Azərbaycan tarixşünaslığı
Azərbaycan tarixşünaslığı — yerli və xarici mənbələr vasitəsilə Azərbaycanın və ya azərbaycanlıların tarixinin qeydə alınması, həmçinin Azərbaycan ədəbiyyatında tarixi əsərlərin yazılması və Azərbaycan milli tarixşünaslığının inkişafı.
Qeyri-Azərbaycan mənbələrinin rolu
Mənbələrdə türk dili və təqviminin istifadəsi
Səlcuqlardan başlayaraq şimaldan qıpçaqların, cənubdan oğuzların köçü nəticəsində Azərbaycan və erməni dilləri arasında əlaqə yaranmışdır. XII–XIV əsr mənbələrində, tarixçi Gəncəli Kirakos və Kilikiya zadəganı Sparapet Sempadın əsərlərində 200-ə yaxın türk və Azərbaycan dili sözünə rast gəlinir.[1]
Hülakü xan və xüsusilə Abaqa xandan başlayaraq tarixi əsərlərdə görülən toponimlərin bir qismi türk dilində, bir qismi monqol dilindədir. Azərbaycanlıların Göyçə adlandırdıqları, Ermənistandakı Sevan gölü Fəzlullah Rəşidəddinin XIV əsr "Cəmi ət-Təvarix" əsərinin əlyazmalarının bəzilərində "Kökçə dəniz" adlandırılır.[2] XIV əsrin əvvəllərində tarixçi Vəssaf Azərbaycan türkçəsi ilə beyitlər yazmış, onları şərqi türkcəsi imlası ilə qarışdırmışdır. İran tarixçisi Həmdullah Qəzvininin əsərlərindəki bəzi sözlər Azərbaycan ləhcəsindədir.[3]
Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 34 dəfə monqol dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.[4] Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır. Novruz bayramının bu təqvimin başlanğıcı hesab edilməsi Səfəvi tarixçisi İsgəndər bəy Münşi tərəfindən qeyd edilir: "Novruzun gəlişi ilə Türk Təqviminin İlan İli uğurlu və səadətli bir şəkildə başladı."[5]
Əsas mənbələr
Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində hunlar və xəzər türkləri haqqında məlumat verir.[6] Xəzərlərin və hunların həyatı, mənəviyyatı və inancları, xüsusilə xristianlığı qəbul etmələri təsvir edilir.[7]
Rus şərqşünas Nikolay Aleksandroviç Karaulov "Kitab əl-buldan"ın Qafqaza, Ərməniyyəyə və Azərbaycana aid hissələrini rus dilinə tərcümə etdi və bu tərcümə "Qafqazın yerlərinin və tayfalarının təsviri üçün materiallar toplusu" məcmuəsinin 1903-cü ildə işıq üzü görən buraxılışında nəşr edildi.[8] "Tarixi-Yaqubi"dən Qafqaz və Azərbaycanla bağlı hissələr Panteleymon Juze tərəfindən rus dilinə tərcümə edilərək 1927-ci ildə Bakıda nəşr edilsə də "Kitab əl–buldan"da olan məlumatlar tərcümə edilməmişdi.[9][10] "Kitab əl–buldan"da Qafqaza aid hissələr 2008-ci ildə tarix üzrə fəlsəfə doktoru Elmira Əlizadə tərəfindən azərbaycan dilinə tərcümə edildi.[11]
Elxani dövrü alimi Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsəri səlcuqların tarixindən, türk və monqol tarixindən, mədəniyyətindən, türk boylarının mənşəyindən bəhs edir, həmçinin Oğuznamə, Oğuz xanın əfsanəsi bu əsərdə mövcuddur.[12] Ağqoyunlu dövrünə aid "Kitabi-Diyarbəkriyyə" əsərində girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər gəlir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır.[13] Kitabda 1408–1419, 1424–1428, 1429–1433-cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450-ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir.[14] Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış "Tarixi-aləm arayi-Əmini" əsəri[15] dövlətin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir.[16]
Azərbaycandilli[17] Səfəvi tarixçisi Həsən bəy Rumlu fars dilində "Əhsən ət-təvarix" əsərini yazmışdır. Əsərdə XV–XVI əsrlərdə Azərbaycan, İraq, Xorasan, Mavəraünnəhr, İranın müxtəlif bölgələri və digər ərazilərdə baş verən hadisələr xronoloji şəkildə təsvir edilir.[18] Digər azərbaycandilli[17][19] fars tarixçisi İsgəndər bəy Münşinin "Tarix-i aləm aray-i Abbasi" əsəri Şah I Abbasın həyatı və hakimiyyət dövrü haqqındadır.[20]
Azəri-türkmən şair, nəqqaş, münşi (bürokrat), sufi şeyx və qələndərlər Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Ağqoyunlu bürokratı və Osmanlı tarixçisi, türkmən-azəri türkcəsi ləhcəsində danışan İdris Bitlisi vardır.[21][22] İdris Bitlisi Ağqoyunlu hökmdarı Sultan Yaqubla İran Azərbaycanından İrəvana etdiyi səyahəti "Risalə-i Xəzaniyyə" adı ilə fars dilində yazmışdır. Əsərdə Ağqoyunlular dövləti və tarixi əsərlərlə bağlı məlumatlar mövcuddur.[23]
Münəccimbaşı Əhməd Dədənin ərəbcə yazdığı "Cami əl-düval" əsərinin[24][25] əhəmiyyəti hal-hazırda itmiş olan müxtəlif mənbələrdən (xüsusilə bir çox kiçik müsəlman sülalələri haqqında) məlumatların bu əsərdə qorunub-saxlanılmasıdır. Buna misal Münəccimbaşının itirilmiş "Tarix Bab əl-əbvab" ("Dərbəndin tarixi") əsərindən istifadə etməsidir. "Tarix Bab əl-əbvab"da Cənubi Qafqazın şərqi, Arran və Adərbayqanın sülalələri haqqında çox məlumat var idi.[24]
Miflərə əsaslanan tarix
Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsəri yazılarkən, türk xalqlarının və tayfalarının tarixini yazmaq üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuş, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri idi. Oğuz rəvayətlərinin geniş yayılmasının daha bariz sübutu isə bəzi hekayələri “Oğuznamə” adlandırılan Kitabi-Dədə Qorqud dastanının Ağqoyunluların türkman mühitində, Azərbaycanda yazılı şəkildə qeydə alınmasıdır.[26]
Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır.[27] XV əsrdə Azərbaycan türk mühitində Oğuz şəcərə əfsanələrinin yayılması haqqında sübutlardan biri də oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun əsəridir. O, Məkkəyə gedərkən Osmanlı şahzadəsi Cem ilə görüşmüş və ona uyğur yazısı ilə yazılmış Oğuznamənin əlyazmasını göstərmişdir. Həsən ibn Mahmud Şahzadə Cemin istəyi ilə bir həftə ərzində “Oğuznamə”nin məlumatlarına əsaslanaraq, “Cam-i Cəm-ayin” adlı yeni bir əsər yazmışdır. Bu əsərin əlyazmasını ilk dəfə kəşf edən Əli Əmiri Əfəndinin fikrincə, müqəddəs yerlərə uzun səfər etmiş bir Azərbaycan türkünün yanında oğuz geneoloji ənənəsinə aid əlyazma nüsxəsinin olması faktının özü belə ədəbiyyatın böyük nüfuzundan xəbər verməlidir.[28]
Orta əsrlərdə Azərbaycan dilindəki əsərlərin rolu
Tarixən Azərbaycanda tarixi əsərlərin yazılması üçün ərəb-fars dillərinə əsaslanan, Azərbaycan dili elementləri ilə zəngin ədəbi dil istifadə edilirdi.[29] İlya Petruşevskiyə görə isə, Azərbaycan tarixşünaslıq ədəbiyyatı XIX əsrə qədər məlum deyildi.[30] Əlisöhbət Sumbatzadəyə görə isə, XVIII əsrdə Azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır.[31]
Bədii əsərlərdə tarixi hadisələrin xatırlanması
XI əsrdə oğuzların Anadolu və Azərbaycana gəlişi ilə birlikdə İslamın yayılması ilə bağlı cəngnamələr xüsusi məşhurluq qazanmışdır.[32][33] İzzəddin Həsənoğlunun bu qəbildən olan "Sirətün-Nəbi" əsəri əsas olaraq Azərbaycan türkçəsinin xüsusiyyətlərini daşıyır. Bu əsər digər Azərbaycan şairi Mustafa Zəririn "Sirətün-Nəbi"sindən 100 il əvvəl yazılmışdır. Həsənoğlunun "Sirətün-Nəbi"si Məhəmməd peyğəmbərin həyatı, mübarizələri və İmam Əlinin müharibələri haqqındadır.[33]
Mustafa Zəririn "Fütuhüş-Şam" əsəri Əbu Abdullah Məhəmməd ibn Vakidi əl-Mədəninin Fütuhüş-Şam adlı əsərinin tərcüməsidir. Mövzusu — Şam və ətrafının İslam ordusu tərəfindən fəthidir. Şair hələ Misirdə yaşayarkən yazmağa başlamış, 1393-cü ildə Hələbdə olarkən əsəri tamamlayıb Əmir Çulpana təqdim etmişdir.[34] Zəririn "Sirətün-Nəbi" əsəri isə VIII əsr ərəb alimi Ibni Ishaqın (? – 767) "Kitabü Sirət-ür Rəsulullah" adlı məşhur mövludnaməsinin tərcüməsidir. Ibn Ishaqın bu mövludnaməsinin orijinalı sonralar itmiş və əsər İraq alimi İbn Hişam (IX əsr) tərəfindən yaddaşa əsaslanaraq yenidən qələmə alınmışdır. M. Zərir əsəri hərfən yox, sərbəst şəkildə şərqi oğuz türkcəsində ana dilimizə çevirmişdir. Yəni mətn cümlə-cümlə deyil, oxunduqdan sonra yadda qalan əsas məğz və mətləb əsasında bərpa edilmişdir. Bu əsər türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Zərir yazdığı müqəddəmədə belə bir əsəri tərcümə etməsinin səbəbini aydınlaşdırmış və öz avtobioqrafiyası ilə bağlı bəzi əhəmiyyətli məlumatlar vermişdi.[35]
XIV əsr Yusif Məddahın yazdığı "Qazavatnamə" əsəri İmam Əli ilə bağlı hekayələrdən ibarətdir.[36] Əvvəl Mustafa Zərirə aid edilən, daha sonra Yusif Məddahın əsəri hesab edilən "Qissa-i Yusif" məsnəvisi Yusifin həyatı və Züleyxa ilə hekayəsi haqqındadır.[37] XIV əsr Əməvi tarixçi Əbu Mihnəfin əsərinin tərcüməsi olan "Məqtal-i Hüseyn" Kərbəla döyüşü ilə bağlıdır və Yusif Məddaha və ya Şadi Məddaha aid edilir.[38][39]
XIV əsrdə yaşamış Nəsir Bakuvinin azərbaycanca yazdığı 55 beytlik müxəmməsi dövrümüzə qədər gəlib çatmışdır. Əsər təqribən 1306–1310-cu illər arasında yazılmış, Elxani hökmdarı Məhəmməd Olcaytuya həsr edilmişdir. Əsərdə Olcaytunun Bakıya gəlməsi və burada gördüyü idarəçilik tədbirləri təsvir edilir:[40]
Şükr ola şol həqqə kim, bimüntəha ehsan ilən,
Sərfəraz etdi bizi Ulcaytutək sultan ilən.
… Himməti-şahanəsin hər yerdə təksir eylədi,
Xanələr abad qıldı əmr ilə, fərman ilən.
Orta əsrlər Azərbaycan ədəbiyyatında tarixi əsərlərin yazılması və tərcüməsi
XV əsrdə Teymuri elçilərinin Çinin Min sülaləsinin paytaxtı Pekinə (türk-monqol və müsəlman mənbələrində Xanbalıq adlandırılır) səfəri ilə bağlı tarixi əsər Azərbaycan dilinə tərcümə edilmişdir. Elçilərin Heratdan Pekinə getməsi və geri qayıtması bağlı günlük qeydlərdən ibarət olan əsərin orijinalı farscadır. Ağqoyunlu dövlətinin Ərdistan şəhərinin darğası Zəynəddin Nur Əli bəy Mahmudlunun əmri ilə Hacı bin Məhəmməd Ərdistanlı əsəri orta azərbaycancaya tərcümə etmişdir ("Tarix-i Xətai" (1494/95)). Əsərin orta azərbaycancada nəsrlə yazılmış ilk tarixi əsər ola biləcəyi fikirləşilir.[41]
XVI əsrdə Səfəvi hökmdarı I İsmayıl və oğlu I Təhmasibin hakimiyyət dövrləri Azərbaycan dili və ədəbiyyatının ən parlaq dövrü hesab edilir.[42] I Təhmasibin əmri ilə "Şühədanamə" və "Səfvət əs-səfa" fars dilindən azərbaycan dilinə tərcümə edilmişdir. Məhəmməd ibn Hüseyn Katib Nişati "Səfvət əs-səfa"nı şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmışdır.[43] "Şühədanamə" əsəri Əli ibn Əbu Talibin hekayələri və əfsanələri, Kərbəla döyüşü haqqındadır. "Şeyx Səfi təzkirəsi"ndə isə Şeyx Səfinin həyatı haqqındadır.[44] Bundan başqa tarixçi Şükri Bitlisi tərəfindən azərbaycan dilində yazılmış, I Səlimin hakimiyyət dövrü ilə bağlı "Səlimnamə" xüsusilə qeyd edilməlidir.[45]
XVIII əsrdə Azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır. 1711-ci ildə anonim "Xudabəndi oğlu Şah Abbasın dövrünün tarixi" əsəri yazılmışdır.[31] Bu əsər Şirvan və Qarabağ tarixindən bəhs edir.[46] 1733-cü ilə aid "Səfəviyyə padşahları" əsəri Səfəvi sülaləsinin tarixi haqqındadır. Ağa Məsih Şirvaninin "Müxəmməs"i 1749-cu ildə Şirvanda baş verən hadisələrlə bağlıdır. Şakir Şirvaninin "Şirvan hadisələri" əsəri özünü Səfəvi şahzadəsi kimi qələmə verən II Sam mirzənin üsyanı ilə bağlıdır. Molla Vəli Vidadinin "Müsibətnamə" əsərində feodal çəkişmələrinin dağıdıcılığını müstəsna bacarıq və obrazlılıqla ortaya çıxarılmışdır.[31]
- Şükri Bitlisinin "Səlimnamə"si
- "Səfvət əs-səfa" tərcüməsi
- "Şühədanamə" tərcüməsi
Azərbaycan dilində Dağıstan tarixşünaslığı
Cənubi Dağıstanda fəaliyyət göstərmiş, alim Hacı Məhəmməd əz-Zirdaği (1664/1669-1721/1728) öz elmi yaradıcılığını azərbaycan dilində yazmışdır. Onun azərbaycan dilində əlyazmasına filologiya tarixinə aid məlumatlar daxildir.[47]
Qafqazda "Dərbəndnamə" əsərinin digər dillərlər birlikdə Azərbaycan dilindəki nümunəsi də mövcud idi. "Dərbəndnamə" əsəri Azərbaycan dilində yazılmış ilk tarixi əsər hesab edilir.[48] "Dərbəndnamə"nin azərbaycan dilindəki əlyazmaları arasında XVII əsrdə Məhəmməd Ağdaşinin fars variantını istifadə edərək yaratdığı Rumyantsev nüsxəsi vardır.[49] V.V.Bartold bu nüsxəni 1719-cu ilə, Mirzə Kazım bəy 1731-ci ilə, Q.M.R.Orazayev isə 1815–1816-cı illərə aid edir.[50] Maqsud Əlixanov Avarski XIX əsrin sonunda Zaqatala qəzasında İlisulu Xəlil bəyin "Dərbəndnamə"nin ərəb nüsxəsi ilə birlikdə Azərbayqan versiyasının əla nüsxəsinə sahib olması haqqında məlumat verirdi. Ancaq bu məlumat təsdiq edilməmişdir.[51] Hal-hazırda əsərin Azərbaycan dilində 3 əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır,[52] 1 Azərbaycan əlyazması isə Kiyevdə tapılmışdır.[53]
Mirzə Kazım bəy Dərbəndnamənin Dərbənd əhalisi tərəfindən toplu şəkildə oxunduğunu öz gözləri ilə gördüyünü demişdir. Bu adət vətənin tarixini öyrənmə həvəsi və Azərbaycan tarixşünaslığının yaranmasının səbəbi olaraq dəyərləndirilmişdir. Digər bir fikrə görə, bu, sadəcə olaraq, Anadoluda "Battalnamə", "Danışməndnamə", "Hz. Əlinin müharibələri" əsərlərinin oxunması ənənəsinin Qafqazdakı bir oxşarıdır. Çünki əsərdə iranlılar və ərəblər əsərin subyektidir və xəzərlər kafir və o biri tərəf olaraq göstərilir. Əsərdə xəzərlər türk adlandırılmasa da, onların Xaqan, Tarxan, Barsıq, Bəşəngi kimi ad və ünvanlara malik olması adi insanların nəzərinə çatmaya bilərdi, ancaq tarixini öyrənəcək qədər savadlı zümrə bunu başa düşməli idi.[54]
Azərbaycan və ləzgi dillərində yazan Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazdığı "Əsəri-Dağıstan" kitabı onun öz şərhləri, müşahidələri və şeir əlavələri ilə Dağıstan tarixi ilə bağlı Şərq yazılı məlumatlarını ehtiva edirdi.[55] Azərbaycan dilində yazılması əsərin dövrün bütün savadlı şəxsləri üçün oxunaqlı olmasına səbəb olur, Əlkədəri Dağıstanı qlobal İslam tarixinə inteqrasiya edirdi.[56]
Superhinin azərbaycan dilində yazdığı, 1891-ci ilə aid “Kitab Dərbənd-namə” Dağıstanın XVI-XIX əsrlər tarixi haqqındadır.[57] İsrafil Dərbəndi Superhinin oğlu Mirzə Cəbrayılın 1893-cü ilə aid “Zikr əxvələt Qazi Malla Avari” (“Qazı Malla Avarinin əməlləri haqqında”) tarixi əsəri Qafqaz müharibəsi dövrünə həsr edilmişdir, azərbaycan dilində yazılmışdır.[58]
XIX əsr—XX əsrin əvvəlləri
2.Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsəri[59]
3.Əhməd bəy Cavanşirin "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsəri
4.Mirzə Yusif Qarabağinin "Tarixi Səfi"si
5.Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ"ı
6.Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsəri
7.Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ"ı
8.Məhəmmədəli bəy Məxfinin "Əhvalati-Qarabağ"ı
9.Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" əsəri
XIX əsrin I yarısı üçün xarakterik olan saray tarixçiliyinə zədəgan-mülkədar sinfi tərəfindən peyğəmbərlər, hökmdarlar, övliyalar, filosoflar və alimlərin həyatının xronoloji bir ardıcıllıqla salnaməyə çevrilməsi metodu daxil idi.[46] Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur.[60]
Azərbaycanlılar tərəfindən yazılan[61] "Qarabağnamələr" olaraq adlandırılan əsərlər Qarabağ tarixinin öyrənilməsi vacib yer tutur. Bunlardan yalnızca Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si və Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ"ı[62] azərbaycan dilində yazılmışdır. Adıgözəl bəyin "Qarabağnamə"si 1736–1848-ci illərdə Qarabağda baş verən hadisələrlə bağlıdır, rus mövqeyindən yazılmışdır.[63]
XIX əsr Azərbaycan tarixşünaslığının digər nümunələri İsgəndər bəy Hacınskinin "Qubalı Fətəli xanın həyatı", Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsilləri", Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi", Səidəli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran", Seyid Əzim Şirvaninin "Şirvan xanlığının tarixi" və "Şirvan diyarının qədim abidələri" əsərləridir.[64][65] Şeyx İbrahim Qüdsi tərəfindən qələmə alınan Tarix-i Müqəddəs əsərində İslam peyğəmbərinin və imamların həyatı haqqında, Gəncə hökmdarı Cavad xan və rus işğalı haqqında məlumt verilmişdir.[66]
XIX əsrin II yarısının zədəgan-mülkədar tarixçiliyinə Rzaqulu bəy, Həsənəli xan Qaradaği (1850-1929), Mir Mehdi Xəzani (1811-1893), Bəhmən mirzə Qovanlı-Qacar, Əbdül Lətif Əfəndi və Hacı Seyid Əbdülhəmid daxildir.[67]
XX əsrin əvvəllərində Həsən Mollazadə Gəncəvinin "Zübdət-ət-təvarix" əsərində Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Nadir şah dövrləri, XVIII əsrin sonlarından XIX əsrin əvvəllərinə qədər olan dövr haqqında məlumat verilir, hadisələr sadəcə təsvir edilərək dini bir baxışla məsələlərin üzərindən keçilir. Bundan başqa bu dövrdə Fərhad Ağazadə və Şeyx İbrahim Tahir Musayev Azərbaycan tarixi və mədəniyyətinə aid bir sıra məqalələr dərc etdirmişdir.[68]
- ""Gülüstani-İrəm""
- "Əhvəlat-i Qarabağ"
1918-ci ildən etibarən
Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri tarix idi.[69] 1919-cu ildə İstiqlal Muzeyi yaradıldı, Cavad bəy Rəfibəyov, Rəşid bəy Əfəndiyev, Yevgeni Paxomovu və başqaları tərəfindən "Şərq arxeologiyası və tarixini sevərlər dərnəyi" (sonrakı adı "Müsəlman Şərqini Öyrənən Cəmiyyət") təşkil edildi.[70]
1936-cı ildə AMEA Tarix İnstitutu fəaliyyət göstərməyə başladı. Sovet dövrü tarixşünaslığına Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi", Yevgeni Paxomovun "Azərbaycan tarixinin qısa kursu", V. Sısoyevin "Azərbaycan (Şimali) tarixinin qısa oçerki", Vasili Bartoldun "Azərbaycan tarixinin qısa xülasəsi" əsərlərini misal çəkmək olar. Sovet dövründə Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi üçün İshaq Cəfərzadə və İqrar Əliyevin "Azərbaycanın qədim tarixi üzrə oçerklər", Əbdülkərim Əlizadənin "13–14 əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi", XIX–XX əsr Azərbaycan tarixinin öyrənilməsi üçün isə Əlisöhbət Sumbatzadənin "Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri" və "XIX əsrdə Azərbaycan Sənayesi" əsərləri diqqətəlayiqdir. 50-ci illərin sonu—60-cı illərin əvvəllərində nəşr olunan 3 cildlik "Azərbaycan tarixi" (dörd kitabda) əsəri isə Azərbaycan tarixinin bütün mərhələlərini əhatə edirdi. Qafqaz Albaniyası tarixinin öyrənilməsində Fəridə Məmmədova və Ziya Bünyadov, Şirvanşahlar dövləti və Bakı şəhərinin tarixinin öyrənilməsində isə Sara Aşurbəyli xüsusilə qeyd edilməlidir.[70]
Həmçinin bax
İstinadlar
- Azerbaycan-ermeni dil temasları üzerine. Z. İ. Budaqova, V. L. Qukasyan. Çeviri: Doç. Dr. Sevinç Üçgül)
- Sümer, 1957. səh. 435-436
- Togan, 1981. səh. 272 e-g
- István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia.
- SAFEVÎ DÖNEMİ TARİH YAZIMINDA ON İKİ HAYVANLI TÜRK TAKVİMİ. Namiq Musalı. I Türk Kültürü Araştırmaları Sempozyumu. 2014
- Патканов К. П. Предисловие // История Агван Моисея Каланкатуйского.— СПб., 1861.— стр. XII.
- Смбатян Ш. В. Предисловие. Мовсес Каланкатуаци. История страны Алуанк. Матенадаран 1984
- Отдѣл первый. — Свѣдѣнiя арабскихь писателей о Кавказѣ, Арменiи и Адербейджанѣ. III. Ибн–Хордадбэ. IV. Кудама. V. Ибн–Рустэ. VI. Ал–Якубiй. — Переводь и примѣчанiя Н. А. Караулова, стр. 55. // Сборникь матеріаловь для описания мѣстностей и племень Кавказа (СМОМПК). Изданіе Управленія Кавказскаго Учебнаго Округа. Выпускь тридцать второй. Тифлись: Типографія Канцеляріи Главноначальствующаго гражданскою частію на Кавказѣ и К. Козловскаго, 1903.
- Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, 2005 Orijinal mətn (az.)Azərbaycan tarixinə aid təqdim edilən bu materiallar məcmuəsinə ancaq ərəb tarixi əsərlərindən, daha doğrusu, «ilm ət-tərix» cərəyanı nümayəndələrinin əsərlərindən məlumatlar daxil edilib. Bunlar aşağıdakı əsərlərdən götürülmüş parçalardır:
...
Əhməd ibn Əbu Yaqub ibn Cəfər əl-Yaqubi. Tarix.
...
Bəlazuri və Yaqubinin əsərlərindən Azərbaycana dair çıxarışlar P.K.Juze tərəfindən rus dilinə tərcümə edilmiş və 1927-ci ildə de Quyenin nəşrindən götürülmüş ərəb mətni ilə çap olunmuşdur. - Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, 2005 Orijinal mətn (az.)Yaqubinin «Tarix» əsərinin II cildindən Azərbaycan və Ərminiyəyə aid çıxarışlar professor P.K.Jüze tərəfindən rus dilinə tərcümə edilmiş və 1927-ci ildə Bakıda ərəb mətni ilə nəşr olunmuşdur. Nəşrdəki çıxarışlar Xutsmanın Leyden nəşrindən götürülmüşdür.
- "2008-ci ildə AMEA Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında hesabat — www.orientalstudies.az". Archived from the original on 2015-08-19. İstifadə tarixi: 19 avqust 2015..Orijinal mətn (az.)İş: Əl-Yaqubi «Kitab əl-buldan». Qafqaza aid hissələrin tərcüməsi və şərhlər (3 ç.v.), icraçı – t.e.n., b.e.i. E.E.Əlizadə, icra müddəti – 2008-ci il.
IX əsrin görkəmli tarixçisi Əbu-l-Abbas əl-Yaqubi «Kitab al-buldan» əsərində səyahət etdiyi ölkələrdəki şəhərlər arasındakı məsafələr, ticarət yolları, vergi sistemi haqqında zəngin məlumat verir. Azərbaycanın əsas şəhərlərindən Ərdəbil, Bərdə, Təbriz, Urmiyə, Marağa, Zəncan və s. adını çəkir. - Ghiasian, Mohamad Reza. "The Topkapı Manuscript of the Jāmiʿ al-Tawārikh (Hazine 1654) from Rashidiya to the Ottoman Court: A Preliminary Analysis". Iranian Studies (ingilis). 51 (3). 2018-05-04: 399–425. doi:10.1080/00210862.2018.1428085. ISSN 0021-0862. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
- Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt XXVI. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2002, sayfa 75
- Введение, стр. 33. // Великие Комнины и Восток (1204–1461). — Ш. М. Шукуров. Под редакцией С. П. Карпова. Серия "Византийская библиотека. Исследования." Санкт–Петербург: Издательство Алетейя, 2001, 448 стр. ISBN 5-89329-337-1
- В. История Ирана: (10) Ак-Коюнлу, стр. 849. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель. Часть II Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine. История Ирана, Курдистана, Средней Азии, Афганистана, Турции, Кавказа, Арабских стран, Европы и Америки, Китая и Японии. Ответственный редактор Ю.Э. Борщевский. Москва: Главная редакция восточной литературы, 1972, 616 стр. (от 699 до 1314)
- § 2. Его труды (текст) // Фазлуллах ибн Рузбихан Хунджи Arxivləşdirilib 2011-08-22 at the Wayback Machine. Тарих-и алам-ара-йи амини. Баку. 1987
- Willem Floor and Hasan Javadi The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian StudiesOrijinal mətn (ing.)Not only did Persians learn another language, but so did the Azerbaijani Turkish speakers, who, despite the fact that Azerbaijani Turkish was the court language, had to know Persian, because it was the bureaucratic and literate language of the land. Shining examples of Qizilbash who spoke and wrote perfect Persian were Hasan Beg Rumlu (author of the Ahsan al-Tavarikh) and Eskandar Beg Monshi (author of the Tarikh-e ‘Alamara-ye ‘Abbasi). But among those Azerbaijani Turkish speakers who were less literary inclined some (or maybe many) made slow progress in learning Persian.
- Шахин Фарзалиев. Азербайджан в 15–16 веках: на тему "Ахсанут-таварих" Гасан бека Румлу. — Баку, 1983.
- И. П. Петрушевский "Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 16 начале XIX века" Восточный факультет Ленинградского государственного университета 1949 г. стр 18. "Искендер-бек-Туркеман, по прозванию Мунши ("секретарь"). Этот крупнейший из представителей сефевидской придворной историографии родился около 968 г. х. (1560/61 г. н. э.) и происходил из азербайджанского кочевого племени туркеман"
- Тарих-и аламара-йи Аббаси // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2006. — Т. V. — ISBN 9965-9908-5-9. (CC BY-SA 3.0)
- İnalcık, 2011. səh. 43-45
- İnalcık, 2011. səh. 414
- B. AKOT, "“Mevlâna İdris-i Bitlisî ve Manzum Kırk Hadîs Tercümesi: Hadîs-i Çihil”,," İslami Araştırmalar , vol.24, no.2, pp.71-84, 2013.
- Kramers, 1993. səh. 572–573
- Hatice Arslan-Sözüdogru — Müneccimbasi als Historiker — Islamkundliche Untersuchungen Band 289, Klaus Schwarz Verlag, ISBN 978-3-87997-363-7
- Mustafayev, 2021. səh. 87
- Mustafayev, 2021. səh. 89
- Mustafayev, 2021. səh. 88
- Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 26.
- Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 25.
- Сумбатзаде, 1987. səh. 18-20
- Altaylı, 2023. səh. 239-240
- Altaylı, 2023. səh. 241-242
- Xəlilov, Adilov, 2006. səh. 6
- Babayev, 2008. səh. 95-96
- Smith, 1976. səh. 5
- Kayaokay, 2022. səh. 27–28
- Ağayeva, 2021. səh. 481
- Smith, 1976. səh. 6
- Sənan İbrahimov. Köbnü məkanə sığmayan Nəsimi. Bakı, "Ləman" nəşriyyatı, 2019. 304 səh. Səhifə 37.
- MUSTAFAYEV, Şahin: “ İpek Yolu Sefaretnameleri: Bir Akkoyunlu El Yazmasında 1419-1421 Yıllarında Çin’e Gönderilen Bir Timurlu Büyükelçiliğinin Tarihi” , Ankara, Yükselen İpek Yolu: İpek Yolu’nda Kültür Ve Sanat, 2016, 3: 67-87. (referans sayfası 68-69)
- H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
- Şeyx Səfi təzkirəsi ("Səfvətüs-səfa"nın XVI əsr türk tərcüməsi). Nəşrə hazırlayan: M. Nağısoylu, S. Cabbarlı, R. Şeyxzamanlı. Kitabın redaktoru, izahların və lüğətin müəllifi: Möhsün Nağısoylu. Bakı: Nurlan, 2006, 932 səhifə (Təkrar nəşri: 2010).
- Heidi Stein. Ajem-Turkic (англ.) // Encyclopaedia of Islam, Three. — Brill, 2014.
- ŞüKRİ-I BİTLİsİ VE SELİMNAMESI. Doç. Dr. Ahmet UGUR: Arxivləşdirilib 2018-07-19 at the Wayback Machine Eseri olan SELIM-NAME nin bir adı da FVTVHATV'S-SELIMIYYEdir. Çokuzun bir şekilde mesnevi terzinde Azeri lehçesiyle yazılmıştır. Şehsüvar.oğlu Ali Bey'in isteği üzerine Ahmedi'nin ıskender-namesi şeklinde yazılmıştır. Fakat daha sonra'HaliI-oğlu Koçi Bey, eserde birçok yalnışlar olduğunu söylemişve bunun üzerine yazar, eseritekrar, Koçi Bey'in verdiği bilgiler üzerine, yazmıştır. Eser bir geniş girişten sonra, Selim'in Trabzon da valiliği ile başlar ve KanUni'nin tahta çıkması ile son bulur.
- Hacısalihoğlu, 2012. səh. 47
- Гасанов, 1994. səh. 155—157
- Иманов Г. Вопросы историографии Азербайджана. Наши достижения и ближайшие задачи // Наука в АССР за 15 лет. — Баку, 1936. — С. 155.
- Оразаев Г-М. Р. Дербенд-наме (Румянцевский список) // Дагестанские исторические сочинения. — М.: Наука, 1993. — С. 6—7, 12.
- Оразаев Г-М. Р. Дербенд-наме // Дагестанские исторические сочинения. — М.: Наука, 1993. — С. 11.
- Бартольд В. В. Сочинения. — М.: Изд-во восточной литературы, 1973. — Т. 8. — С. 476.
- Yükselen Peler, 2016. səh. 97-98
- SEYİTYAHYA, Nariman. DERBENDNÂME’NİN KYİV YAZMASINDAKİ VERSİYONU VE ONUN ZEYLİ. Kiyev: VI. INTERNATIONAL EUROPEAN CONFERENCE ON SOCIAL SCIENCES. 2021. səh. 342-351. 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
- Yükselen Peler, 2016. səh. 99
- Большая советская энциклопедия. Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine — 1952. — С. 287. Orijinal mətn (rus.)Связи с Азербайджаном способствовали возникновению в конце 19 в. у лезгин и светской письменной литературы. Виднейшим её представителем был Гасан-Алкадари (1834–1910) — автор широко распространённой книги „Асари-Дагестан“, написанной в 1892 на азербайджанском языке и представляющей собой свод восточных письменных сведений по истории Д. с многочисленными комментариями, замечаниями и стихотворными вставками самого Алкадарп.
- Gould, Rebecca Ruth, and ريبيكا روث جولد. "The Antiquarian Imagination in Multilingual Daghestan — تخييل الأثري في ثقافة داغستان متعددة اللغات." Alif: Journal of Comparative Poetics, no. 41, 2021, pp. 38–72. JSTOR, https://www.jstor.org/stable/27002734 Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine. Accessed 21 Mar. 2023.
- Тагирова Н. А. Оригинальная дагестанская литература Нового времени на арабском языке (по материалам Фонда восточных рукописей Института истории, археологии и этнографии ДНЦ РАН) // Дагестан и мусульманский Восток. Сборник статей. — М., 2010. — С. 248.
- Абдурахман из Газикумуха. Книга воспоминаний саййида Абдурахмана, сына устада шейха тариката Джамалуддина ал-Хусайни о делах жителей Дагестана и Чечни / Пер. с араб. М.-С. Саидова. Редакция перевода, подготовка факсимильного издания, комментарии, указатели А. Р. Шихсаидова и Х. А. Омарова. Предисловие А. Р Шихсаидова. — Махачкала: Дагестанское книжное издательство, 1997. — С. 5—18.
- Hewsen, 1995. səh. 270
- "БАКИХА́НОВ". Краткая литературная энциклопедия. 2012-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- Bournoutian, 1994. səh. x
- Hacısalihoğlu, 2012. səh. 63
- Hacısalihoğlu, 2012. səh. 54
- Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 547
- Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 649-650
- Hacısalihoğlu, 2012. səh. 48
- Сумбатзаде, 1987. səh. 40
- Hacısalihoğlu, 2012. səh. 66-67
- Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998
- Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 650-652
Ədəbiyyat
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. 884 səh. ISBN 978-9952-441-01-7.
- ALTAYLI, S. (2023). İZZEDDİN HASANOĞLU’NUN “KİTAB-I SİRETÜ’N NEBİ” MESNEVİSİNDE HZ. ALİ CENKNAMELERİNİN İZLERİ. Karadeniz Araştırmaları, 20(77), 237-258. https://doi.org/10.56694/karadearas.1267678
- Ağayeva, Sevinc. "Traces of Folk Literature in the "Maqtal" of Yusuf Maddah in the 14th Century" (PDF). Söylem Filoloji Dergisi. 6 (2). August 2021: 476–481. doi:10.29110/soylemdergi.935736. ISSN 2548-0502. 2023-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-20.
- Bournoutian, George. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh. Mazda Publishers. 1994. ISBN 978-1-56859-011-0.
- HACISALİHOĞLU, FUAT. Azerbaycan'da tarihçilik. Ankara Üniversitesi. 2012. səh. 378. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
- Hewsen, Robert H. "Review: George A. Bournoutian, A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh". Journal of the Society for Armenian Studies. Society for Armenian Studies. 6. 1995.
- Kayaokay, İlyas. 14. Asrın Yeni Keşfedilen İki Eseri: Hikâyet-i Yemâme / Sehâvet-i Imâm 'Ali [Two Newly Discovered Works of the 14th Century: Hikâyet-i Yemâme / Sehâvet-i Imâm 'Ali] (türk). DBY Yayınları. 2022. ISBN 978-625-7471-65-7. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- Kramers, J. H. Müned̲j̲d̲j̲im Bas̲h̲i̊ // The Encyclopedia of Islam, New Edition, Volume VII: Mif–Naz. Leiden and New York: BRILL. 1993. 572–573. ISBN 90-04-09419-9.
- Гасанов М. Р. Очерки истории Табасарана. — Махачкала: Дагучпедгиз, 1994.
- Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine. Ərəbcədən tərcümə edən, ön söz, qeyd və şərhlərin müəllifləri: Z. Bünyadov, C. İsgəndərli, H. Əkbərov, S. Süleymanova, E. Ağayeva. Bakı: "Nurlan" NPM, 2005, 336 s.
- Meddāḥ, Yūsuf-i. Smith, Grace Martin (redaktor ). Varqa Ve Gülşāh: A Fourteenth Century Anatolian Turkish Mes̲nevī. E. J. Brill. 1976. ISBN 978-90-04-04742-6. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- Сумбатзаде А. Азербайджанская историография XIX–XX вв.. — Б., 1987. — С. 18–20:.
- Sümer, Faruk. "Azerbaycan'ın Türkleşmesi Tarihine Umumi Bir Bakış". Belleten (türk). 21 (83). 20 iyul 1957: 429–448. ISSN 0041-4255. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
- YÜKSELEN PELER, G. (2016). Bakü’de Bulunan Üç Derbendnâme Nüshası Üzerine. Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 30(41), 97-108.
- Yaqub Babayev. ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII-XIV ƏSRLƏR). Bakı: ADPU. 2008. səh. 128.
- Şaməddin Xəlilov, Məmməd Adilov. Mustafa Zərir. Yusif və Züleyxa (PDF). Bakı: Şərq-Qərb. 2006. səh. 128. ISBN 9952-34-016-8.
- Mustafayev, Shahin. GENEALOGICAL LEGENDS AS A REFLECTION OF THE HISTORICAL MEMORY OF THE ANCIENT OGHUZES. НАРОДЫ И РЕЛИГИИ ЕВРАЗИИ. Том 26, №1. 2021. səh. 82-96. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.