Azərbaycan Xalq Cümhuriyyətinın Batum baş konsulluğu

Azərbaycanın Batum Baş KonsulluğuTürkiyəAvropa ölkələri ilə normal iqtisadi və ticarət əlaqələri saxlamaq, beynəlxalq aləmdə baş verən hadisələrdən müntəzəm və operativ xəbər tutmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi nümayəndəlik.

Yarandığı tarix

Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu və ağ neft kəmərinin Avropaya çıxış məntəqəsi olan Batumda nümayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəaliyyət göstərərkən bildirmişdi. Azərbaycan Hökuməti Batumun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri ilə əlaqələr qurmaq baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, 1918-ci il noyabrın 10-da orada konsulluq yaratmağı qərara aldı. 10 noyabr 1918-ci il tarixində Mahmud bəy Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyəyinin Batumda konsulu təyin edildi.[1] Konsulluğun katibi doktor Əziz bəy Qədimbəyov, kargüzarı Safuət əfəndi Ağayev idi.

Vəzifəsi

Azərbaycanın Batumdakı konsulluğu ölkəyə aid yüklərin Batum limanında qəbul edilməsi və yola salınması, nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlənməsi, diplomatik kuryer və poçtla əlaqədar məsələlərin nizama salınması sahəsində mühüm rol oynamışdı. Konsulluq bölgədə türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, konsulluq 1919-cu ilin mart ayında bölgədəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi. 1919-cu il sentyabrın 27-də konsulluq nəzdində ticarət şöbəsi yaradıldı. Şöbənin tərkibinə yollar, ticarət və sənaye, həmçinin ərzaq nazirliklərinin nümayəndələri daxil edildi. Həmin ilin oktyabr ayında Batumdakı konsulluq baş konsulluğa çevrildi. Oktyabrın 18-də Batum baş konsulluğuna Azərbaycan Dövlət Bankının müxbiri vəzifəsi həvalə edildi və Batumda Azərbaycan Hökumətinin hesabına daxil olan vəsaitin Dövlət bankına köçürülməsini təmin etmək ona tapşırıldı. Oktyabrın 22-də isə Batum Baş Konsulluğunun ticarət şöbəsi yanında Azərbaycan Maliyyə Nazirliyi nümayəndəliyinin təsis edilməsi qərara alındı. Azərbaycanın Batum Baş Konsulluğu fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan dövlətininvətəndaşlarının mənafeyinin qorunmasında mühüm rol oynamışdı. [2]

İstinadlar

  1. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 361. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 183

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.