Azərbaycanda miniatür sənəti

Azərbaycanda miniatür sənəti — Azərbaycanda tarixən və qismən müasir dövrdə icra edilən sənət növü.

Miniatür. Mir Möhsün Nəvvab
Sövdələşmə. Pərinisə Əsgərova

Tarixi

Orta əsrlər. Təbriz miniatür məkrəbi və Türkmən üslubu

XV əsrin ortalarında Qaraqoyunlu və sonra Ağqoyunlu dövlətləri ərazisində geniş yayılmış Təbriz miniatür məktəbinin "türkmən" üslubu meydana gəldi. Bu üslubun bir çox miniatürləri nəinki Təbrizdə, həm də müasir Azərbaycan ərazisində yerləşən bəzi orta əsr şəhərlərində, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda ortaya çıxdı (Şamaxı antologiya əlyazması, 1468, Britaniya muzeyi, London). XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssam Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "At və sahibi" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır.[1][2]

XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatmış,[3][4] dövrün miniatürist rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühim rol oynamışdır. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb olmuşdur.[5][6]

XVIII-XIX əsrlər

Orta əsrlərdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi. Bunlardan biri də XVIII əsrə aid Azərbaycan dilində yazılmış "Kəlilə və Dimnə" əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlərdir.[7] Dövrün məşhur miniatüristləri Əvəzəli Muğani ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılıdır ("Yusif və Züleyxa", 1887). Rəssam Mir Möhsün Nəvvabın da kitab miniatürləri dövrümüzə qədər gəlib çatmışdır. Onlardan ən məşhuru 1864-cü ildə "Bəhr ül-həzən" ("Qəm dəryası") əsərinə çəkdiyi 5 miniatürdür.[8] Gürcüstanın Dövlət İncəsənət Muzeyində şərq minyatürləri kolleksiyasında Mirzə Qədim İrəvaniyə məxsus iki ədəd tamamən bir-birinə bənzəyən “Güllər və quşlar” miniatürləri saxlanılır.

Sovet və müstəqillik dövrü

Oqtay Sadıqzadənin "Fitnə", "Nəsimi" kitablarına verdiyi tərtibat miniatür üslubundadır. Rəssam Altay Hacıyev "Koroğlu" dastanına, Nəsimi poeziyasına illüstrasiyalarında, "Odlar yurdu", "Bahar oyunları" rəsmlərində miniatür ənənələrindən faydalanmışdır. Arif Hüseynovun milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab edilir.[9] 70–80-ci illərdə Elçin Aslanov, Sənan Qurbanov, Nazim Babayev, Elçin Məmmədov kimi rəssamlar miniatürlər yaradırlar.

Müasir dövrdə bu sənəti davam etdirənlər Vəfa Allahyarova, Ədalət Bayramoğlu, Pəri Miniatürdür. Ədalət Bayramoğlu Şərq miniatürlərindən, xüsusilə Səlcuqlu miniatür tərzindən istifadə etmişdir. 2020-ci ildə miniatür sənəti Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata keçmişdir.[10]

İstinadlar

  1. ""Популярная художественная энциклопедия." Под ред. Полевого В. М.; М.: Издательство "Советская энциклопедия", 1986". 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.
  2. Topqapi Sarayi Muzesi Islam Minyaturleri
  3. Siawosh AZADI; Latif KERIMOV; Werner ZOLLINGER. Azerbaijani-Caucasian Rugs. — Switzerland Ulmke Collection, 2001. — p. 135. — ISBN 3-925813-10-1 / 9783925813108 Arxivləşdirilib 2016-07-31 at the Wayback Machine
  4. Britannica Encyclopedia. Iran. Shah Abbas. Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine
  5. Britannica Encyclopedia. Tabriz school. Arxivləşdirilib 2022-03-01 at the Wayback Machine
  6. Р. Тагиева — Азербайджанский ковёр, Баку, 2003, стр. 158–163
  7. The Grove Encyclopedia of Islamic Art and Architecture, 2009. səh. 241
  8. XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. science.gov.az
  9. Sənətşünas Ziyadxan Əliyev. "Arif Hüseynov. Cizgilərin hikməti". Bakı. Aspoliqraf. 2013
  10. Ədalət Bayramoğlunun Atatürk mövzulu lövhələri Arxivləşdirilib 2018-10-15 at the Wayback Machinetürk.

Ədəbiyyat

  • Azərbaycan incəsənəti. Rasim Əfəndi
  • Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М.. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.
  • The Grove Encyclopedia of Islamic Art and Architecture, Jonathan M. Bloom and Sheila Blair, Azerbaijan, Oxford University Press, 2009

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.