Azərbaycanda atçılıq

Azərbaycanda atçılıqAzərbaycan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi.

Azərbaycanda xalqın tarixi ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan Atçılıq, əsasən, damazlıq, idman, əmtəəlik, turizm, işlək – kəndli (fermer) təsərrüfatlarında yük və qoşqu vasitəsi kimi istifadə edilməsi istiqamətində inkişaf etdirilir. Damazlıq və idman Atçılığından başqa qalan sahələr çox vaxt kütləvi Atçılığa aid edilir. Dünyada mövcud olan 250-dən artıq at cinsindən ikisi – Qarabağ və Dilbaz atı Azərbaycana məxsusdur. Bir çox tarixi faktlar göstərir ki, məşhur ərəb atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu madyan və törədici ayğır aparılmışdır; bunlar Azərbaycanda mədəni Atçılığın dərin köklərinin olmasını sübut edir. Xalq seleksiyası yolu ilə alınmış Qarabağ atı və Dilbaz cinslərindən başqa, resp.-da Quba yorğası, Şirvan atı və Kiçik Qafqaz atı yetişdirilir. Azərbaycanda 74,1 min baş at vardır (2010). Mütərəqqi texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında Atçılıq zavodlarında yüksək damazlıq keyfiyyətlərinə malik atlar yetişdirilir.

Növləri

Hazırda Azərbaycanda yüksək keyfiyyətli QarabağDilbaz atları, həmçinin Quba yorğası, Şirvan atı, Ərəb atı və digər növ atlar yetişdirilir.

Statistika

2012-ci ildə aid olan məlumata əsasən Azərbaycandakı atların sayı 77,208 min idi[1]. Həmin ildən bəri atların baş sayında davamlı azalma qeydə alınmışdır[1]. 2016-cı illə müqayisədə at sayı 5542 baş və ya 7,17 faiz azalaraq, ölkədə 71,666 min baş at olmuşdur[1]. Ölkədə at sayının azalmasına əsas səbəb qeyri-rəsmi yerli istehlakın olmasıdır[1].

İxrac

Azərbaycan 2016-cı ilə qədər at ixrac etməmişdir[1]. 2016-cı ildə ətlik istiqamət üzrə Azərbaycandan at ixracı 1155 baş olmuşdur[1]. Azərbaycandan ətlik məqsədilə at ixracının çox olmasının səbəbi ölkədə at ətinin ucuz olmasıdır[1]. Belə ki, dünya üzrə at ətinin orta idxal qiymətlərinə nəzər yetirildikdə görmək olar ki, Azərbaycandan ixrac olunan at ətin dəyəri dünya üzrə orta idxal qiymətindən 2 dəfə aşağıdır[1]. Azərbaycandan at ətinin əsas idxalçısı Qazaxıstandır[1].

Həmçinin bax

İstinadlar

  1. Azərbaycanda atların sayı kəskin azalıb Arxivləşdirilib 2019-09-19 at the Wayback Machine. qafqazinfo.az 05.12.2017  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.