Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini İran dövlətində təmsil edən elçilik.
Əlaqələrin yaradılması
Azərbaycan müstəqillik qazandıqdan sonra İranla normal qonşuluq və dostluq münasibətləri yaratmağa başladı.[1] Azərbaycan hökuməti 1918-ci il Sentyabrın 12-də İrana nümayəndə-işlər vəkili təyin etməyi qərara aldı. Lakin İran tərəfi ilk vaxtlar AXC-ni tanımaq və onunla diplomatik əlaqələr qurmaqdan imtina etdi. 1918-ci il, sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xarici İşlər nazirinə məlumat verdi ki, Şimali Azərbaycanda müstəqil dövlətin yaradılması barədə İstiqlal bəyannaməsinin surətini buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədu zərfə qoyub geri qaytarmış, ona əlavə olunmuş vərəqdə bildirmişdi ki, o, Azərbaycan adında dövlətin müstəqilliyini tanımır. 1918-ci ilin yazında Osmanlı qoşunlarının Cənubi Azərbaycana daxil olmasından sonra Şimali Azərbaycan vətəndaşlarınınn hüquqlarını qorumaq məqsədi ilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy Səfərəlibəyli başçılıq etmişdilər. Rauf bəy Təbrizdə ermənilər tərəfindən güllələnərək öldürülüb. İrəvandan (İrəvan) əslisi olan Raufbəy daşnakların Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri üçün ovunun qurbanı olub. Türk qoşunlarının 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməsindən sonra İran hökuməti bu konsulluğu bağladı.[1]
Səfirliyin açılması
İranla ilk diplomatik münasibətlər 1919-cu ilin martında AXC-nin Tehrana fövqəladə missiya göndərməsi ilə quruldu. İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi bu missiya şah hökuməti ilə İranın Bakıda və Gəncədə, Azərbaycanın isə Tehran, Təbriz, Rəşt və Məşhəddə diplomatik nümayəndəliklər açmaq təklifini müzakirə etdi. 1919-cu ilin iyulun 16-da AXC hökuməti İranda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edilmiş və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik nümayəndəsi vəzifəsinə edildi.[2] Azərbaycanın diplomatik nümayəndəsi Tehranda şah və hökumət üzvləri tərəfindən hörmətlə qəbul edildi.[1] Şah Azərbaycan Xalq Cümhuriyyətinin Təbrizdə və digər şəhərlərdə daimi rəsmi nümayəndəliklərinin açılmasına razılıq verdi. 1920-ci il, fevralın 4-də Ənzəlidə Azərbaycanın vitse-konsulluğu yaradıldı. 1920-ci ilin aprelin 1-dən isə Azərbaycan dövlətinin Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsulluğu, Əhər və Xoy şəhərlərində isə konsul agentlikləri təsis edildi.[1] Adil xan Ziyadxanov öz Qələmin uçuşu əsərində bu hadisəni belə qeyd edir:
İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum. |
Səfirlik və nümayəndəliklərin şəxsi heyəti
- Ziyadxanlı Adil xan — 1918-ci il. Xarici işlər nazirinin müavini. 1919-cu ilin noyabrından Tehran şəhərində diplomatik nümayəndə.[3]
- İsrafil Müslüm bəy — 1 aprel 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin birinci katibi.
- Məşədi Aslan — 1920-ci il. İrandakı nümayəndəliyin işçisi.
- Mirzə Ələkbər xan — 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin ikinci katibi.
- Mirzə İbrahim xan — 1920-ci il. İrandakı nümayəndəliyin katibi.
- Babayev Qulam Rza oğlu — 21 noyabr 1919-cu il. İran hökuməti yanında diplomatik nümayəndəliyin kuryeri.
- Sadıqov Ələkbər — 7 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin müavini.
- Rudzinski Myaaçeslav Stanislavrviç — 6 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyində katib. Ümumi şöbənin rəisi.
- Yusif xan — 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin təsərrüfat müdiri.
- Racavan Cabbar bəy — 20 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.
- Şükürov Ehtiyac — 17 dekabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.
- Nerbalyo İvan — İrandakı diplomatik nümayəndəliyin kargüzarı, sürücüsü.
İranın Azərbaycandakı diplomatik nümayəndəliyi:[3]
- İran hökumətinin nümayəndəsi — Məhəmmədxan Said ül-Vüzəra.
- İranın Lənkərandakı konsulu — Sadıqxan Sadü-dövlə
Nümayəndəliklərin ictimai fəaliyyəti
Azərbaycanın diplomatik nümayəndəliyi iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə müqavilələr bağlanması üçün danışıqlara başladı. Adil xan Ziyadxanov İranda yaşayan azərbaycanlıların mədəni-maarif işlərinə xüsusi diqqət ayırırdı. O, 1920-ci ilin əvvəllərində Xarici İşlər Nazirliyinə ünvanladığı məktubda diplomatik nümayəndəliyin xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyət yaratdığını, dul qadınlara və yetimlərə yardım göstərmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və sair işlər görə bilmək üçün maddi vəsaitə ehtiyacı olduğunu bildirdişdi. Adil xan Ziyadxanov Naxçıvandan didərgin düşənlərə yardım göstərilməsi, İran ermənilərinin Naxçıvana hücumunun qarşısının alınması istiqamətində də fəal iş aparırdı.
Nümayəndəliklərin siyasi fəaliyyəti
İrandakı Azərbaycan nümayəndəliyi ölkədə baş verən ictimai-siyasi proseslər, İrandakı azərbaycanlıların vəziyyəti, onların Azərbaycan Cümhuriyyətinə münasibətləri haqqında Bakıya müntəzəm məlumat göndərirdi. Adil xan Ziyadxanov 1920-ci ilin martında xarici işlər nazrinə məktubunda yazırdı:[4]
İran Azərbaycanında İrandan ayrılmaq və Azərbaycan Xalq Cümhuriyyətinə birləşmək istiqamətində təbliğat gedir... Azərbaycan bu hadisələrdən öz xeyrinə istifadə etməlidir. |
Aprelin 11-də göndərilən məktubda isə bildirilirdi:[4]
İran sürünür...keçmiş əzəmətdən əsər-əlamət qalmayıb...Farsların bizim respublikaya münasibəti o qədər də yaxşı deyil, türklərin münasibəti isə əksinə, bizə qardaşcasına və dostcasına münasibət bəsləyirlər. İran Azərbaycanı müstəqilliyə və Farsıstandan ayrılmağa can atır. |
Aprelin 12-də göndərilən məktubda isə Cənubi Azərbaycanda inqilabı əhval-ruhiyyənin gücləndiyi daha aydın qeyd olunurdu:[4]
İran azərbaycanlıları açıq deyirlər ki, Azərbaycan türklər üçündür,...nə vaxta qədər Tehrandan göndərilən fars hakimlərini dolandıracağıq. |
Nümayəndəliklərin bağlanması
Məhəmməd Xiyabani hərəkatı səfirliyin bu məruzələrinin həqiqətə nə qədər yaxın olduğunu sübut etdi. Lakin AXC-nin bolşeviklər tərəfindən işğal edilməsi normal münasibətlərin inkişafına mane oldu. Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra səfirlik və nümayəndəliklər fəaliyyətlərini dayandırdılar. Bolşevik işğalına görə vətəninə qayıda bilməyən Adil xan Ziyadxanov bir müddət ana vətəni olan Təbrizdə və Tehranda yaşayır.[3] Belə ki, onun anası Azər Numayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.[3] İran II Dünya müharibəsi dövründə sovetlər tərəfindən işğal edildikdən sonra Türkiyəyə keçərək, öz mədəni fəaliyyətinə davam etmişdir.[3]
Mənbə
Ədəbiyyat
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
- "Azərbaycan Xalq Cümhuriyyəti". 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-04.
- Qanunverici aktlar, 1998. səh. 618
- Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) Parlament (stenoqrafik hesabatlar), 2 cilddə, Baki, 1998