Azərbaycan etnoqrafiyası

Azərbaycan etnoqrafiyasıAzərbaycanda yaşayan xalqların özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri araşdırır, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Yəni, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.

Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.

Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir. Heç şübhəsiz, maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır.

Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin florafaunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir ki, xalq minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan çox şey əxz etmiş, faydalanmış və zənginləşmişdir. Xalqın etnoqrafiyası Qafqaz, bir qədər də geniş mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz tərkib hissəsidir. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spesifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı surətdə fərqləndirilir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik empirik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.

Əsasən, XIX əsrin ortalarında maldar elatların oturaq həyata keçməsi nəticəsində salınan kəndlərdə icma münasibəti qalıqları daha çox mühafizə olunduğundan, oturaqlaşma zamanı qohumluq prinsipi üzrə yerləşmə ənənəsinə ciddi əməl edilmişdir. Oturaqlaşma prosesi isə nəsli icmalardan ibarət olan qışlaqlar arasında getdiyindən, yeni yaranan kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil olunmuşdur. Nəticədə formalaşan adət-ənənələr bütün xalq üçün xarakterik olmuşdur.

Azərbaycan ərazisinidə ailənin təşəkkül prosesinin Eneolit dövrünü sonunda baş verdiyi ehtimal edilir.

Azərbaycan ailəsi və ailə məişəti haqqından mənbələrdə, yazılı abidələrində və qaynaqlarda, XIII əsr böyük Azərbaycan alimi Nəsrəddin Tusinin, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatını nümunələri olan dastanlarda əhəmiyyətli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI–XVIII əsrlərə aid mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda da öz əksini tapmışdır. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbaycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət-ənənələrini əsrlər boyu qoruyub saxlaya bilmiş, onları təkmiləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zamanımızadək gəlib çatmışdır.

Azərbaycan etnoqrafiyası nəninki Qafqazın, ümumilikdə dünya etnokulturologiyasını zənginləşdirən bir məxəzdir. Məhz buna görə də Azərbaycan dövləti maddi və mənəvi mədəniyyətin qorunmasına, inkişafına və təbliğinə yüksək səviyyədə diqqət yetirir. Bu Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2008-ci ildə imzaladığı sərəncamda bir daha qeyd olunmuşdur.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.