Azərbaycanda bağ

Azərbaycanda bağ — Azərbaycanda bağların tarixən inkişafından, tərtibatı və elementlərindən və Azərbaycan mədəniyyətində rolundan bəhs edir.

Tarixi

Orta əsrlər

Nuxada, əsas şəhərdəki qalada onların indi iş yerinə çevrilmiş sarayını gördüm. Bir neçə pilləkən və hündür portik bağ salınmış geniş dördbucaqlı həyətə aparır: qeyri-adi simmetriya ilə düzülmüş on altı italyan qovağı bağı dörd xiyabana bölür. Bağın kənarlarında saray əyanları, xanın həyat yoldaşları, onların qulluqçuları və digər qulluqçuların yaşadığı fligel binalar yerləşir; onların arxasında bir yarım insan boyu hündürlüyündə terrasa, həmin terrasada iki böyük çinarla əhatə olunmuş üç fəvvarəli hovuz, hovuzun arxasında isə saray binası yerləşir. (1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviçin yazdığı məktubdan)[1]

1647-ci ildə Gəncədə olmuş Övliya Çələbi burada bir çox bağların olduğunu və şəhərin tut bağları ilə əhatələndiyini qeyd edir. XVIII əsrin əvvəllərində Gəncənin bağ ərazisi genişləyirdi. Şəhəri 1681-ci ildə ziyarət edən fransız din xadimi Aurelius Filip burada axar suları (süni suvarma kanallarını) təsvir edir. Gəncənin dövrün digər Azərbaycan şəhərləri ilə müqayisəsi göstərir ki, çoxsaylı yaşıllıq sahələrinin və şəhər bağlarının yerləşdirilməsi təbii landşaftın məntiqi əksi kimi xarakterizə olunur və bağların və parkların təşkili yaxşı düşünülmüş plana əsaslanır. Bu, həm də böyük memarlıq və landşaft komplekslərinin məkan təşkilinə, həm şəhərin özündə, həm də onun ətrafında yaşıllıqların bolluğuna aiddir.[2]

XVII əsrdən sonra siyasi vəziyyətin düzəlməsi Ordubad bağ-park incəsənətinin inkişafına səbəb olmuşdur. Bağçılıq əvvəllər olduğu kimi Ordubad əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Şəhərin genişlənməsi Ordubadçayın sol sahilində geniş yaşıllıqların inkişafına səbəb olmuş, Ordubad "bağ-şəhər"ə çevrilmişdi. Ordubadın daxil olduğu Naxçıvan xanlığının sakinləri şəhəri "yer üzərindəki cənnət" adlandırırdılar. Digər şəhərlər ilə müqayisədə Ordubad bağ-park sistemi daha yaxşı inkişaf etmişdi. XVIII–XIX əsrin əvvəllərində Ordubadın landşaft sistemində bütün küçələrin uzunluğu boyunca iki-üç, bəzən isə dörd kiçik yaşıl sahələrin olması xarakterik idi.[3]

Orta əsrlər dövrü Azərbaycan ərazisində yerləşən bağlar xanların qüdrətini göstərirdi.[4] XVIII əsrin əsrin sonunda Bakı qalasında və bayırşəhərdə Bakı xanının saray bağları vardı.[5] Dövrümüzə qədər gəlib çıxmış digər bağlar Nardaran Xan bağı (XIV əsr), Gəncə Xan bağı (XVII əsr), Şəki Xan bağıdır (XVIII əsr).

XIX əsrdən etibarən

XIX əsrin sonu-XX əsrin əvvəllərində şəhərlərin sürətli inkişafı yaşıllıqların salınmasına səbəb oldu. Yaşıllıq əraziləri bəzi hallarda qala divarları (Bakı) ilə əhatə edilir, digər hallarda isə şəhər meydanını əhatə edən bağlar (Gəncə) müşahidə edilirdi.[4] Bakı istisna olmaqla, şəhər yaşayış evlərinin tikilişi bağçalı malikanə tipinə istiqamətlənmişdi ki, bu üzdən şəhərlər şəhər-bağ simasına malik idilər.[5] Bu dövrdə həmçinin Ağdam, Lənkəran, Şuşa və Şəkidə məhəllələrdə salınan yaşıllıq əraziləri ümumşəhər əhəmiyyəti əldə edirdi.[4]

İstehsal güclərinin və istehsal münasibətlərinin inkişafı ilə Bakının planlaşdırmasında və tikilişində yeni elementlər: ictimai bağlar, küçə bağçaları, bulvarlar meydana çıxır. Belə vacib şəhərsalma elementlərinin üzə çıxması memar Qasım bəy Hacıbababəyov, polkovnik Nikolay fon der Nonne və mühəndis Hacinski tərəfindən işlənib hazırlanmış baş planların əsas müddəalarının həyatiliyini təsdiq edir.[5] Qasım bəy Hacıbababəyov Parapet bağı (Fəvvarələr bağı) və Sisiyanov parkının memarıdır.

"Şəhər-bağ" hesab edilən Mərdəkan kəndi iqlim baxımından ən yaxşı və sağlam bağ yerlərindən biri idi. Mərdəkanın Bakı varlıları tərəfindən bağ evlərinin tikilməsi üçün yer qismində seçilməsi onun Bakıya yaxın məsafədə yerləşməsindən, şose yolu ilə gediş-gəlişin nisbətən rahat olmasından, quyu sularının yüksək keyfiyyətindən doğurdu. Hacı Zeynalabdin Tağıyev tərəfindən 1895-ci ildə burada bağçılıq məktəbinin əsası qoyulmuşdur. Villa bağlarının kompozisiyasında əsas binaya və ya binalara aparan mərkəzi xiyaban hakim mövqe tuturdu. Villa binalarının baş darvazalardan xeyli aralıda yerləşməsi, mərkəzi xiyaban və fasadın təmtəraqlı planlaşdırması — bütün bunlar onun sahibinin- neft fırtınası dövründə həddən artıq varlanmış nuvorişin tələbatına və şöhrətpərəstliyinə cavab verirdi.[5]

XIX əsrdə Avropa meylləri tarix, mif və əfsanələrlə dolu təbiət qarşısında romantik zövq yaradan reprezentativ bağ anlayışını gətirdi. Sonralar bağ və parklar təbiətin özünəməxsus dəyəri və memarlıq-landşaft sənəti kimi görülməyə başlandı. Müasir dövrdə isə bağ və parklar əhalinin kütləvi istirahət yerləri, təbiət qoynunda idman fəaliyyəti üçün mərkəzdir.[4]

Elementlər

Şəkidəki Yuxarı Karvansaranın həyəti

Aynabənd bağda güzgülər asılmış süşə qalareya, alaqapı isə zəfər tağı formasında düzəldilmiş, bağ ərazisinin girişidir.[6] Yay bağında balkon və ya veranda artırma adlanır.[7] Barı daş və ya kərpicdən hazırlanan bağ hasarıdır.[8] Bağın içərisində və ya qarşısında yol — dalan çəkilir, tərəvəz yetişdirilən hissə olan dirrik üçün yer ayrılır.[9] Park hovuzundakı mərkəzi quru yer ada və ya adacıq adlandırılır.[6]

Azərbaycanda panaroma, gözəl mənzərə axar-baxar adlanır.[7] Aypara isə bağçalarda istifadə edilən şərq simvolikası elementidir.[6] Bağın bir tərəfinə lazım olanda yandırılması üçün yığılmış quru budaqlar, çalı və odun isə alışıq adlandırılır.[7] Bağ mövsümündə Nügədi, Rustov, Çiçi, Səbətlər kimi meyvəçiliyin böyük rol oynadığı kəndlərin əhalisi müvəqqəti olaraq bağa köçmək üçün evlər (qazma ev) tikərdilər.[10] Arıçılar isə təknə pətəkləri evlərin ətrafında, həyətyanı bağda yerləşdirirlər.[11]

Şəki bağlarının bir tərəfində daş və ya kərpic vasitəsilə sıx tikilmiş, bağ ərazisinə təxminən bir az yuxarıdan baxan bir platforma inşa edilir. Şəki bağlarının bu elementi Abşeronda "səki"ni və Orta Asiya bağlarında "sufu"nu xatırladır. Ev və bağ arasında əlaqə yaradan belə bir terras XVIII əsrin sonu — XIX əsrin əvvəllərinə aid Azərbaycan şəhər həyətyanı memarlığının xarakterik xüsusiyyətidir.[12]

Şəki bağlarının sahəsi ön və təsərrüfat hissələrinə bölünürdü. Ön hissədə adətən üzgüçülük hovuzu və güllər yerləşirdi. Bağ sahəsinin bölünməsinin əsas elementlərindən biri yaşıllıq və ağaclar idi. Bundan əlavə, bağ sahəsini daş və ya kərpiclə örtülmüş kiçik yollar kəsirdi. Yollar bağın ərazisini ayrı-ayrı yaşıllıq sahələrinə ayırır və yaşayış sahəsini giriş qapısı və digər malikanə binaları ilə birləşdirirdi. Ağac növlərinin seçilməsində isti yay günlərində dincəlməyin rahat olması üçün künclərin təyin edilməsi rol oynayır.[12]

Simvolizmi

Şah İsmayıl Xətainin azərbaycan dilində divanı (solda) və Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinə çəkilmiş illüstrasiyalar. Müvafiq olaraq Səfəvi (solda) və Osmanlı miniatürləri

Azərbaycanın bağ və parkları öz dövrünün müxtəlif, bəzən bir-birinə zidd olan mənəvi, etik və estetik anlayışlarını, insanın ətraf mühitə münasibətini təcəssüm etdirirdi. Qədim dövrlərdə Şərqin başqa ölkələrində olduğu kimi Azərbaycanda da bağ "cənnət" – səmavi səadət yeri; bütpərəst tanrıların və ruhların məskəni; dərin daxili düşüncələrin yeri; İslam dünyagörüşündə təbiətin və insan varlığının simvolik obrazı; qızmar yay günəşindən daimi qorunma yeri idi. Orta əsrlər Azərbaycan bağları və parkları xanların qüdrətinin və hüdudsuz iradəsinin tərənnümünün parlaq nümunəsi idi. Avropa meylləri "təmsili bağ" anlayışını — "təbiətin əzəməti qarşısında romantik zövq obyekti, tarixi məzmun, əfsanələr və miflərlə dolu bir məkan" anlayışını gətirdi.[13]

Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisində gül bağçasına müxtəlif xüsusiyyətləri ilə yer verilmişdir. Füzuli gül bağçasını həqiqi mənasına yaxın bir şəkildə istifadə etdiyi zaman bağçadakı digər çiçəklərə (lalə kimi) və xoş qoxusuna işarə etmişdir. Can, kəlam kimi anlayışlar gül bağçası üçün təşbeh kimi istifadə edilmiş, gülün vaxtında psixoloji narahatlıqların artması inancına istinad gətirərək gül bağçasını "gülzar-ı cünun" olaraq təsvir etmişdir. Füzuliyə görə, aşıq bütün bədəni ilə, bəzən eşq yarası ilə dolu olan vücudu ilə bir gül bağçasıdır. Bundan başqa gül bağçası "gül xəlvəti" adlandırılan işrət və əyləncə məclislərinin keçirildiyi bir yerdir.[14]

Mədəniyyətdə yeri

Azərbaycanlıların mifoloji inanclarına görə bağ-bostanın qurddan qorunulması üçün ağaca qurd kəlləsi asılar.[15] Heyva ağacı da bağçanı pis nəzərdən qoruyar.[16] Çeşmələrdən bərəkətli olduğu evə gətirilən daşlar isə bir il sonra bağçaya atılır.[17] Digər bir adətə görə, bir qıza elçi düşməzdən əvvəl o qızın ailəsinin bağçasından bir daş götürülüb, oğlangilin evlərinin bağçasında bir həftə və ya 10 gün gözlədilərmiş. Bu müddət ərzində oğlan tərəfinə heç bir ziyan gəlməsə, qıza elçi düşülərmiş.[16]

Ağacın üzərində qoç buynuzu

Azərbaycan inanclarına görə bağa girəndə bağ əyəsinə (ruh, iyə) salam verilməli, bağdan çıxanda sağollaşılmalıdır. Bağdan bir şeyin götürəndə icazə alınmalıdır.[18] Bağlarda yaşayan digər varlıqlar pərilərdir.[19] İnanılır ki, yemək axtaran ağac-kişilər (Ağac Ata, ağac ruhu) gecənin qaranlığında bağçalara və bağlara baş çəkir, insanlar tərəfindən atılan paltarları geyirlər.[20] Şər ruh Çorun formalarından biri olan Qara Çor isə bağ-bağçanı, ən çox üzümü qırır.[18]

Azərbaycan xalçalarının dizaynları müxtəlifliyindən və növlərindən asılı olmayaraq, çox vaxt həndəsi ornamentlər, çiçəklər və heyvanlarla dolu mükəmməl bağların təsvirlərini ehtiva edir. Azərbaycan muğamı isə sevgi və həsrət mövzusunda oxunur və bülbül (aşiq kişi) və gülü (sevilən qadın) təsvir edir.[21]

Əkinçilik, bağçılıq və kənd təsərrüfatı bağlı azərbaycanizmlər baxımından ləzgi dili bütün digər Dağıstan dilləri ilə müqayisədə daha zəngindir. Belə ki, Azərbaycan dilindən ləzgi dilinin tərkibinə daxil olmuş alça, bostançı, yemiş, kal, meyvə, tum, üzüm, xırman, yarıq, şaftalı sözləri avar, dargin və lak dillərində yoxdur.[22]

Danışılan rəvayətlərə görə (hansı ki, tarixi qaynaqlar və biliklərlə tamamlanır) Qarabağ xanının qızı Ağabəyim ağa Fətəli şah Qacarla evləndikdən sonra öz vətəni üçün darıxır və ərindən onun üçün bir bağ saldırmasını istəyir. Bunun üçün Qarabağdan bağbanlar gətirilir, Şuşadan torpaq və hər cür ot, çiçək, kol və ağac, həmçinin materiallar gətirilir. Ağabəyim ağanın istəyi ilə bu bağ "Vətən bağı" adlandırılır. O, bağda gəzdikcə özünü Şuşa dağlarında, vadilərində hiss edib xoşbəxt olur. Ancaq bağbanlar nə qədər çalışsalar da, Xarıbülbülün Vətən bağında yetişmədiyini gördükdə Ağabəyim ağa bağı hüznlə gəzmiş və ona aid edilən bu şeiri yazmışdır:[23]

Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır
Köksün altı, sarı bülbül.[23]

Rəssam Toğrul Nərimanbəyov 1965-1966-cı illərdə "Göyçay bağlarında" rəsmini çəkmişdir.[24][25] Rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub.[24] Kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir.[26]

Xalq təqviminə görə bağ işlərinin vaxtı

  • Novruz bayramı. Baharın gəlməsi münasibətilə hər bir ailə üzvünün adına ağac əkilir, gül-çiçək yetişdirilir, meyvə bağı salınır.[27]
  • Cücərti (və ya çəmən) ayı. Yazın bir dövrüdür. Aranda qalanlar öz işlərini başa çatdırar, bağları becərib qurtarardılar.[28]
  • Qızıl payız. Bolluq dövrüdür. Nişanlı oğlanlar qızlar üçün meyvə xonçaları aparırlar. Buna xalq arasında novbarlıq, bağbaşı deyilir.[29]
  • Xəzan dövrü. Payız fəslində bağ-bağçanın saralıb-solduğu dövrə deyilir. Xalq arasında xəzan küləyi adlandırılan sazaqlı külək sarı yarpaqları ağaclardan qoparır, ağaclar üçün xəzəl mövsümü başlayır. Bu dövr "Yarpaqtökən vaxt" da adlandırılır. Bağbanlar şəxalənən ağacların ağzını bir yerə yığır, yararsız, quru budaqları kəsirlər.[30]
  • Böyük Çillə. Bağ-bağatın, bostanın suvarıldığı vaxtdır. İstifadə edilən su "çillə suyu" adlanır, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, ağacların vaxtından tez çiçəklənməsinin qarşısını alır. Bağlara verilən su gecə donur, ağacların oyanması gecikir. Bu, ağacların bol bəhrə verməsinə təsir edir. Həsən bəy Zərdabi təcrübə ilə sınanmış xalq zərbi-məsəlini qeyd edir: "Böyük Çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər"[31]
  • Boz ay. Bağlara qulluq edilən vaxtdır, ağacların dibi bellənir. Təzə bağ salmaq üçün torpağa ştil bu vaxtda basdırılır.[32]

Vacib yerlər

Həmçinin bax

İstinadlar

  1. Корнилович, А. О. Сочинения и письма. Москва: Издательство Академии наук СССР. 1957. səh. 550.
  2. Гасанова, 1996. səh. 23-24
  3. Гасанова, 1996. səh. 24-25
  4. А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
  5. XIX əsr — XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Müəllif, Fətullayev Şamil. Nəşriyyat, Şərq-Qərb. Nəşr yeri, Bakı. Nəşr ili, 2013.
  6. Гасанова, 1996. səh. 105
  7. Гасанова, 1996. səh. 106
  8. Гасанова, 1996. səh. 107
  9. Гасанова, 1996. səh. 109
  10. Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 168
  11. Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 325
  12. Гасанова, 1996. səh. 25
  13. Гасанова, 1996. səh. 4
  14. Turan, S. , Akgül, A. & Çetin, K. (2013). FUZÛLÎ’NİN LEYLÂ VÜ MECNÛN MESNEVİSİNDE GÜL VE GÜL BAHÇESİ . Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , GÜL ÖZEL SAYISI , 75–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sbe/issue/23167/247447 Arxivləşdirilib 2023-02-19 at the Wayback Machine
  15. Beydili, 2003. səh. 352
  16. Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya. səh 20, 24.
  17. Arik, Türkan. "Azerbaycan Türk Kültüründe İlkbahar Bayramı". TÜRK KÜLTÜRÜ VE HACI BEKTAŞ VELİ ARAŞTIRMA DERGİSİ, 2018.
  18. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  19. Әфәндијев П. (азерб.)русск.. Азәрбајҹан шифаһи халг әдәбијјаты (азерб.) / Научный редактор А. Набиев (азерб.)русск.. — Б.: Маариф, 1992. — 477 с.
  20. В. Б. Агач-Киши // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 35.
  21. Naroditskaya, 2005. səh. 27
  22. Джидалаев Н. С. Тюркизмы в дагестанских языках: опыт историко-этимологического анализа. — М.: Наука, 1990. — 251 с. — ISBN 5-02-011019-1. səh 75.
  23. Keskin, A. (2022). MİLLÎ VE KÜLTÜREL KİMLİK SEMBOLİZMİ BAĞLAMINDA XARIBÜLBÜL . Motif Akademi Halkbilimi Dergisi , 15 (39) , 650–676 . DOI: 10.12981/mahder.1162527
  24. "Нариманбеков Тогрул Фарман оглы" (rus. ). Большая советская энциклопедия azərb. Böyük Sovet Ensiklopediyası. 1969–1978. 16 may 2019 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
  25. Nurəddin Həbibov, Cəmilə Novruzova. Изобразительное искусство Азербайджанской ССР. Moskva: Советский художник. 1978. 252.
  26. Aleksandr Kamenskiy. Романтический монтаж. Советский художник. 1989. səh. 294.
  27. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 424
  28. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 429
  29. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 435
  30. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 437
  31. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 439
  32. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 444
  33. Таирова, 2016. səh. 231
  34. Саламзаде, А. В. Архитектура Азербайдана XVI–XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
  35. Babayev T. Şuşada i̇dman ənənələri̇ // Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarix Muzeyi. — Бакы: Elm, 2019. — С. 140−149.
  36. Гасанова, 1996. səh. 55-56

Ədəbiyyat

  • А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə I cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
  • Inna Naroditskaya (2005) Azerbaijani Mugham and Carpet: Cross-Domain Mapping, Ethnomusicology Forum, 14:1, 25–55, DOI: 10.1080/17411910500088361
  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi  (türk.).
  • Таирова, Айдан. Дворцовый комплекс бакинских ханов. Баку: İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə, Elmi-praktik konfrans (Məqalələr toplusu), Elm və təhsil nəşriyyatı. 2016.

Əlavə ədəbiyyat

  • Мамедов, Тофик & Гюльмамедова, Шалала. (2016). Perspective decorative plants for creating landscape compositions in Absheron. ScienceRise: Biological Science. 34–40. 10.15587/2519–8025.2016.81017.
  • Mammadov T. S., Gulmammadova Sh. A. Scientific bases of Azerbaijan landscape architecture // Ученые записки Крымского федерального университета имени В. И. Вернадского. Биология. Химия. 2014. № 5 (66). URL: https://cyberleninka.ru/article/n/scientific-bases-of-azerbaijan-landscape-architecture Arxivləşdirilib 2023-02-19 at the Wayback Machine (дата обращения: 19.02.2023).
  • Tofig Mammadov; Shalala Gulmammadova (2019). Role of Floral Plants in Landscape Architecture of Azerbaijan. International Journal of Agriculture Innovations and Research. Volume 7, Issue 6, ISSN (Online) 2319–1473
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.