Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyəti

Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyətiAzərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən mədəniyyət hadisələri.

Mətbuat

"Molla Nəsrəddin" jurnalının 17 may 1909-cu il tarixli 20-ci nömrəsi.

Azərbaycan mətbuatı tarixində 1918–1920-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.[1]

1918–1920-ci illər mətbuatını ideya istiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat.
  • Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı.
  • Bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı.
  • Ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı.
  • Özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar.

Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.

Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "İstiqlal" (1918–20), "Azərbaycan" (1918–20), "Övraqi-nəfisə" (1919), "Müsəlmanlıq" (1917–19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918–19), "Zənbur" (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi, onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ 19-cu əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa BakıxanovMirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə, mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875-ci ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdı. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, 19-cu əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879–80), "Ziyayi-Qafqaziyyə" (1880–84) və "Kəşkül" (1883–91), 20-ci əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-Rus" (1903–05) qəzetləri meydana çıxmışdır. Rusiyada 1905-ci il inqilabından sonra Əli bəy HüseynzadəƏhməd bəy Ağayevin "Həyat" (1905–06) qəzeti, Əli bəy Hüseynzadənin "Füyuzat" (1906–07) jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişlər.[1]

Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"-in təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə, maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, 19-cu əsrin sonları — 20-ci əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir.

Azərbaycan və ümumtürk milli məfkurəsinin formalaşmasında və inkişafında mühüm rol oynayan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspiralı və digərləri milli mətbuatın tərəqqisinə də güclü təsir göstərdilər.

Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri 1911-ci ildən sonra meydana gəlmişdilər. Hələ 1912-ci il martın 6-da bir qrup ziyalı Bakıda Orucov qardaşlarının mətbəəsində gələcək Xalq Cümhuriyyətinin ictimai-siyasi məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən "İqbal" (1912–15) gündəlik qəzetinin nəşrinə başlamışdılar. 1915-ci il aprelin 27-nə kimi davam edən, 923 sayı çıxmış bu qəzeti müxtəlif vaxtlarda Sənətulla Eynullayev (İbrahimov), Seyid Hüseyn Sadıq (Kazımoğlu), Məhəmməd Əmin Rəsulzadə və M. Ə. Əbdüləzizzadə redaktə etmişlər. "İqbal" qəzetinin fəaliyyətində Azərbaycan milli fikrinin Əliabbas Müznib, Üzeyir Hacıbəyli, Əli Razi, Səməd Mənsur, Əlipaşa Səbur, Hüseyn Cavid və b. xadimləri yaxından iştirak etmişlər.

1914-cü il oktyabrın 15-də Ə. Müznibin redaktorluğu ilə digər bir milli mətbuat nümunəsi — "Dirilik" jurnalı nəşrə başlayır. Burada Ə. Müznibin və Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqını özünüdərkə hazırlayan poetik və publisist əsərləri dərc edilmişdir.

"Açıq söz" qəzeti

1915-ci il oktyabrın 2-də Bakıda, ilk dəfə olaraq, milli proqramlı "Açıq söz" qəzetinin nəşrinə başlanır. "Açıq söz", əslində, qeyri-leqal şəkildə fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi. Bu qəzetin də rəhbərləri və yazarları "İqbal" və "Dirilik" qəzetlərinin əsas müəllifləri idilər. "Açıq söz" qəzeti İsa bəy Aşurbəyovun keçmiş "Kaspi" mətbəəsində, Məhəmməd Əli Rəsulzadənin müdirliyi və Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxırdı. "Açıq söz" qəzeti Azərbaycanın ictimai-siyasi fikir tarixində, ilk dəfə olaraq, xalqın istiqlal uğrunda gələcək mübarizə konsepsiyası olan "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını açıq şəkildə təbliğ edirdi. "Açıq söz"ün səhifələrində 20-ci əsr Azərbaycan milli fikrinin ən xadimləri — Seyid Hüseyn, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Əliabbas Müznib, gənc şair və dramaturqlar — Cəfər CabbarlıMirzəbala Məmmədzadə çıxış edirdilər. "Açıq söz" Cümhuriyyət dövrü ərəfəsində Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin canlı salnaməsi idi. Bu qəzet xüsusilə Rusiyada 1917-ci il inqilabı dövründə Azərbaycan xalqının milli müstəqilliyi yolunda başlıca maneələr olan rus-bolşevik və erməni-daşnak irticasına qarşı fikir mübarizəsinin başında dururdu. Məhəmməd Əmin Rəsulzadə "Açıq söz"ün ilk sayında dərc olunmuş proqram məqaləsində yazırdı:

"
Müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirməyəcəklər.
Açıq söz, 1915, 2 oktyabr
"

Bu dövrün "İqbal", "Dirilik", "Təkamül", "Açıq söz", "İstiqlal" və s. mətbuat orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, beləliklə, milli məfkurənin formalaşmasına əvəzsiz yardım edirdilər. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün Azərbaycan milli mətbuatının başlıca şüarına çevrildi. Sənətulla Eynullayev Açıq söz qəzetinin 15 mart tarixli sayında Bakıda yaxınlaşmaqda olan rus-bolşevik və erməni-daşnak təcavüzü barədə yazırdı: "Dəhşətli saat gəlir, birlik gərək!". Müəllif Azərbaycan xalqının siyasi partiyalarını xarici irticaya qarşı milli birliyə çağırır və xəbərdarlıq edirdi: əks halda, "Baş kəsildikdə, saqqalla bərabər gedəcəkdir".

"Müsavat" partiyası Azərbaycan xalqını milli mübarizələrə hazırlamaq üçün 1917-ci il iyulun 10-da "Müsavat" adlı qəzetin nəşrinə başladı. Cəmi altı sayı işıq üzü görmüş bu qəzet "Yaşasın Cümhuriyyəti-ənam, var olsun milli-məhəlli muxtariyyət!" şüarı ilə çıxırdı.

1917-ci ilin oktyabrından sonra "Müsavat" partiyasının siyasi proqramında dəyişiklik edilərək, "milli muxtariyyət" tələbi "milli müstəqillik"lə əvəz olunduqda "Müsavat" qəzetinin nəşri dayandırılır və 1918-ci il fevralın 4-dən Türk Ədəmi Mərkəziyyət "Müsavat" firqəsinin nəşri-əfkarı" başlığı ilə "İstiqlal" qəzeti çıxmağa başlayır.

1918-ci ilin əvvəllərində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə özünün ən yüksək həddinə çatır. Rus-bolşevik və erməni-daşnak irticası Müsavatın hakimiyyətə gəlməsinə mane olmaq üçün dəridən-qabıqdan çıxır, ölkədə hərc-mərclik, fitnə-fəsadlar, soyqırımları törətməyə başlayır. 1918-ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevik qaragüruhçuları tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımları bu dövr Azərbaycan milli mətbuatının başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxın oynayırdı.[1]

Ədəbi mühit

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur.

Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar — Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Cümhuriyyət hökumətinin sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əliabbas Müznib və başqaları idilər. Xüsusən, "Cümhuriyyət şairi" Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi.[2]

Cümhuriyyətin verdiyi qələm azadhğından bəhrələnirdilər. Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Abdulla bəy Divanbəyoğlu və başqaları pedaqoji işdə, publisistika sahəsinde, dövlət işlərində çalışır, siyasi həyata qoşulurdular. Firidun bəy Köçərlini, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni və Salman Mümtazı daha çox ədəbiyyat tarixi məsələləri düşündürürdü. Belə ki, Yusif Vəzir "Litva tatarlarının tarixi", "Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər" kitablarını yazır, Salman Mümtaz Azərbaycanın klassik şairlərinin əsərlərini toplayırdı. Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Eynəli bəy Sultanov, Hüseyn Minasazov və başqaları Tiflisdə çalışırdılar.

1918–20 illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı dövri mətbuatın kesərli silahı olan publisistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ideya-mövzu cəhətdən çox rengarəng və zengin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müs təqilliyinin qorunub saxlanması, milli ordunun yaranması, ölkədə demokratik parlament seçkiləri ve islahatlarm keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlerin didişməsi və s. publisistikanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın esasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai konsepsiya dayanırdı. Bu konsepsiya 20 əsrin əvvəllərində Azərbaycanda intişar tapmış "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideahında təcəssüm olunurdu.[2]

Teatr

Əbdürrəhim bəy Haqverdiyev

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı.

Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti 20-ci əsrin əvvəlində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. 1900-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk daimi teatr truppası yarandı. "Nicat" mədəni-maarif cəmiyyətinin nəzdində yaradılan teatr bölməsi (1906), qabaqcıl teatr xadimlərinin bir truppada birləşdirilməsi milli teatrın inkişafında mühüm rol oynadı. 1912-ci ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəaliyyət göstərirdi.

Azərbaycan teatr sənətinin korifeyləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və b. çox çətin şəraitdə fəaliyyət göstərsələr də, həqiqi xalq sənəti uğrunda fədakarlıqla və inamla mübarizə aparırdılar.

Azərbaycan teatrının qabaqcıl nümayəndələri cəmiyyətin mütərəqqi qüvvələrinin yardımına arxalanaraq, teatrın ideya-bədii səviyyəsini qaldırmaq və onu təşkilati cəhətdən möhkəmləndirmək üçün pərakəndə teatr truppalarının birləşdirilməsinə çalışırdılar. Məhz bunun nəticəsində aktyorların yaradıcılığının inkişafına, onların peşəkarlığının yüksəldilməsinə qayğı göstərən "Müsəlman artistləri cəmiyyəti" yaradıldı. Bütün bu truppalar milli dramaturgiyanın və dünya dramaturgiyasının ən yaxşı əsərlərini uğurla tamaşaya qoyurdular.[2]

Lakin 1918-ci il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək olar ki, fəaliyyətlərini dayandırmışdılar. Yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıda teatr truppalarının yenidən təşkil olunmasına şərait yarandı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olmuşdur. Truppa tanınmış sənətkarlardan Hacağa Abbasov, Mirzağa Əliyev, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məhəmmədzadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım Mina xanım və başqalarını bir yerə toplayaraq, həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərir, repertuarını zənginləşdirmək qayğısına qalırdı.

"Hacıbəyli qardaşları"nın teatr truppasında Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Pəri-cadu", "Ağa Məhəmməd şah Qacar", Şəmsəddin Saminin "Gaveyi-ahəngər", Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar", Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin "xəl"i və yaxud zülm və istibdadın axırı", Cəfər Cabbarlının "Ənvər bəyin Ədirnə fəthi", İsa bəy Aşurbəylinin "Azərbaycan" kimi dram əsərləri, Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", Zülfüqar Hacıbəylinin "Aşıq Qərib", "Evliykən subay", Müslüm Maqomayevin "Şah İsmayıl" kimi operaları və operettaları dəfələrlə göstərilmişdir.

Cümhuriyyət dövründə Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada Hacıbəyli qardaşlarının teatr müdiriyyətinin filialı yaradıldı.

Bu dövrdə tamaşaların göstərilməsi üçün daimi teatr binasının olmaması (musiqili tamaşalar şəxsi teatrların səhnəsində göstərilirdi), mürtəcə qüvvələrin Azərbaycan teatrının tərəqqisinə əngəl törətməsi və s. çətinliklərə baxmayaraq, ölkənin mədəni həyatı canlanır, yenilik abhavası aydın hiss edilirdi. Cümhuriyyət Hökumətinin teatrın inkişaf etdirilməsində məqsədyönlü işlərindən biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Azərbaycan peşəkar teatrının tarixi 1873-cü ildən başlansa da, yalnız Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrı statusu aldı.

Cümhuriyyət Hökumətinin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi. Oktyabrın 18-də isə Hökumət Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məruzəsini dinləyərək, Mayılov qardaşları teatrının binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) həmin teatr üçün almaq barədə qərar qəbul etdi. Qərarda Bakıda dövlət teatrının yaradılmasının vacibliyi və bunun üçün Mayılov qardaşları teatrı binasının daha münasib olduğu nəzərə alınaraq, xalq maarifi nazirinə teatrın binasını məcburi surətdə, lakin ədalətli qiymətlə nazirliyin sərəncamına almaq və bundan sonra onu Dövlət teatrı adlandırmaq tapşırılırdı. Azərbaycan səhnə sənətinin xadimləri yeni yaradılmış teatrın tərkibinə daxil oldular.

Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Əgər bu vaxta qədər "Hacıbəyli qardaşları" truppası, əsasən, opera və operetta tamaşaları göstərmişdisə, Dövlət Teatrı təşkil edildikdən sonra onun repertuarı zənginləşmiş, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər dramaturqların əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də səhnəyə qoyulmuşdur.

Dövlət Teatrının açılmasını, onun tarixi əhəmiyyətini və vəzifələrini, aktyorluq sənəti və teatr qarşısında meydana çıxan bir sıra məsələləri etraflı şəkildə işıqlandıran ictimai xadim, publisist Mirzəbala Məmmədzadə "Hökumət və teatro" məqaləsində milli və qüdrətli bir səhnəyə malik olmaq üçün yüksək səviyyəli əsərlər meydana qoya biləcək yazıçıların, həmçinin həmin səhnə əsərlərini mükəmməl sənətkarlıqla xalqa çatdırmağa qadir olan aktyorların yetişdirilməsini zəruri sayır və onların hər ikisinin mövcud olduğunu bildirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrının binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, mühüm dövlət tədbirləri də keçirilirdi. Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı.

1919-cu il avqustun 22-də Bakı "Türk aktyorları ittifaqı" idarəsi ilə "Hacıbəyli qardaşları" müdiriyyətinin birgə iclasında "milli səhnəmizi daha müntəzəm bir hala salmaq" məsələsi müzakirə edilmiş, repertuardakı istər dramatik, istərsə də musiqili əsərləri həyat gerçəkliyinə uyğunlaşdırmaq, müqtədir aktyor və aktrisalar hazırlamaq, onların peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə dörd şöbədən ibarət "bədaye kursları"nın təsis edilməsi qərara alınmışdı. Onun dram şöbəsinə Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, komediya şöbəsinə Mirzağa Əliyev, musiqi şöbəsinə Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları, Müslüm Maqomayev, Qurban Pirimov, ədəbiyyat şöbəsinə isə Əlabbas Müznib və Rza Zəki müəllim təsdiq olunmuşdular. Kurslara azərbaycanlı həvəskar aktyorlar, habelə müxtəlif millətlərdən olan aktrisalar cəlb edildilər.

Azərbaycan Hökuməti müsəlman teatr truppasını öz himayəsinə götürməyi qərara almışdı. Nazirlər Şurası 1919-cu il 17 noyabr tarixli iclasında maarif nazirinin türk opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk Opera-Dram Teatrının yaradılmasını nəzərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300 min 605 manat vəsait ayırdı. Beləliklə, Azərbaycan türk teatrı milliləşdirildi və dövlətin himayəsinə verildi. Bağlanılan müqavilələrin və dövlət xidmətinin şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisaların dövlət teatrına dəvət olunmasına başlandı.

Xalq Maarifi Nazirliyi teatrın inkişafına qayğı göstərərək, Parlamentə teatr kollektivləri və digər mədəniyyət müəssisələri üzərinə qoyulmuş vergilərin ləğv olunması barəsində məruzə təqdim etdi. Məruzədə həmin vergilərin hədsiz dərəcədə çox olmasını təsdiq edən faktlar göstərilirdi. Nəticədə, Parlament teatr tamaşalarına və digər kütləvi tamaşalara qoyulmuş dövlət vergilərini yarıbayarı azaltdı.

1919-cu il oktyabrın 24-də teatr mövsümünü Azərbaycan Dövlət Dram Teatrının opera və operetta truppası açdı. Parlament və Hökumət üzvlərinin iştirak etdiyi açılışda İsa bəy Aşurbəyovun "Azərbaycan " adlı tarixi pyesi böyük uğurla oynanıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyətin inkişafına göstərdiyi qayğı nəticəsində milli teatrın inkişafında müəyyən nəzərəçarpan uğurlar qazanıldı. "Dəmirçi Gavə", "Nadir şah", "Ölülər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Bəxtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", "Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbəxt milyonçu", "Vətən, yaxud Silistrə", "Ev tərbiyəsinin bir şəkli", "Evliykən subay", "Arşın mal alan" əsərləri milli teatrın repertuarında ən yaxşı tamaşalar idi.

Xeyriyyə tamaşalarının təşkili teatrın fəaliyyətində, bir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi. Bu işdə Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının truppası xüsusi fəallıq göstərirdi. Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyli tərəfindən təşkil edilmiş xeyriyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından toplanmış vəsait Dağıstanın Qızıl Aypara Cəmiyyətinə göndərilmişdi.

Cəfər Cabbarlı

Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş dram əsərləri mühüm yer tuturdu. Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı.

Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaşmasına ciddi diqqət yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii keyfiyyətlərinə lazımi diqqət yetirilməsi üçün xüsusi ədəbi komissiya yaradılmışdı.

Azərbaycanın mədəni həyatında teatr çox böyük rol oynayırdı. Rəsmi Hökumət qəzetlərinin səhifələrində teatr tamaşaları haqqında elanlar, rolların ifaçıları barədə məlumatlar və digər zəruri informasiyalar çap olunurdu. Hüseyn Ərəblinskinin faciəli surətdə ölümünün cəmiyyət və Hökumət dairələrində doğurduğu əks-səda dövlətin teatra necə böyük əhəmiyyət verdiyini göstərirdi. Böyük aktyor və rejissorun matəm mərasimindəki çıxışında Məhəmməd Əmin Rəsulzadə onun fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycanda səhnə sənətinin inkişafında və çiçəklənməsində böyük xidmətlərini qeyd etmişdi. O, Hüseyn Ərəblinskinin ən böyük xidmətinin xalqa azadlıq və müstəqillik ruhunun və ideyalarının aşılanması ilə bağlı olduğunu, Azərbaycanın müstəqilliyi ideyasının mədəniyyət xadimlərinin fəaliyyəti hesabına gerçəkləşdiyini xüsusi olaraq vurğulayırdı.

Cümhuriyyət dövründə Azərbaycanın digər mədəniyyət mərkəzlərində də teatr sənəti inkişaf etməkdə idi. Naxçıvan teatrı bunların içərisində xüsusilə fərqlənirdi. Naxçıvan teatrının (təməli 19 əsrin 80-ci illərinin əvvəllərində qoyulmuşdur) təşəkkülündə dövrün ictimai-siyasi və fəlsəfi fikrinin inkişafı şəraitində yetişən maarifpərvər ziyalılarımızdan Cəlil Məmmədquluzadə, Böyük xan Naxçıvani, Əliqulu Qəmküsar, Rza Təhmasib, Rza İsfəndiyarlı, Mir Həsən Mirişli və b.-nın mühüm xidməti olmuşdur. "Ölülər", "Evliykən subay", "Arşın mal alan", "Dağılan tifaq", "Hacı Qara", "Bəxtsiz cavan" və digər əsərlər tamaşaya qoyuldu. Aktyorlar Mirzə Ələkbər Sabirin və onun ədəbi məktəbinin davamçıları olan şairlərin satiraları əsasında səhnəciklər hazırlanmasına da xüsusi diqqət yetirirdilər.

Bu illərdə Rza Təhmasibin rejissorluğu ilə Cəlil Məmmədquluzadənin "Ölülər" komediyası tamaşaya qoyuldu və Naxçıvanın mədəni həyatında böyük hadisəyə çevrildi. "Ölülər" Naxçıvan teatrının səhnəsində görünməmiş uğur qazandı. Qüdrətli aktyor Rza Təhmasibin və mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları Azərbaycanın teatr tarixinə qızıl hərflərlə yazıldı. 1919-cu ilin martında Əliqulu Qəmküsar Tiflisdə qaraguruhçular tərəfindən xaincəsinə qətlə yetirildi.

Azərbaycan teatrının müqtədir ustadları Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla və b. Naxçıvana gələrək yerli aktyor və rejissorlarla birlikdə tamaşalar göstərir, dəyərli məsləhətləri ilə teatrın tərəqqisinə yaxından kömək göstərirdilər. 1919-cu ildə Naxçıvan teatrı Təbrizdə qastrol səfərində də olmuşdur.

Azərbaycan teatrının qonşu ölkələrin incəsənət xadimləri ilə tarixi əlaqələri davam edir və genişlənirdi. 1918-ci ilin oktyabrında Tiflisdəki Azərbaycan teatr truppası Türkiyəyə qastrola yola düşdü. Onun tərkibində Mir Seyfəddin Kirmanşahlı, Mustafa Mərdanov, İbrahim İsfahanlı və başqa səhnə xadimləri çıxış edirdilər. Azərbaycan artistlərinin qastrolları təkcə İstanbulda 3 aydan çox çəkmişdi. Türkiyə qəzetləri yazırdı ki, "Qafqazın zəngin səhnələrində tamaşalar verməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun olan tamaşalar verirlər".

"Hacıbəyli qardaşları" teatr truppası Qafqazın bir çox şəhərində, İranda qastrolda olmuş, RəştƏnzəli şəhərlərində teatr tamaşaları göstərmişdi. 1920-ci ilin yazında Bakıdan Təbrizə teatr xadimləri qrupu göndərilmişdi. Təbrizdə Şeyx Məhəmməd Xiyabani onları qəbul etmiş, kömək göstərmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti illərində maarif xadimləri, yaradıcı ziyalılar, ədib və mühərrirlər (Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Hacı İbrahim Qaşımov, Xəlil İbrahim, Mehdi bəy Hacınski və b.) teatr tənqidi ilə məşğul olur, bu sahədə baş verən prosesləri diqqətlə izləyir, yeni tamaşalar, rejissor işi və aktyor oyunu barədə fikirlər söyləyir, teatr sənətinin inkişaf problemlərinə dair məqalələr dərc etdirirdilər. Cümhuriyyət illərində teatr sahəsində həyata keçirilən mühüm tədbirlər sonralar Azərbaycanda teatr sənətinin inkişafında mühüm rol oynadı.[2]

Musiqi

Ceyhun Hacıbəyli və Üzeyir Hacıbəyli

Azərbaycan teatrı milli opera sənətinin yaranmasında xüsusi rol oynamış və ilk Azərbaycan operaları məhz bu teatrın səhnəsində tamaşaya qoyulmuşdu. "Leyli və Məcnun" operasının tamaşaya qoyulduğu 1908-ci il yanvarın 12-si Azərbaycan musiqisi tarixində milli Azərbaycan operasının yarandığı gün oldu. Üzeyir bəy Hacıbəyli ilk "Leyli və Məcnun" operasından sonra "Şeyx Sənan", "Əsli və Kərəm", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu" kimi digər muğam operalarını da yaratdı. O, Azərbaycanda musiqili komediya janrının da banisidir. Onun "Ər və arvad", "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan" musiqili komediyalarında Azərbaycan xalqının adət-ənənələri, həyat və məişəti öz əksini tapmışdır.[2]

Üzeyir bəy 1919-cu ildə "Dağıstan" ("Qaytağı"), tərəkəməsayağı "Azərbaycan" adlı xoreoqrafik əsərlərini bəstələmişdi ("Azərbaycan" əsəri peşəkar milli baletimizin ilk nümunəsi sayılır). O dövrün mətbuatından məlum olur ki, həmin xoreoqrafik əsər səhnə üçün hazırlanırdı. Bəstəkar teatrın, o cümlədən, musiqili teatrın xalqın maariflənməsində, bədii zövqünün inkişafında oynadığı böyük rolu nəzərə alır və opera yaradıcılığı ilə yanaşı, öz fikirlərini mətbuatda da açıqlayırdı.

Milli musiqi janrlarının yaranması yolunda Üzeyir bəy Hacıbəyli ilə çiyin-çiyinə çalışan böyük sənətkarlardan biri də Müslüm Maqomayev idi. Teatr fəaliyyətinə orkestrin skripkaçısı kimi başlayan Müslüm Maqomayev tezliklə orkestrin dirijoru olmuş və Azərbaycan opera sənətinin daha bir klassik əsərini — "Şah İsmayıl" operasını yaratmışdır. 1916-cı ildə yazılmış bu opera məhz 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhnəyə qoyulmuş və böyük uğur qazanmışdı.

Azərbaycanın musiqi-konsert həyatı da getdikcə canlanırdı. Bir çox musiqiçilər Bakıya qastrol səfərlərinə gəlir, xarici və yerli aktyorların qüvvəsilə rus və italyan bəstəkarlarının operaları tamaşaya qoyulur, simfonik konsertlər verilirdi. Xalqın maariflənməsində, milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli mədəniyyətin inkişafında bütün bunların böyük əhəmiyyəti var idi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən istiqlal hərəkatı fədailəri, ziyalılar milli mənlik şüurunun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynadılar. 1918-ci ilin sonlarında Bakıda "Türk gecələri" konsertlərinin təşkili də bununla əlaqədar idi.

Geniş proqramlı "Türk gecələri"ndə türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın müstəqilliyi", "Türk qadınının dünyası", "Türk tipləri", "Milli birlik" və s. tamaşalar göstərilir, tatarlar, osmanlı türkləri, Azərbaycan və Türkiyə şair və yazıçıları, artist və rəssamları iştirak edirdilər. Gecələrdə türk xalqlarının etnoqrafiyasına və məişətinə həsr olunmuş "Türk ocağı", "Türkmən çadrası", "Atəşgah", "Şərq salonları" kimi sərgilər nümayiş etdirilirdi. "Türk gecələri" konsertlərində Azərbaycan Hökumətinin üzvləri və digər siyasi xadimlər də iştirak edirdilər.

Görkəmli teatr və musiqi xadimləri Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Cahangir Zeynalov, Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları müxtəlif teatr və konsert tamaşaları təşkil edirdilər.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq xanəndələri və el aşıqları müstəsna rol oynamışlar. Xalq içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda və Yaxın Şərqdə də məşhur olan Qaryağdı oğlu Cabbar, Keçəçi Məhəmməd, Seyid Şuşinski, Məcid Behbudov və başqaları ölkənin mədəni həyatında, bayramlarda, xeyriyyə konsertlərində və başqa el şənliklərində yaxından iştirak edirdilər. Bu illərdə, eyni zamanda, ustad aşıqlardan Abbasqulu, Nəcəfqulu və Ələsgərin iştirakı ilə "Şərq konsertləri" verilirdi. Azərbaycanda xanəndəlik sənətinin yüksəlişi ilə əlaqədar olaraq çalğı musiqisi də inkişaf etmiş, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqa ustad tarzənlər yetişmişdir.

Fitri istedada, güclü və gözəl səsə, yüksək aktyorluq məharətinə malik olan Fatma Muxtarova bir çox məşhur müğənnilərlə çıxış etmiş, böyük şöhrət qazanmışdır.

Bu dövrdə Azərbaycanın musiqi həyatında "Beynəlmiləl", "Marselyoza" kimi inqilabi mahnıların, Koroğlu, Qaçaq Nəbi, Səttarxan haqqında tarixi mahnıların xalq arasında yayılması təsadüfi deyildi. Dövrün ümumi əhvali-ruhiyyəsi, xalqın inqilabi fəallığı, demokratik meyllər belə mahnıların özünəməxsus melodiyalarında öz ifadəsini tapırdı. Üzeyir bəy Hacıbəyli "Azərbaycan marşı"nı (sözləri Əhməd Cavadındır) məhz həmin mahnıların təsiri altında yazmışdı. Bu əsərdə bəstəkar Cümhuriyyət dövründə xalqının qəlbində baş qaldıran vətənpərvərlik hisslərini, mütərəqqi ideyaları, milli qüruru ifadə etmişdi.[2]

Təsviri sənət

Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi önəm verirdi. Ən mühüm dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaşmaq və müasirləşmək" şüarı bu işdə əsas görürülmüşdü. Cümhuriyyət Hökuməti 1918-ci il noyabrın 9-da "yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət" bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il martın 23-də dövlət gerbinin və rəsmi sənədlərdə üzərində dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrini hazırlamaq məqsədilə müsabiqə elan olunması barədə qərar qəbul etmişdi. Çox güman ki, müsabiqəyə göndərilən layihələrin heç biri bəyənilmədiyindən qəbul edilməmişdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü üçün layihələrin hazırlanması üçün yeni müsabiqə elan olunması barədə qərar çıxardı.

Dövlət gerbinin, orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadə iştirak edirdi. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında Parlament binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk olunmuşdu. Ən yaxşı layihə Hökumət mükafatı üçün nəzərdə tutulmuşdu. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunması nəticəsində milli dövlətçiliyin süqutu bu tədbirlərin başa çatdırılmasına imkan vermədi.

Milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilirdi. 1919-cu ildə nəşr olunan "Zənbur" jurnalında Azərbaycan satirik qrafıkasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu. Karikaturalardan birində silahlı Denikini, Kolçakı və Androniki ciblərində gəzdirən ingilis qəsbkarları təsvir olunmuşdu. Onun rəsmlərində cəhalət, nadanlıq, qaniçən erməni-daşnak quldurlarının vəhşi və iyrənc əməlləri ifşa edilirdi. Bu mövzu rəssam Bəhruz Kəngərlinin də yaradıcılığında əhəmiyyətli yer tuturdu. Onun erməni-müsəlman münaqişəsini əks etdirən məşhur "Qaçqınlar" silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi. Əzim Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatı üçün dekor və geyim eskizləri hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında "Hacı Qara", "Ölülər", "Dağılan tifaq", "Pəricadu" və s. tamaşalara tərtibat vermişdi. Milli mədəniyyətin tərəqqisi və inkişafı yolunda ilk ciddi addımlar atılmışdı. Əli bəy Hüseynzadənin "Şeyxülamın portreti" və "Bibiheybət məscidi" tablolarını xüsusilə qeyd etmək lazımdır. Bu dövrdə rəssamlar plakat sahəsində də diqqtəlayiq əsərlər yaratmışlar.[2]

Memarlıq

Memarlıq və heykəltaraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Bakı Texniki Məktəbinin nəzdində heykəltaraşlıq sinfinin açılması nəzərdə tutulmuşdu. 1918-ci ildə Bakının erməni-daşnak quldurları tərəfindən yandırılmış möhtəşəm binaları — Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi, "İsmailiyyə" Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhərin baş memarı vəzifəsində çalışan memar Zivər bəy Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu. Erməni millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərini bərpa etmək üçün Zivər bəyin təşəbbüsü ilə Yeni Şirvan cəmiyyəti təsis olunmuşdu. O, mühəndis Ömər bəy Avuyevlə birlikdə İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyətini də yaratmışdı. Zivər bəy Əhmədbəyov, memar Nəbioğlu Qacar, mühəndis Məmməd Həsən HacınskiHacı bəy Axundov Şirvanşahlar Sarayı kompleksin tədqiqi sahəsində fəaliyyət göstərmişlər. Sənətşünaslardan Məhəmməd Ağaoğlu, Hüseyn bəy Mirzəcamalov, memar Nəbioğlu Qacar islam mədəniyyəti, muzeyşünaslıq qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışlar.[2]

1920-ci il yanvarın 1-də Türk aktyorları ittifaqı yığıncağında məşhur aktyor, peşəkar milli teatr sənəti banilərindən biri Hüseyn Ərəblinskinin qəbri üzərində monumental abidənin ucaldılması qərara alınmışdı. Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət "Sentrokaspi" hökumətindən azad edilməsi (1918, 15 sentyabr) zamanı şəhid olmuş azərbaycanlı türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çənbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaqdılacaq türbənin görünüşündə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu. Bakı müsəlman xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə tikiləcək bu abidənin inşaat işləri 1919-cu il sentyabrın 15-də başlamalı və 1920-ci ilin sentyabrınadək başa çatmalı idi. Belə abidələri Gəncədə də ucaltmaq, o cümlədən burada Nizami Gəncəviyə o dövr üçün müasir üslubda abidə ucaltmaq nəzərdə tutulurdu. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Tehranda nəşr olunmuş memuarlarında bu abidənin layihəsinin mövcud olduğunu xatırlayır. Digər bir qaynaqda Xalq Maarifi Nazirliyi tərəfindən Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait ayrıldığı bildirilir.[2]

Səyyahların diqqətini cəlb edən Bibiheybət məscidi memarlıq abidəsi Azərbaycanda Aprel işğalından sonra vəhşicəsinə dağıdılmışdı. Həmin abidə Əli bəy Hüseynzadənin tablosu əsasında 2000-ci ildə bərpa olunmuşdur.

Ölkənin mədəni yüksəlişində kadrların həlledici rolunu nəzərə alan Cümhuriyyət Hökuməti müxtəlif sahələr üzrə ali təhsilli peşə sahiblərinin hazırlanmasına xüsusi qayğı göstərirdi. Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə 100 nəfər azərbaycanlı gənc Avropanın ali məktəblərində təhsil almağa yola salındı. Onların içərisində rəssamlıq, heykəltaraşlıq və memarlıq ixtisaslarına yiyələnmək üçün göndərilən tələbələr də vardı.[2]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.