Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi[1].
Fəaliyyəti
1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə Azərbaycan Milli Şurasının üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi.
Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi. 1919-cu ilin yazında Denikin təhlükəsinə qarşı hərbi əməkdaşlığı təşkil etmək üçün diplomatik nümayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi və Azərbaycan hərbi nazirinin təqdimatı ilə podpolkovnik Məmməd bəy Əliyev 1919-cu il aprelin 8-də bu vəzifəyə təyin edildi. 1919-cu il mayın 26-da isə Gürcüstandakı diplomatik nümayəndəlik yanında Azərbaycan Maliyyə Nazirliyinin agentliyi yaradıldı. Avqustun 25-də ona Tiflisdə Azərbaycan Dövlət bankının agenti vəzifəsini icra etmək də həvalə olundu.
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi Borçalı qəzasının azərbaycanlı əhalisinin hüquqlarının qorunması, onların erməni və gürcü silahlı dəstələrinin basqınlarından müdafiəsi üçün də fəal iş aparırdı. 1919-cu il avqustun sonunda M.Y.Cəfərov Almaniya hökumətinin Qafqazdakı nümayəndəsi general fon Kresso 3 dəfə müraciət etmiş, Borçalı qəzasında anarxiyaya və azərbaycanlı əhaliyə qarşı özbaşınalığa son qoyulması üçün beynəlxalq komissiya yaradılmasını və qəzanın özündə təhqiqat aparılmasını təklif etmişdi. 1918-ci ilin dekabrından M.Y.Cəfərov Azərbaycan Parlamentinin üzvü kimi Bakıda çalışdığından, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə onun müavini Faris bəy Vəkilov rəhbərlik etmişdir. F.Vəkilov 1919-cu il yanvarın 16-da Azərbaycan Hökumətinin başçısı Fətəli xan Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vilayətindən geri çəkilməsindən sonra həmin ərazinin Gürcüstan və Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi haqqında məlumat vermiş, təcili tədbirlər görülməsi zəruriliyini qeyd etmişdi. Azərbaycan Hökumətinin tapşırığı ilə F.Vəkilov 1919-cu il iyulun 12-də Cənubi Qafqazdakı Britaniya qüvvələrinin komandanı general Q.N.Koriyə nota verərək İrəvan quberniyasında yaşayan azərbaycanlıların Ermənistan nizami ordusu tərəfindən qətl və qarətlərə məruz qalmasına qəti etiraz bildirmiş, dinc əhaliyə qarşı kütləvi zorakılıqlara son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərilməsini tələb etmişdi. 1920-ci il fevralın 6-da F.Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasındakı diplomatik nümayəndəsi təyin edildi. O, 1920-ci il aprelin 9-da Tiflisdə işə başlamış Cənubi Qafqaz respublikaları nümayəndələrinin konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak etmişdi. Aprelin 19-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi yanında konsulluq şöbəsi yaradıldı. Şöbəyə R.Nəcəfov müdir təyin edildi. Konsulluq şöbəsi Gürcüstandakı Azərbaycan vətəndaşlarına ticarət işlərində, əmlak, vərəsəlik məsələləri ilə bağlı mübahisələrdə qanun çərçivəsində yardım göstərməli idi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi öz fəaliyyəti ilə iki ölkə arasında normal münasibətlər qurulması və inkişaf etdirilməsində, Azərbaycan Hökuməti ilə Tiflisdəki Antanta təmsilçiləri və digər xarici missiyalar arasında əlaqələr saxlanılmasında mühüm rol oynadı[1].
Ədəbiyyat
- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Внешняя политика (документы и материалы), Б., 1998;
- Документы и материалы по внешней политике Закавказья и Грузии, Тифлис, 1919.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 199