Azərbaycan atları
Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü [1] Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağda, Qubada, Bakıda, Qazaxda və digər bölgələrində yetişdirilirdilər.
Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, "At igidin dostudur" xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı "Bozat" dillər əzbəri olmuşdur.
İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli – monumental kompleks də dəqqəti cəlb edir. (Heykəltəraş Georgi Caparidze, memar Elbəy Qasımzadə). Heykəl-kompleks, həm atda olan tükənməz gücü nümayiş etdirir; həm də yerin təkindən çıxan atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.
Azərbaycanda atçılığın tarixi
Azərbaycanda atçılıqla qədim zamanlardan məşğul olmuşlar. Herodot yazır ki, Midiyada Nise adlanan geniş bir vadi var ki, burada da çox şahanə atlar saxlayırlar. Qədim Albaniyda da atçılıq inkişaf etmişdir. Midiyalılar və albanlar atdan orduda və təsərrüfat işlərində geniş istifadə etmişlər.
Tapılan arxeoloji materiallar söyləməyə əsas verir ki, hələ Tunc dövrünün son mərhələsində Azərbaycanın ərazisində yaşayan insanlar burada atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B.A. Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhliləşdirmə ocaqlarından olduğunu göstərir.
Ərəb alimi İbn – Xəuqəl XII əsrdə yazmışdır ki, Azərbaycan atları böyük şöhrət qazandığı üçün, onlar İran, İraq, Hindistan, Misir, Suriya və başqa ölkələrdə böyük tələbat var idi.
Rus alimi İ.İ.Kalugin Azərbaycan atlarının tarixinin eramızın I əsrinə gedib çıxdığı qənaətindədir. Digər rus alimi K.P.Boçkaryov onları İran və Parfiya atlarının nəsli hesab edir. Binəqədi və Keşlə ətrafında aparılan qazıntılar sübut edib ki, Azərbaycanda atlar hətta tunc dövrünün ortalarından əhliləşdirilib. Albaniyada da zəngin otlaqların hesabına atçılıq yüksək səviyyədə olub.
Qədim yunan tarixçisi Strabon Albaniya atlarının çox ucaboy olduğunu yazır. Tarixçilərin Azərbaycan ərazilərində gedən müharibələrdə süvari orduların iştirakını təsvir etməsi çox şey deyir. Orta əsrlərdə Azərbaycan atları yüksək qiymətləndirilib. Ərəb mənbələrində göstərilir ki, Azərbaycan atına İranda, İraqda və Suriyada tələbat varmış. Bu atları Hindistana və Misirə aparırlarmış. Azərbaycan ərazisinə yadelli hücumları atların taleyində iz qoyub. Hər dəfə qəsbkarlar ölkədən çoxlu at aparırmışlar.[2]
Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır.[3]
Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli "Zaman" adlı kəhər bağışlamışdır.
Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.
"Azərbaycan atçılığı" kitabından
1960-cı ildə isə R.X.Səttarzadənin "Azərbaycan atçılığı" kitabında yazır: "Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilbaz atı, Quba Yorğası və Şirvan atı daxildir". Qafqazın və Rusiyanın bir sıra at cinslərinin yaxşılaşdırılmasında Azərbaycan atlarından geniş istifadə olunub. Bizdə atlar ilxılarda saxlanıb. Mütəxəssislərin yekdil fikrinə görə, Azərbaycan atlarının hər cür şəraitə uyğunlaşması və uzaq yürüşlərə dözümlülüyü, ilk növbədə, bununla əlaqədardır. Bizim atlar kiçikboylu olsalar da, (bu çatışmazlığı aradan qaldırmaq məqsədilə onları ərəb atı və Terek atı ilə cütləşdiriblər) temperamentlidirlər və bədən quruluşları son dərəcə mütənasibdir.[4]
Azərbaycan atçılığın inkişafı üzrə dövlət proqramı haqqında
Azərbaycan hökuməti atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə proqramı təsdiqləyib.
Proqramda göstərilir ki, Azərbaycan atçılığın qədimdən inkişaf etdiyi ölkələrdən biridir. "Pənah xan, Mehdiqulu xan və Cəfərqulu xanın Qarabağ bölgəsindəki atçılıq zavodları "Dilbaz" cins atının formalaşmasında və təkmilləşməsində önəmli rol oynayıb. Bir sıra faktlar sübut edir ki, Azərbaycan atları dünyada geniş yayılmış ərəb və ingilis cinc atlarının formalaşmasında müəyyən rol oynayıblar",-deyə proqramda bildirilir.
Qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusfur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır. Proqrama əsasən son məlumatlara görə Azərbaycanda 69 984 baş at yetişdirilir. Bunun 20-22%-i "Qarabağ", 14%-i "Dilbaz", 8-10% "Quba yorğası" və "Kiçik Qafqaz", həmçinin Şirvan atları, 1%-i əsil ingilis və ərəb cins atlarına məxsusdur, qalanları isə cins deyil.
Proqramda elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması, müvafiq kitabların buraxılması, reyestr, cins atların, pasportlarının, qeydiyyat formalarının, həmçinin normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması nəzərdə tutulur.[5]
Atlara qayğı
Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Aqrar Universiteti) SSRİ dövründə atçılıq üzrə yeganə ixtisaslı kadrlar hazırlayan fakültə də fəaliyyət göstərib. Lakin ötən əsrin 90-cı illərindən sonra sözügedən sahə inkişaf etdirilmədiyindən baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələnib. Bununla yanaşı, atçılıq fakültəsi də tələbə qəbulu olmadığından bağlanıb.
Azərbaycanda vaxtilə Ağdamda, Şəkidə, Ağstafada atçılıq zavodlarının çox məhsuldar fəaliyyət dövrləri olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, aqrar islahatlar aparıldıqdan sonra bu gün ölkədə atların sayı artaraq 71 min başa çatmışdır. Bu, 1995-ci ilə nisbətən 61 faiz çoxdur. Lakin vaxtilə respublikamızda saxlanılan atların sayı bundan bir neçə dəfə çox olub. Hazırda Dövlət Damazlıq Təsərrüfatlarında 347 baş at yetişdirilir. Hər il Bakı Dövlət Cıdır Meydanında 60 başa qədər damazlıq at sınaqdan keçirilir. Respublikda xüsusi mülkiyyətə əsaslanan 20-yə qədər hüquqi və fiziki şəxsdə 500-dən artıq cins at var. Onlardan yalnız Binədəki Azərbaycan Atçılıq Klubunda 150 baş təmizqanlı ərəb, Axaltəkə və ingilis atları yetişdirilir.
Atüstü oyunlar
Ölkəmizdə hələ lap qədim zamanlardan idmanın digər növlərinə nisbətən daha çox atüstü milli oyunlarla məşğul olurdular. Bu oyunların 24 əsrlik tarixi vardır. Yaxın Şərq və Orta Asiya ölkələrində atüstü oyunlar igidlik və cəsurluq rəmzi olub. Lakin ötən əsrin 50-ci illərinə kimi ölkədə atüstü oyunlar barədə məlumatlar üzə çıxmamışdır. 1000 il əvvəl həvəslə oynanılan Çövkan, Sür Papaq, Bahərbənd, Yaylıq, Gərdək qaçırmaq və s. oyunlar haqqında əksər əhalinin, xüsusən də gənclərin heç bir anlayışı yox idi. Həmin dövrdə bu məsələ respublikanın əməkdar məşqçisi Fikrət Hüseynovun diqqətini cəlb edir. O, bu sahədə tədqiqat işləri aparmağa başlayır. Sirr deyil ki, 1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası gərgin axtarış və əmək tələb edirdi.
1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsinin çıxacığında balaca cıdır düzü təşkil edilərək 4 kolxozdan atlar seçilir və atüstü oyunlar keçirilməyə başlanılır. Bu dövrə qədər Azərbaycan, atüstü milli oyunlar üzrə İttifaq miqyaslı yarışlarda iştirak edə bilmirdi. Bunu aradan qaldırmaq üçün Gəncə ətrafında yerləşən 4 kolxozda 10-dan çox xüsusi komandalar yaradılaraq, məşqlərə başlanıldı. Azərbaycan atüstü milli komandası 1961-ci ildə Moskvaya yarışa dəvət alır.
İlk yarış Azərbaycan ilə erməni çaparları arasında keçirilməli olur. Azərbaycan komandası 3:1 hesabı ilə qalib gəlir.
İlk dəfə F.Hüseynov tərəfindən bərpa edilmiş atüstü milli oyunlar onun rəhbərliyi altında 1958-1960-cı illərdə Gəncə şəhərində nümayiş etdirilmişdir. Fikrət Hüseynov gərgin əməyi nəticəsində XX əsrin 50-ci illərinin sonunda başda Çövkən olmaqla bir sıra milli oyunlarımız bərpa edilmişdir. O, ötən müddət ərzində 10 xalq oyunun tarixi sənədlər və folklor materialları əsasında bərpa etdirib, yarış qaydalarını hazırlamış, kitabçalar şəklində xalqa çatdırmışdır. "Piyalə və ox", "Baharbənd", "Sürpapaq", "Gərdək qaçırmaq" və s. Oyunlar belələrindəndir.
Bu gündən Azərbaycanda atüstü oyunların inkişafı Mədəniyyət və Turizm Nazirliyinin yalnız Respublika Atçılıq Turzim Mərkəzi tərəfindən həyata keçirilir.
Azərbaycanda atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir
Azərbaycanda bir neçə min illik yaşı olan atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir. Atçılıq ənənələri isə hər bir xalqa məxsus olan mədəniyyət deyil. Buna ən azı belə bir misal gətirmək olar ki, dünyada məşhur olan bir neçə at cinsləri vardır və onlardan da biri məhz Azərbaycana məxsusdur.
İstinadlar
- BSE, Atlar (rus dilində) Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine.
- "Strabon Azərbaycan atlarından yazıb". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-01.
- "At muraddır, insanların dostudur". 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
- Atları yəhərləyin
- Azərbaycan hökuməti Qarabağ atlarının inkişafına təkan verməyi qərara alıb
Xarici keçidlər
- Azərbaycan atları
- Şəkidə at yarışları keçirilib Arxivləşdirilib 2011-07-13 at the Wayback Machine