Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi
Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi (qısaca: ARDSYA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri[1]. Bu arxivdə səs yazılarının saxlanılır.
Tarixi
Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 5 aprel tarixli qərarı ilə yaradılmışdır. Arxivdə 1903–2006-cı illərə aid 31445 iş saxlanılır.
Fəaliyyəti
Arxivə daxil olan yaxud gətirilən fonosənədlər ilk növbədə mütləq ekspertizadan keçirilərək qəbul olunmuş qaydada fonosənədlərin dövlət tərəfindən qorunması kitabında qeydə alınırlar. Qeydəalınmada fonosənədin təsviri, yəni onun tarixi-mədəni dəyəri, keyfiyyəti və digər özəllikləri göstərilməlidir. Həmin bilgilər əsasında hər fonosənədin adlı və mövzu kartı hazırlanaraq kartotekaya keçirilir. Bununla yanaşı: ən dəyərli fonosənədlərin sığorta fondu yaradılır və vaxtı ötmüş fonosənədlərin üzləri vaxtaşırı yenilənilir və yanğın təhlükəli fonoyazılar davamlı səs daşıyıcılarına köçürülür yüzilliyin başlanğıcında buraxılan qrammafon vallarının fungisid yolla kimyəvi təmizlənmə işi aparılır.
Dövlət səslər arxivi 1995-ci ildən başlayaraq görüntü video yazılarını da toplayıb qoruyur və arxivin əməkdaşlarının özləri də çəkilişlər aparırlar.
Dövlət səslər arxivinin əməkdaşları istənilən obyektlərdə (idarələr və təşkilatlarda) və ayrı-ayrı vətəndaşlarda dəyərli səs yazılarinı aşkarlayıb, onların dövlət tərəfindən qorunması üçün arxivə qəbulu yönündə genişmiqyaslı iş aparırlar.
Dövlət səslər arxivi tərəfindən: fonosənədlərin nəşri; müxtəlif fonosənədlər topluları və fonosənədlər əsasında çoxsaylı mövzular üzrə xülasələr hazırlanması; mətbuat, radio və televiziya ilə arxiv sənədlərinin yayımı yönündə yaradıcılıq işi aparilir.[2]
Haqqında
Bunlar respublikanın dövlət, siyasi, ictimi, elm və mədəniyyət xadimlərinin, müharibə və əmək veteranlarının həyat, fəaliyyət və yaradıcılığını əks etdirən səsyazma (fono) sənədlərdir. 1902–1915 illərdə Azərbaycanın klassik xanəndələri Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev, Həmid Malıbəyli, qadın xanəndə Mirzə Güllər xanım, Məcid Behbudov, Məşədi Məhəmməd Fərzəliyev və Əbdülqədir Cabbarovun, tarzənlərdən Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Mirzə Fərəc, Şirin Axundov və başqalarının ifasında İngiltərənin "Qrammofon", Fransanın " Pete" , Varşavanın "Sport-Rekord' , Kiyevin " Ekstrafon", habelə sonralar Tiflisdə " Konsert-Rekord" və Bakının " Qrammofon-Rekord" şirkətləri tərəfindən 500-dən artıq muğam, təsnif, xalq mahnısı və el havaları yazılmış qrammofon valları arxivin ilk fonosənədləridir. Arxivin fondlarında xalq yaıadıcılığı nümunələri, opera və teatr tamaşalarının lent yazıları və digər fono sənədləri də qorunur. "Aşıq yaradıcılığı" fondunda müxtəlif aşıqların ifasında 2 mindən çox musiqi və folklor nümunəsi toplanmışdır.
Arxivdə saxlanılan fonosənədlərin böyük əksəriyyətini dövlət və siyasi xadimlərin çıxışlarımn lent və görüntü yazıları, müharibə və əmək veteranlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin səs yazıları təşkil edir. Ədəbiyyat və incəsənət xadimlərinin fondunda Üzeyir Hacıbəyovun, Əliağa Vahidin, Bülbülün, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Qara Qarayevin, Bəxtiyar Vahabzadənin və başqalarının çıxışları, görkəmli teatr xadimlərindən Abbas Mirzə Şərifzadənin, Hüseynqulu Sarabskinin, Hacıağa Abbasovun, Mirzağa Əliyevin, Sidqi Ruhullanın, Ələsgər Ələkbərovun, Ülvi Rəcəbin, Rza Təhmasibin, Fatma Qədrinin, Kazım Ziyanın, Adil İsgəndərovun, Mehdi Məmmədovun və başqalarının səslərinin lent yazıları saxlanılır.
Arxivdə Azərbaycanda olmuş xarici qonaqların, siyasi, dövlət və mədəniyyət xadimlərinin də fonosənədləri mühafizə olunur. Fonosənədlər arasında Şərqin görkəmli sənətkarları şair Məhəmmədhüseyn Şəhriyarın, böyük xanəndə Əbülhəsən xan Azər İqbalın, türk şairi Nazim Hikmətin və digərlərinin səsləri vardır. Arxivin fondları müntəzəm olaraq ölkənin ictimai-siyasi və mədəni həyatını əks etdirən yeni fono və görüntü sənədlərlə zənginləşir və onlardan geniş istiladə olunur.[3]
Direktorları
- Gültəkin Sultanova – 1969–1974
- Həsənxan Mədətov – 1974–2019
- Xalidə Fərəcullayeva- 2019
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine. e-qanun.az (az.)
- "ARDSYA". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.
- "Azərbaycan Milli Ensiklopediyası" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-19.