bir-birinə bitişikdir və əsasən bir-birinə keçidlərə malikdir.
Kompleksə daxil olan binaların inşası zamanı istifadə edilmiş xaçdaşlar, məzar daşları, karnizlər, arkalar, altarın yüksəlmə yerləri, qapı, pəncərə və buxarı çərçivələri memarlıq əhəmiyyətinə malik olmaqla, orta əsrlər sənətkarlarının ustalığını nümayiş etdirir. Kompleks binalarının inşasında kobud yonulmuş daşlardan istifadə edilsə də, bunu kiçik memarlıq detalları haqqında demək mümkün deyil. Monastırda belə detallara xüsusi diqqətlə yanaşılmışdır.[9]
Kilsə və nartekslərdən başqa kompleksə başqa tikililər də daxildir. Daş qala divarları daxilində perqament əlyazmaların saxlandığı skriptorium, kaminli daş otaqlar, eyvanlı hücrələr, trapez formalı mətbəx binası, küncüt yağının əldə edilməsi üçün bina, çoxsaylı anbar binaları, su saxlancı və gözətçi məntəqələri yerləşir. Bütün bu binalar bizim dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır.[9]
Monaxların hücrələri kilsələrdən şərqdə sıra ilə düzülmüşdür. Kitabələrə və binaların memarlıq xüsusiyyətlərinə istinad edən Ş. Mkrtçyan onları XVII-XVIII əsrlərə aid edir. Yaşayış kompleksi vahid dəhliz ətrafında düzülmüş otaqlardan ibarətdir. Kompleksin qarşısında, cənub-qərb tərəfdə böyük həyət yerləşir. Monastırın əsas girişinin hər iki tərəfində iki mərtəbəli otaqlar inşa edilmişdir ki, onlar əsasən yaxşı vəziyyətdə dövrümüzə çatmışdır. Monastır girişindən başlayan on metrlik dəhliz tağvari örtüyə malik olmaqla binaların altınca uzanır.[9]
Birinci kilsə
Müqəddəs Yaqub kilsəsi uzun düzbucaqlı (7.80x3.20) formasına malik birnefli bazilikadır. Kilsənin əsas xüsusiyyəti ümumi döşəmədən çox hündürdə yerləşən altar hissəsidir. Altara yalnız cənub tərəfdə yerləşən pilləkən ilə qalxmaq mümkündür. Altarın bu cür hündür hazırlanmasının səbəbləri arasında praktiki xüsusiyyətlər də vardır. Belə ki, arxa tərəfdən altara kiçik hücrələr (1.30x1.30) birləşir və onların da girişi ibadət zalından açılır. Ən şərq tərəfdəki hücrənin girişi altarın altında yerləşir, buna görə də altar normadan çox hündürdür. Gizli yer kimi istifadə edilmiş bu hücrələrin yerləşməsi məhz kilsənin bu hissəsinin XII əsrdə bərpa edilmiş daha qədim tikili olmasını düşünməyə əsas vermişdir.[6] Bu məlumatı portalın timpanındakı kitabə də təsdiqləyir: “661-ci ilin yayında (miladi 1212) mən Xorişə, Xaçın knyazı Vaxtanqın həyat yoldaşı, Böyük Sarkisin qızı, Zaxare və İvanenin bacısı Metsaranets kilsəsini yenidən inşa etdirdim...”[4]
Nəticədə kilsənin qərb divarı üçarkalı zal-narteksin mərkəzinə çevrilmişdir. Xudavəng, Çarekvəng və Tatev monastırlarında olduğu kimi burada da ön divarın aşağı hissəsi həm də üç arkalı arkada formasına malikdir. Pilyastrlar və arkalar yaxşı yonulmuş daş bloklardan inşa edildiyinə görə bütün divarın fonunda effektiv şəkildə seçilir.
Təkobrazlı daş hörgüsünün daha maraqlı edilməsi üçün narteksin divarında xaçdaşlar, uzunluğu iki metrə çatan məzar daşları və kitabəli daşlardan istifadə edilmişdir. Xaçdaşlar narıncı, məzar daşları boz, kitabəli daşlar isə ağ daşdan hazırlanmışdır və bu daşlar mavi daşdan ibarət divar hörgüsü arasında maraqlı rənglər qamması formalaşdırır.
İkinci kilsə
Birinci kilsənin narteksinin şimal divarına bitişik ikinci kilsə inşa edilmişdir. Düzbucaqlı sadə zal (8.0x3.4) formasına malik bu kilsənin şərq divarında apsida vardır. Kilsə iki girişə malikdir: cənub tərəfdən üçtağlı narteks, qərb tərəfdən isə ona bitişik sovmə-narteks tərəfdən. Beləliklə üçarkalı narteks hər iki kilsənin xarici formaları ilə orqanik şəkildə uyğunlaşaraq, həm hər iki kilsəyə girişi təmin edir, həm də arkadası sayəsində ümumilikdə kompleksə gözoxşayan görünüş bəxş edir.[8]
Monastır kompleksinə daxil olan müxtəlif tikililər arasında ikinci kilsənin narteksi xüsusi diqqət cəlb edir. Adətən nartekslər kilsə binasına bitişik inşa edilərək həm də şərq divarını təşkil etsə də, Müqəddəs Yaqub kilsəsində narteks və kilsə binası arasında 2.5 m enə malik dəhliz yerləşdirilmişdir ki, bu regionun başqa monastır binalarında rast gəlinməyən bir haldır.[8] İbadət zamanı kilsə və nartekslə yanaşı dəhlizdə də insanlar yerləşdirilirdi, çünki, kilsənin kiçik ölçüsü hamının ora sığmasına imkan vermirdi. Bundan başqa narteks əsilzadələrin dəfn yeri, dini və ictimai məsələlərin müzakirə yeri kimi istifadə edilmişdir. Üç arkalı narteksdə olduğu kimi burada da döşəmə çoxsaylı məzar daşları ilə döşənmişdir. Kitabələrin verdiyi məlumata görə bu narteksdə Alban Həvari Kilsəsinin katolikosları Hovanes, Aristakes, Simeon və yepiskoplar Simeon və Vardan dəfn edilmişdir.[10]
Dəhlizin hər iki tərəfində böyük, zəngin bəzədilmiş xaçdaş yerləşdirilmişdir. Kitabələrə əsasən şimal divarındakı xaçdaş 1223-cü ildə, cənub divarındakı xaçdaş isə 1224-cü ildə ucaldılmışdır. Dörd xaçkar dəhlizin qərb pəncərəsinin yan blokları kimi istifadə edilmişdir. Zəngin ornamentləri ilə diqqət çəkən bu xaçdaşların kitabələri silinsə də, stilistika və dekor xüsusiyyətlərinə görə onlar, XII-XIII əsrlərə aid edilirlər.[8]
Narteks demək olar ki, kvadrat formasına (7.0x7.6 m) malikdir. Onun tağvari örtüyü pilyastrlar üzərində dayanan arkalar tərəfindən dəstəklənir. Şərq tərəfdə yerləşən geniş girişdən başqa, bina cənub qərb tərəfdə yerləşən ikinci daha kiçik bir girişə də malikdir. Narteksin üç pəncərəsindən ikisi cənuba, biri isə qərbə açılır. Monastırın daş bəndinin tərkib hissəsi olduğuna görə şimal divarında pəncərə yoxdur. Divar hörgüsündə istifadə edilmiş dxaçdaşlardan biri 1212-ci il tarixinə aiddir, timpandakı kitabədə isə 1293-cü il tarixi göstərilmişdir. Ümumilikdə monastır ərazisindən epiqrafistlər tərəfindən 42 kitabə qeydiyyata alınmış və nəşr edilmişdir.[11]
İstinadlar
- Г.Г.Мамедова – Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку, Элм, 1985, səh.9
- Мамедова, 2004. səh. 40
- Мамедова, 2004. səh. 41
- Бархударянц, 1895. səh. 170
- Мкртчян, 1989. səh. 25
- Мкртчян, 1989. səh. 26
- Бархударянц, 1895. səh. 171
- Мкртчян, 1989. səh. 27
- Мкртчян, 1989. səh. 28
- Бархударян, 1982. səh. 12
- Бархударян, 1982. səh. 11
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
- Каланкатуаци, Мовсес, История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран, 1984
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударянц, Макар, Арцах, Баку, 1895
- Бархударян, С., Свод армянских надписей, Ереван, 1982