Azərbaycanda çayçılıq
Azərbaycanda çayçılıq — Azərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi[3].
Tarixi
Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır[4].
Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir[4].
Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir[4].
Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib, eyni zamanda 9,986 mln. dollar dəyərində 2,7 min ton çay idxal edib. İdxal ixracı 8,75 dəfə üstələyib.[5]
Dövlət dəstəyi
"Çayçılıq haqqında" Qanun
Azərbaycan Respublikasında çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında" Azərbaycan Respublikası Qanunu 17 dekabr 2002-ci ildə qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır[3]. Həmin Qanuna görə çayçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri çayçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, çay məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, daxili bazarın qorunmasından, habelə çay becərən regionlarda sosial təminatın yaxşılaşdırılmasından və ekoloji tarazlığın saxlanılmasından ibarətdir[3].
Dövlət Proqramı
12 fevral 2018-ci ildə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir[4]. Həmin Dövlət Proqramı "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmışdır[6]. Müvafiq Dövlət Proqramı Azərbaycan Respublikasında çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir[4].
Elmi müəssisələr
Quba rayonunun Zərdabi qəsəbəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir[7]. İnstitutun 73 hektarlıq ərazidə Lənkəran çayçılıq filialı var[7].
İstehsalçılar
"Azərsun Holdinq"
"Azərsun Holdinq"in Azərbaycanda ən böyük çay istehsalçılarından biridir. Onun ilk investisiya layihəsi 1994-cü ildə Bakıda fəaliyyətə başlamış "Sun Tea" çay fabriki olmuşdur[8]. "Sun Tea" hazırda məşhur çay markalarının istehsalçısıdır[8]. "Sun Tea" qara çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur. Müəssisə illik ortalama 15 000 ton istehsal gücünə malikdir. Şirkətlər qrupunun Azərbaycanın cənubunda Lənkəran və Astarada paketləmə müəssisələri də fəaliyyət göstərir[8].
Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək "Azerçay" markası ilə dünya bazarına təqdim edən müəssisə Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır[8]. Almaniyanın "Heinemann" şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, üzərində "Made in Azerbaijan" yazısını daşıyan "Azerçay" markası dünyanın 50-dən çox hava limanında "Duty Free" mağazalarında istehlakçılara təqdim olunur[9], dünyanın aparıcı idman yarışlarında, beynəlxalq tədbirlərində baş sponsor kimi iştirak edir[9].
Şirkətlər qrupunun Şri-Lankadakı "İnter Tea" müəssisəsi broker olaraq birjalarda ən keyfiyyətli Seylon çaylarını tədarük edir[8].
"Azərsun Holdinq" eyni zamanda dünyaca məşhur Hindistan, Vyetnam və Keniya çaylarını birbaşa çay istehsalçılarından satın alaraq, emal müəssisələrinin xammal ehtiyacını təmin edir[8].
"Yaşıl Çay" MMC
"Yaşıl Çay"ın 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə - ölkədə elan edilən "Kənd təsərrüfatı ili"ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan "Yaşıl Çay" fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır[1].
Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılması həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur[1].
"Astaraçay" MMC
"Astaraçay" MMC 2010-cu ildə təsis edilmişdir[2].
Bu MMC-də quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Həmin plantasiyalarda əkilən "Kolxida" çay toxumları Gürcüstanın Batumi şəhərində yerləşən Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınmışdır. Toxumlar sınaqdan keçirilmiş, yerli şəraitə uyğunlaşdırılaraq əkilmişdir. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı burada heç bir kimyəvi qatqıdan istifadə edilmir. Çay sahələrində Almaniyanın "LACON" şirkəti tərəfindən ekoloji müşahidələr aparılır[2].
Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında da çay fabriki inşa edilmişdir. Ərazisi 5 hektar olan həmin fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılmışdır. Fabrik gün ərzində 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-cı ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülmüşdür[2].
Həmçinin bax
İstinadlar
- İlham Əliyev Lənkəranda “Yaşıl Çay” plantasiyası ilə tanış olub Arxivləşdirilib 2018-04-13 at the Wayback Machine. president.az, 02.09.2017 (az.)
- İlham Əliyev Lənkəranda “Astaraçay” MMC-nin çay plantasiyalarına baxıb Arxivləşdirilib 2018-04-13 at the Wayback Machine. president.az, 02.09.2017 (az.)
- "Çayçılıq haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikasının 17 dekabr 2002-ci il tarixli, 402-IIQ nömrəli Qanunu. e-qanun.az (az.)
- "“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "Azərbaycanın çay idxalı ixracını 9 dəfə üstələyib". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Arxivləşdirilib 2017-12-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- İlham Əliyev Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olub Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. president.az, 11.10.2018 (az.)
- Məhsul qrupları: ÇAY Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine. azersun.com (az.)
- İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine. president.az, 17.04.2017 (az.)