Azərbaycanda oxatma

Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir.

2015 Avropa Oyunlarına həsr edilmiş xatirə sikkəsi

Arxa plan

Arxeoloji mədəniyyətlər

Qafqaz Albaniyası ordusu

Şamaxı yaxınlığında yerləşən Qafqaz Albaniyası dövrünə aid Xınıslı yaşayış yerindən aşkarlanmış mis qab

Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı.[1]

Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III-I əsrlər təbəqəsində bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə çıxarılmışdır.[2]

Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin başlanğıcında Orta AsiyaParfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur, sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu.[3] Bu kaman uzunluğu 60-70 santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160 santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı.[1]

Tarixi

Umay Ananın vəzifələrini etnik-mədəni çərçivədə həyata keçirən Fatma Qarı Azərbaycan inanclarında belində oxu və yayı olan bir varlıq şəklində göstərilir. Fatma qarı yayın göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur.[4]

Koroğlu dastanında Koroğlu Dəmirçioğlunu sınamaq məqsədilə almanın saplağına bir üzük taxıb onun başına qoyur və qırx oxun hamısını üzüyün halqasından keçirir. Təkcə bu səhnə ox atıcılığında Koroğlunun necə böyük ustalığa malik olduğunu aydın göstərir. Koroğlu dəliləri də ox atmaqda çox ustadılar. Dəlilər Bağdadda oxla durna, Bayaziddə isə ceyran ovlayırlar. Hər iki səfərdəki təsvirlərdən dəlilərin ox atıcılığında necə böyük ustalığa yiyələndikləri aydın görünür.[5]

1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. “Məhsul”, “Spartak”, “Lokomotiv” və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V.Maksimov, S.Yusifova, S.İsmayılova, N.Hüseynova, O.Saraykina, E.Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar.

Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-ci ildə Bakıda təsis edilmişdir. 2013-cü ildə İslam Həmrəyliyi oyunlarında Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhramanov komanda şəklində gümüş medal qazandılar. 2016-cı ildə Azərbaycan ilk dəfə Yay Olimpiada Oyunlarında kamandan oxatma üzrə iştirak etmişdir.

2019-cu ildə keçirilən Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında digər milli oyunlarla birlikdə ox atma da keçirilmişdir.

Növləri

Atla oxatma Azərbaycan meydan tamaşalarına daxil idi. Ox yarışlarında yüksək yerdən atılan almanı havada vurmaq, qırx oxu eyni hədəfdən keçirmək, üzük halqasından ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. At üstündə oxatma uzun müddətli məşqlərlə həm oyunçunun, həm də atın səriştə qazanmasını tələb edən bir oyun növüdür. Bu oyunda atın hürkməməsi üçün onu yavaş-yavaş alışdırmaq, əvvəlcə atdan uzaqda oxatma təlimlərinə başlamaq, yavaş-yavaş ata yaxınlaşaraq məşq etmək və nəhayət, at üzərində təlimlərə davam etmək lazımdır. Məşqlər zamanı atın oxu və yayı qoxulamasına izin verilməlidir. Mahir ox atanlar hətta hədəfi atın boynunun altından nişan alaraq vura bilirlər.[6]

Atla oxatma növlərindən biri olan qopuq zadəgan sinfinin saraylarda oynadığı idman növü idi. Hündür dirəyin başına qoyulmuş qızıl 140 cam oxla vurulub salınmalı idi. Sanki dirəkdən cam qoparılırdı, oyunun adı da buradan yaranmışdır. Bu oyun hərbi əhəmiyyətli oyun kimi çox şöhrət qazanmışdı və igidlik sınağı sayılırdı.[6]

Atlı oxatmaya başqa bir misal olaraq piyalə və ox oyununu nümunə göstərmək olar. Bu oyun daha sadə insanlar arasında oynanılır və qızıl camı piyalə əvəz edirdi. Oyunda məqsəd xüsusi dirəyin üzərindəki piyaləni atı çaparaq oxla vurmaqdır. Burada nişangah piyalə və ya hər hansı bir əşya da ola bilər. Bu oyun bir neçə variantda oynanılır. Piyalə və ox oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq tələb olunur.[6]

Kamandan oxatma oyunlarında

Adı İdmançı sayı Nəticə
2011 Dünya Oxatma Çempionatı 3
2012 Yay Paralimpiya Oyunları 1
2013 İslam Həmrəyliyi Oyunları 3 Gümüş medal (komanda şəklində)
2015 Dünya Oxatma Çempionatı 2
2015 Avropa Oyunları 6
2016 Yay Olimpiya Oyunları 1
2016 Yay Paralimpiya Oyunları 1
2019 Avropa Oyunları 1

İstinadlar

  1. Алиев К.Г. Албанское войско и его вооружение//ДАН АзССР, 1957, № 8.
  2. Исмизаде О.Ш. Ялойлутепинская культура. Баку, 1956. История Азербайджана, т. 1, Баку, 1958
  3. Халилов Дж.А., Бабаев И.А. Античные традиции в материальной культуре Кавказской Албании.//Сб. Античность и античные традиции в культуре и искусстве народов Советского Востока, М., 1978
  4. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
  5. İSLAM COĞRAFİYASINDA VƏ AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ MEYDAN TAMAŞALARI, Bakı: AMEA Folklor İnstitutu, 2016 (#first_missing_last)
  6. Əskər, Nailə, İSLAM COĞRAFİYASI VƏ AZƏRBAYCANDA OYUNLAR, Bakı: AMEA Folklor İnstitutu, 2017

Mənbə

  • "Azərbaycan Kamandan Oxatma Federasiyası". Azərbaycan Milli Ensiklopediyası: [25 cilddə]. II cild (10 000 nüs.). Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. baş red. M. K. Kərimov. 2010. səh. 526. ISBN 978-9952-441-05-5.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.