İqtisadiyyat Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi — Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişaf və artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, rəqabətin qorunması, inkişafı və təşviqi, istehlakçıların hüquqlarının qorunması, dövlət satınalmalarının həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin, Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət kadastrının və reyestrinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
İqtisadiyyat Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 30 aprel 2001 |
Əvvəlki qurum | Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155 |
Rəhbərlik | |
Nazir | Mikayıl Cabbarov |
Nazirin birinci müavini | Elnur Əliyev |
Nazir müavinləri |
Sahib Ələkbərov Sahib Məmmədov Rövnəq Abdullayev Səməd Bəşirli |
Aparat rəhbəri | Ayaz Əliyev |
|
|
Rəsmi saytı | economy.gov.az |
Tarix
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müstəqil Azərbaycanın ilk Ticarət və Sənaye Nazirliyi fəaliyyət göstərmişdir.
1920–1991-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasında iqtisadi məsələlər Ticarət, Sənaye və Ərzaq Komissarlığı, Ticarət və Sənaye Nazirliyi, Azərbaycan SSR Dövlət Plan Komitəsi kimi qurumlar tərəfindən tənzimlənmişdir.
30 aprel 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır[1].
22 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdır.[2]
15 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaradılmışdır.[3]
23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir.[4]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında əsasnamə təsdiq edilib.[5]
Fəaliyyət istiqamətləri
Nazirlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyəti həyata keçirir:[5]
- Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər hazırlamaq;
- Ölkə iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun olaraq, dövlət iqtisadi idarəetmə, maliyyə, o cümlədən dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
- Aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) ilə birlikdə sosial-iqtisadi inkişaf konsepsiyalarının və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirmək;
- Ölkədə sosial-iqtisadi inkişaf sahəsində gedən proseslərin qiymətləndirilməsini, sosial-iqtisadi (makroiqtisadi) proqnozların hazırlanmasını həyata keçirmək;
- Dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi maraqlarının qorunmasına, davamlı iqtisadi artım əldə edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;
- İqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyəti həyata keçirmək;
- Milli iqtisadiyyatın və ixracın təşviqi və şaxələndirilməsi sahəsində məqsədyönlü fəaliyyəti təşkil etmək;
- Aidiyyəti dövlət orqanları ilə birlikdə sənaye sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Sahibkarlığın inkişafı, təşviqi və sahibkarlığa dövlət dəstəyi, habelə lisenziya və icazə sisteminin tənzimlənməsi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;
- Ölkədə davamlı iqtisadi yüksəlişin insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə olunması məqsədilə bu sahədə uzunmüddətli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Ölkədə azad rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması sahəsində idarəetməni həyata keçirmək;
- Dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunması və özəlləşdirilməsi, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- İstehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
- Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək.
Tabeliyindəki qurumlar
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan tabeliyindəki qurumların siyahısı[4]
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı[6][7]
- "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs.
- "İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxs.
- "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" publik hüquqi şəxs.
- "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO" publik hüquqi şəxs.
- "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxs;
- "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin tabeliyindəki "Təlim Tədris Mərkəzi" publik hüquqi şəxs.
- "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs.
- "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
- "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
- "Bakı Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
- Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi.
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
- "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs;
- "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs;
- "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs;
- "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin tabeliyindəki ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər);
- "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
- "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs;
- "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxs;
- "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxs;
- "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Nazirlər
- Şahin Mustafayev (22 oktyabr 2013–22 oktyabr 2019)
- Mikayıl Cabbarov (23 oktyabr 2019 — Hal-hazırda)
İstinadlar
- "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yaradılması haqqında". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında
- "Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında ƏSASNAMƏ". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-09.
- "İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ""Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.