Baş Prokurorluq (Azərbaycan)

Azərbaycan Respublikasının Baş Prokurorluğuməhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.[1][2][3]

Baş Prokurorluq
  • Azərbaycan Respublikasının Baş Prokurorluğu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1 oktyabr 1918
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Rəhbərlik
Baş prokuror Kamran Əliyev
Birinci müavin Elçin Məmmədov
Müavinlər Elmar Camalov
Heydər Məmmədov
Nazim Rəcəbov
Xanlar Vəliyev

Rəsmi saytı genprosecutor.gov.az

Tarix

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmuş və Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunmuşdur, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilmişdir. 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Safikürdski, T. Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər.

1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında" dekreti ilə həyata keçirildi.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyli, B. Talıblı, H. Hacıyev, A. Sultanova, Y. Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Kommunist partiyasının mütləq hakim olduğu sovetlər rejiminin yaşadığı 70 il ərzində prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqana çevrilmişdir.

Sovet hakimiyyəti illərində Azərbaycan təhsil, elm, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində nailiyyətlər əldə etsə də, Stalin hakimiyyəti sistemində uzun illər davam edən repressiyalara da məruz qalmışdır. O dövrün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937–1938-ci illərdə Azərbaycanda "düşmən və cinayətkar ünsür kimi" 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında Respublikanın baş prokurorları B. Vəlibəyov, Ə. Talıblı, baş prokurorun müavini Ə. Babaxanov, Şamaxı rayon prokuroru Ə. Əmirov və digərləri də olmuşlar. Lakin ağır represiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.

İkinci Dünya müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuşdur. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdir. O dövrlər döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişlər.

1955-ci il mayın 24-də "SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə" nin qəbulu prokurorluğun inkişafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli "Prokurorluq haqqında" SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərmişlər.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra yeni dövrə qədəm qoymuşdur.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə Azərbaycanda 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusi ilə fərqlənmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.

1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq "Prokurorluq haqqında" 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.[2]

Fəaliyyət istiqamətləri

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 133.Azərbaycan Respublikasının Prokurorluğu

I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını mədafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

  • cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;
  • cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
  • Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.

Maddə 5.Prokurorluğun fəaliyyətinin əsas prinsipləri

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

  • qanunçuluq;
  • hər kəsin qanun qarşısında hüquq bərabərliyi;
  • fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
  • obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;
  • vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması;
  • siyasi bitərəflik.

Strukturu

  • Azərbaycan Respublikası Baş Prokurorluğu
  • Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi
  • Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
  • Naxçıvan Muxtar Respublikasının Prokurorluğu
  • Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu
  • Bakı şəhər prokurorluğu
  • Respublika tabeliyində olan rayon (şəhər) prokurorluqları
  • Ərazi hərbi prokurorluqları
  • Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) prokurorluqları
  • Bakı şəhərinin rayon prokurorluqları
  • 15 idarə, 2 şöbə, 1 elm mərkəzi

İstinadlar

  1. "Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması". Genprosecutor.gov.az. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
  2. "Arxivlənmiş surət". 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-16.
  3. "Azərbaycan Respublikasının Konstitusiyası" (PDF). President.az (ingilis). 2023-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.