Azərbaycandakı karvansaraların siyahısı

Azərbaycandakı karvansaraların siyahısıAzərbaycan Respublikasının ərazisində yerləşən karvansaralar.

İlk karvansaralar 5–6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində — Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6–3 minillikdə, yəni 5–6 min il əvvəl inşa olunduğu barədə xəbər verir. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər imperiyası qədim dövrün ən böyük imperiyalarından biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş (Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl 5 əsrdə yaşamış yunan tarixçisi Herodot Əhəmənilər imperiyasının tərkibində yaşayan 70 xalq və tayfanın adını çəkir. İran hökmdarı imperiyanın idarə olunmasını asanlaşdırmaq məqsədilə hərəkət üçün rahat yolların yaradılmasına və onların təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirirdi. Bu məqsədlə imperiya ərazisində əsas ticarət yollarında bir günlük yol məsafəsində karvansaralar və gözətçi dəstələri üçün məntəqələr tikilirdi.[1]

Azərbaycanın qədim karvan yolları üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyiiqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə təkan verirdi. İqtisadi əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən karvan yolları üzərində tacirlərin rahatlığı üçün hamamlar, kəhrizlər, məscidlərlə yanaşı, karvansaralar da inşa olunurdu. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu.[1]

Hələ orta əsrlərdə Azərbaycan ticarət mərkəzi kimi tanınırdı. Şərqlə Qərbin müxtəlif ölkələri ilə ticarət aparan Azərbaycandan neft, duz, ipək, yun, mis qablar və xalçalar müxtəlif ölkələrə ixrac olunurdu. Həmin dövrlərdə ölkəyə gələn tacirlər karvanlarının təhlükəsizliyi, onların ölkədə qala bilmələri üçün müxtəlif bölgələrdə karvansaralar tikilirdi. Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də Böyük ipək yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb. O dövrdə karvansaralar 2 qrupa bölünürdü — şəhər və yolüstü karvansaralar. Yolüstü karvansaralar daha çox istehkamı, qalanı xatırladırdı. Qalın divarları olan həmin karvansaraların bir qapısı vardı və gecələr bağlanırdı. Şəhər karvansaralarının isə əsasən iki qapısı olub və daha yaxın məsafələrdə yerləşirdi.[1]

Karvansaraların siyahısı

Adı Təxmini tikilmə tarixi Yerləşdiyi yer Qısa təsvir Şəkil
Aşağı Karvansara
XVI-XVIII əsrlər
Şəki
Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir[2] Karvansara yerli ustalar tərəfindən tikilmişdir. Həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, irimiqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur.[3]
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası
XIX əsr
Şuşa
Şuşada yerləşən və XIX əsrə aid olan karvansara.[4] Karvansara Mirzə Fətəli Axundov küçəsində yerləşir.[5] Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır.
Batabat karvansarası
XVII-XVIII əsrlər
Şahbuz rayonu
Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar.[6]
Buxara karvansarası
XV əsr
Bakı
İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir.[7]
Culfa kаrvаnsаrаyı
Bilinmir
Culfa rayonu
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. Karvansara çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zal haqqında qəti fikir söyləmək çətindir, lakin belə plan quruluşuna malik köhnə məscidlər də məlumdur.[8]
İkimərtəbəli karvansaray
XV əsr
Bakı
Karvansaranın eyni ох üzrə yerləşən ikitərəfli açıq girişləri var. Karvansaraya giriş dəniz ticarəti ilə əlaqədar sahil küçəsindən və ticarət magistralı yerləşən hissədən mümkündür. Karvansara daxili planına əsasən kvadrat formalıdır. Dахili məkanı səkkizüzlüdür, arxasında ayrıca otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir.[7]
İkimərtəbəli karvansara
XIX əsr
Şuşa
Şuşada yerləşən və XIX əsrə aid olan karvansara. Karvansara Gövhərağa küçəsində yerləşir.[5] Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır.
Karvansara
XVIII əsr
Şuşa
Şuşada yerləşən və XVIII əsrə aid olan karvansara. Karvansara Vaqif küçəsində yerləşir.[5] Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır.
Kiçik karvansara
XV-XVI əsrlər
Bakı
Karvansara ХV əsrin sonu ХVI əsrin əvvəlində tikilmişdir. Planda kvadrat formalıdır. İçəridə küncləri kəsik, iri dördbucaq şəkilli həyəti var. Bütün perimetr boyu eyvanla əhatə olunmuşdur. Eyvanın arxasında isə şəxsi istifadə üçün nəzərdə tutulmuş yaşayış otaqları yerləşir. Şimal-cənub oxu üzrə, ticarət küçələrini birləşdirən bir otaqlı, iki tərəfli açıq girişi var. Həyətin bəzək memarlığı, ənənəvi formalar — səthi düz dördbucaq çərçivələrə alınmış çatma tac eyvanlar üzərində qurulmuşdur.[7]
Multanı karvansarası
XIV əsr
Bakı
İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır.[9]
Qaraçı karvansarası
Orta əsrlər
Abşeron rayonu
Abşeron rayonunun, Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.[1]
Qarğabazar karvansarası
1681
Füzuli
Karvansara kəndin mərkəzində çox da hündür olmayan təpənin döşündə (eni 23,67, uzunu 34,70) inşa olunmuşdur. Elmi mənbələrdə onun tikilmə tarixi 1681-ci il göstərilsə də, karvansaranın memarı məlum deyil.[10][11]
Səfərov qardaşlarının karvansarası
XVIII əsr
Şuşa
Şuşada yerləşən və XVIII əsrə aid olan karvansara. Karvansara Ocaqqulu küçəsində yerləşir.[5] Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır.
Səngəçal karvansarası
1439–40-cı illər
Səngəçal
İki mərtəbəli karvansaranın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır.[12]
Şah Abbas karvansarası
XVII əsr
Gəncə
Karvansara XVII əsrdə yaşamış, Şeyx Bahəddin Məhəmməd Amilinin layihəsi əsasında şərq memarlığı üslubunda tikilmişdir. Tikintidə yumurta ağı ilə gil-əhəng qatışığından və bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur. Bina Şah Abbasın sifarişi ilə tikildiyindən Şah Abbas Karvansarası adlanmışdır. Karvansara XVII əsr Gəncəsində Şeyx Bahəddin tərəfindən tikilmiş tarix-memarlıq kompleksinə daxildir. Kompleksə daxil olan 2-ci bina Cümə Məscidi, 3-cü bina isə Çökək Hamamdır.[13]
Uğurlu Xan karvansarası
XVII əsr
Gəncə
Uğurlu Xan Karvansarası feodal dövrünün ənənələrinə uyğun inşa edilmiş iki böyük həyəti olan kompleksdən ibarət idi. Bu karvansara 1663–64-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuzaquluxan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xanın vəsaiti ilə tikilmiş və xan nəslinə mənsub olmuşdur.[14]
Xanlıq Muxtar karvansarası
XVIII əsr
Şuşa
Şuşada yerləşən və XVIII əsrə aid olan karvansara. Karvansara Mirzə Fətəli Axundov küçəsində yerləşir.[5] Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır.
Yuxarı Karvansara
XVIII-XIX
Şəki
Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi ümumi sahəsi 6000 m2 olan Yuxarı karvansaraya xüsusi kalorid verir. Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir.[15]

İstinadlar

  1. "Uzaq yolların tozu, yorğun yolçuların izini bu günə nə daşıyır?". Milli.az. 19 Yanvar 2016 tarixində arxivləşdirilib.
  2. "Yuxarı Karvansaray. GoMap. ONLAYN NAVİQATOR". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19.
  3. "Bu gün. Sheki.Net". 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19.
  4. "Shusha State Historical & Architectural Reserve". 4 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 August 2010. (#invalid_param_val)
  5. "ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri - Şuşa rayonu". Armenianvandalism.az. 21 Yanvar 2016 tarixində arxivləşdirilib.
  6. Naxçıvan abidələri ensiklopediyası, 2008. səh. 37
  7. "Ölkə Əhəmiyyətli Abidələr". İcherisheher.gov.az. 19 Yanvar 2016 tarixində arxivləşdirilib.
  8. Naxçıvan abidələri ensiklopediyası, 2008. səh. 62
  9. "Multani karvansarası – hindlilərin yadigarı". 2017-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19.
  10. Академия наук Азербайджанской ССР. Известия Академии наук Азербайджанской ССР. Серия литературы языка и искусства. Baku: Издательство Академии наук Азербайджанской ССР. 1983. 119.
  11. Академия наук Азербайджанской ССР. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Baku: Наука, Главная редакция восточной литературы. 1966. 279.
  12. Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры Азербайджана. Москва: Наука, Главная редакция восточной литературы. 1963.
  13. Uğurlu Xan karvansarayı
  14. Şah Abbas Karvansarası
  15. "SHEKININ MEDENI-TARIXI ABIDELERI". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19.

Ədəbiyyat

  1. AMEA Naxçıvan bölməsi. Naxçıvan abidələri ensiklopediyası (PDF). Naxçıvan. 2008.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.