Azərbaycan Prezidenti
Azərbaycan Respublikasının Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçir.
Azərbaycan Respublikasının Prezidenti | |
---|---|
| |
Vəzifədədir İlham Əliyev 31 oktyabr 2003-cü ildən | |
Başçılıq edir | Azərbaycan |
Müraciət forması | Cənab Prezident |
Rəsmi iqamətgahı | "Zuğulba" iqamətgahı |
Namizədlik yaşı | 35 yaş |
Səlahiyyət müddəti | 7 il |
Maaşı | 180.000 manat |
Vəzifənin təsis tarixi |
18 may 1990 (Azərbaycan SSR Prezidenti) 5 fevral 1991 (Azərbaycan Respublikasının Prezidenti) |
Vəzifədə birinci | Ayaz Mütəllibov |
Rəsmi saytı | president.az |
Vikianbarda əlaqəli mediafayllar |
2003-cü il oktyabrın 31-dən Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı 2024-cü ilin fevral ayında Azərbaycanda növbəti Prezident seçkilərində də qalib gələrək təkrar Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun səlahiyyət müddəti 2031-ci il fevralın 7-də başa çatır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən eyni şəxsin dəfələrlə prezident vəzifəsinə seçilməsinə məhdudiyyət yoxdur.
Seçilmə qaydaları
Prezidentliyə namizədə aid tələblər
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir. Həmin maddəyə əsasən Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblər aşağıda göstərilənlərdir:[1]
- Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan;
- Seçkilərə qatılmaq hüququna sahib olan;
- Ağır cinayətə görə həbs edilməyən;
- Başqa dövlətlər qarşısında öhdəliyi olmayan;
- Ali təhsilli;
- İkili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı.
Prezidentin andiçmə mərasimi
Azərbaycan Respublikasının Konstitusiyasının 103-cü maddəsi Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin andından ibarətdir.[1] Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin andı aşağıda göstərilənlərdən ibarətdir.[1]
Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs prezident seçkilərinin nəticələri haqqında məlumatın elan olunduğu gündən başlayaq 3 gün ərzində Konstitusiya Məhkəməsinin üzvlərinin iştirakı ilə and içir.[1]
Andiçmə mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs sağ əlini Azərbaycan Respublikasının Konstitusiyasına qoyur və aşağıda olan andı içir:[1]
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. |
Daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs sağ əlini Qurani-Şərifə qoyur və aşağıda olan andı içir:
Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. |
Daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs təzim edir və Azərbaycan bayrağını öpür. Mərasim Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin nitqi ilə başa çatır.
- Azərbaycan bayrağı
- Azərbaycan Respublikası Prezidentinin bayrağı
- İlham Əliyev Konstitusiyaya and içən zaman
- İlham Əliyev Azərbaycan bayrağını öpən zaman
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin andiçmə mərasimi 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin binasında baş tutdu. 1993 və 1998-ci illərdə Heydər Əliyevin, 2003 və 2008-ci illərdə isə İlham Əliyevin andiçmə mərasimləri Heydər Əliyev Sarayında baş tutdu. 2013 və 2018-ci illərdə isə İlham Əliyevin andiçmə mərasimləri Azərbaycan Respublikası Milli Məclisinin binasında baş tutdu.
Prezidentin səlahiyyətləri
Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərindən ibarətdir.[1] Həmin maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən səlahiyyətləri vardır.[1]
- Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;
- Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;
- Dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
- Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
- Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;
- Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;
- Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;
- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;
- Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
- Xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;
- Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
- Referendum təyin edir;
- Qanunları imzalayır və dərc edir;
- Vətəndaşlıq məsələlərini həll edir;
- Siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
- Əfv edir;
- Dövlət təltifləri ilə təltif edir;
- Ali hərbi və ali xüsusi rütbələr verir;
- Ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
- Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
- Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
- Fövqəladə və hərbi vəziyyət elan edir;
- Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
- Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
- Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.[2]
Prezidentin Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.[2]
Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.[2]
Administrasiya Prezidentin dövlətdə olan siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici dövlətlərin dövlət orqanları və vəzifələri şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq qurumlarla qarşılıqlı əlaqələri təmin edir.[2]
Administrasiyada Azərbaycanda və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai qurumların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.[2]
Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir.[2]
Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir.[2] 2019-cu ildən Administrasiyanın rəhbəri vəzifəsini Samir Nuriyev tutur.[2]
Administrasiyada fəaliyyət göstərən sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi daxil olmuş bütün müraciətləri təhlil edərək Administrasiyanın müvafiq şöbələrinə və ya digər dövlət orqanlarına göndərir.[2]
Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək Prezidentin nəzərinə çatdırılır.[2]
Prezidentin Administrasiyası Bakı şəhərində, İstiqlaliyyat Küçəsində yerləşir.[2] Administrasiyanın yerləşdiyi bina Prezident Sarayı adlanır.[2]
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini reallaşdırmasına şərait yaradılmasını təmin edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının sədri Azərbaycan Prezidentidir.
Azərbaycan Respublikası Prezidentinin vəzifə mülkləri və rəmzləri
Prezidentin iqamətgahları
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan iqamətgahlar, Azərbaycan Respublikası Prezidentinin rəsmi iqamətgahları hesab olunur. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində biri Qəbələ şəhərində olmaqla 3 iqamətgah, 3 qonaq evi, 2 saray var.[3] Həmçinin Prezident Kitabxanası, Siyasi sənədlər Arxivi və "Marxal" Müalicə-İstirahət Kompleksi də, həmin idarənin tabeliyindədir.[3]
Xarici dövlətlərin Azərbaycana rəsmi səfərə gələn dövlət başçılarının çoxunun qarşılanma mərasimi "Zuğulba" iqamətgahında baş tutur.
- "Zuğulba" iqamətgahı
- "Gənclik" iqamətgahı
- "Qəbələ" iqamətgahı
- "Ulduz" Qonaq Evi
- "Gənclik" Qonaq Evi
- "Azadlıq" Qonaq Evi
- Səadət Sarayı
- Gülüstan Sarayı
- Prezident Kitabxanası
- "Marxal" Müalicə-İstirahət Kompleksi
Prezidentin avtomobili
Azərbaycan Respublikası Prezidentinin sərəncamında 2 avtomobil var: Almaniyanın Maybach avtomobil şirkətinin istehsalı olan Maybach 62 və Almaniyanın digər avtomobil şirkəti Mercedes-Benzin istehsalı olan Mercedes-Benz W221 avtomobilləridir.
Mühafizə Xidmətinin avtomobilləri
Azərbaycan Respublikası Prezidentinin mühafizəsi üçün ABŞ-nin GMC avtomobil şirkətinin istehsalı olan GMC Acadia avtomobili və Almaniyanın BMW avtomobil şirkətinin istehsalı olan motosikllar ayrılıb.
- GMC Acadia
- BMW şirkətinin istehsalı olan motosikllar
Prezidentin təyyarəsi
Azərbaycan Respublikası Prezidentinin sərəncamında beş təyyarə var: Boeing 767-300ER, Airbus A320-200, Boeing 777-200LR,Gulfstream G550 Birləşmiş Ştatların Boeing şirkətinin istehsalın olan Boeing 767-300ER təyyarəsinin qiyməti 115.5 milyon dollar, Avropanın Airbus şirkətinin istehsalın olan Airbus A320-00 təyyarəsinin qiyməti 62 milyon dollar, Birləşmiş Ştatların digər şirkəti Gulfstreamin istehsalın olan Gulfstream G550 təyyarəsinin qiyməti isə 48.7 milyon dollar. Avropa nın Airbus Şirkətinin istehsalı olan Airbus A340-600 275 milyon dollardır, Boeing istehsalı olan Boeing 777-200LR VIP isə 292 milyon dollardır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamında olan bütün təyyarələrin üzərində "AZERBAIJAN" yazısı yazılıb.
- Boeing 767-300ER (Nömrəsi: 4K-AI01)
- Airbus A320-200 (Nömrəsi: 4K-AI07)
- Gulfstream G550 (Nömrəsi: 4K-AI06)
- Airbus A340-600 (Nömrəsi: 4K-AI08)
- Boeing 777-200LR (Nömrəsi 4K-AI001)
Azərbaycan Milli Qvardiyası
Milli Qvardiya Azərbaycana rəsmi səfərə gələn qonaqların qarşılanması mərasimlərinə qatılır. 1991-ci il dekabrın 25-də Milli Qvardiya yaradıldı və əsasnaməsi təsdiq edildi. Yarandığı birinci illərdə Milli Qvardiyada hərbi xidmət, könüllü qaydada 2 il müddəti olan müqavilə əsasında idi.
Milli Qvardiya Azərbaycana rəsmi səfərə gələn qonaqların rəsmi qarşılanması mərasimlərinə qatılır. Rəsmi qarşılanma mərasiminin əvvəlində Azərbaycan Respublikası Prezidentinin rəsmi fanfarı səslənir.
Rəsmi qarşılanma mərasimində Azərbaycan bayrağının və qonağın təmsil olunduğu dövlətin bayrağının dalğalandığı meydanda, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülür.[4] Daha sonra Azərbaycan Respublikasının Prezidenti qonağı qarşılayır və fəxri qarovul dəstəsinin rəisi qonağa hesabat verir.[4]
Daha sonra qonağın təmsil olunduğu dövlətin himni və Azərbaycan Respublikası Dövlət Himni səslənir.[4] Növbəti addımda Azərbaycan Respublikasının Prezidenti və qonaq fəxri qarovul dəstəsinin qarşısından keçir.[4] Qonaq fəxri qarovul dəstəsinin əsgərlərinə "Salam, əsgər" deyir. Fəxri qarovul dəstəsinin əsgərləri isə qonağa "Sağ ol" deyir.[4]
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri qonağa, qonağın təmsil olunduğu dövlətin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur.[4] Rəsmi qarşılanma mərasiminin sonunda fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Prezidenti və qonağın qarşısından keçir.[4]
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti və qonaq Azərbaycan Respublikası Prezidentinin iqamətgahına daxil olur və rəsmi foto çəkdirilir. Rəsmi fotoda solda qonaq, sağda isə Azərbaycan Respublikasının Prezidenti dayanır. Qonağın yanında təmsil olunduğu dövlətin bayrağı, Azərbaycan Respublikası Prezidentinin yanında isə Azərbaycan Respublikasının Dövlət bayrağı dayanır (2 ədəd olmaqla).[4]
Fəxri qarovul dəstəsi, bir nəfər rəisdən, üç nəfər bayraqdardan, hərəsi 20 nəfərdən ibarət olan üç qrupdan və həmin üç qrupun rəisindən ibarətdir. Fəxri qarovul dəstəsi cəmində 66 nəfərdən və fəxri qarovul dəstəsinin rəisindən ibarətdir.
Prezidentinin bayrağı
Azərbaycan Respublikası Prezidentinin bayrağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilib.[5]
Bayrağın orijinalı Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır.[5]
Bayrağın surəti Azərbaycanın Prezident Sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycanın Prezident Sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin qatılımı ilə rəsmi tədbirlərin baş tutması üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahın üzərində, Azərbaycan Respublikası Prezidentinin qatılımı ilə baş tutan rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin baş tutduğu binanın və ya həmin tədbirin baş tutduğu salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələtinin üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər.[5][6]
Azərbaycan Respublikası Prezidentinin bayrağının ikiüzlü qumaşı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət formadadır. Azərbaycanın Dövlət bayrağının rənglərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin bayrağının qumaşının yuxarı zolağı mavi rəngdə, orta zolağı qırmızı rəngdə, aşağı zolağı isə yaşıl rəngdədir.[5] Bayrağın qumaşının hər iki üzündə qırmızı zolağın ortasında Azərbaycanın Dövlət gerbi təsvir edilmişdir. Qumaş qızılı saçaqlarla haşiyələnmişdir. Azərbaycan Respublikası Prezidentinin bayrağının dirəyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin soyadı, adı, atasının adı və onun Azərbaycan Respublikasının Prezidenti seçildiyi müddəti göstərən tarixlər həqq olunmuş gümüş bənd bərkidilir. Azərbaycan Respublikası Prezidentinin bayrağının dirəyi aypara ilə səkkizguşəli ulduz tipli metal başlıqla örtülür. Azərbaycan Respublikası Prezidentinin bayrağı müxtəlif ölçülərdə ola bilər.[5]
Prezidentin döş nişanı
Azərbaycan Respublikası Prezidentinin döş nişanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli 832 nömrəli Fərmanı ilə təsdiq edilib.[7]
Azərbaycan Respublikası Prezidentinin döş nişanı iki hissədən ibarətdir. Döşə taxılan birinci hissə 90 mm. diametrlik çevrədə yerləşdirilmiş 18 karatlıq qızıldan hazırlanmış səkkizguşəli ulduz şəklindədir. Ulduzun mərkəzində Azərbaycanın Dövlət gerbinin minalanmış təsviri qabarıq surətdə həkk edilmişdir. Azərbaycanın Dövlət gerbinin ətrafı iki ədəd halqa ilə hasiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Nişanın səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa yerləşdirilmişdir. Səkkiz guşənin hər birində şüalar boyu sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş düzülmüşdür. Boyundan asılan ikinci hissə hər birinin diametri 27 mm olan 16 medalyondan ibarətdir. Hər bir medalyon digərinə qızıldan hazırlanmış çələnglər vasitəsilə birləşdirilmişdir. Bir tərəfi sünbül, digəri isə palıd budağı olan çələnglərin ümumi sayı 16-dır. Hər bir medalyonun ortasında lövhə üzərində Azərbaycanın Dövlət gerbinin minalanmış təsviri qabarıq formada həkk edilmişdir. Medalyonun üzərində çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Boyundan asılan hissənin ortasında diametri 60 mm olan 18 karat qızıldan hazırlanmış səkkizguşəli ulduz yerləşdirilmişdir. Ulduzun ortasında lövhə üzərində Azərbaycanın Dövlət gerbinin minalanmış təsviri qabarıq formada həkk edilmişdir. Azərbaycanın Dövlət gerbinin ətrafı iki ədəd halqa ilə hasiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa həkk olunmuşdur. Şüaların üzərində sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş yerləşdirilmişdir. Ulduz palıd budağı və sünbüldən olan qızıl çələng vasitəsilə boyundan asılan 16 medalyon və 16 çələngdən ibarət hissəyə bərkidilmişdir.[7]
Ali Baş Komandanın bayrağı
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilib.[8]
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı üç növdə hazırlanır:[8]
- etalon (bayrağın orijinalı) — Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;[8]
- dublikat (bayrağın surəti) — Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qismində qatıldığı rəsmi tədbirlərin və digər mərasimlərin baş tutduğu zamanı və o, Azərbaycan Silahlı Qüvvələrinin struktur qurumlarına gələndəhəmin tədbirin baş tutduğu binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;[8]
- kiçildilmiş ölçüdə dublikat (nəqliyyat vasitələri üçün) — Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qismində səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.[8]
Ölçülərindən asılı olmayaraq, bayrağın bütün surətləri onu etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır. Azərbaycanın Dövlət bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.[8]
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı "Azərbaycanın Dövlət bayrağı haqqında" Azərbaycan Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Dövlət bayrağının təsvirinə uyğun formada, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı kənarı boyu yaşıl zolaqda isə "SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI" sözləri yazılmışdır. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Dövlət gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.[8]
Prezidentlərin siyahısı
Bu günə qədər 4 nəfər Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutub. Onlardan 2 nəfər (Heydər Əliyev və İlham Əliyev) Yeni Azərbaycan Partiyasının, 1 nəfər (Əbülfəz Elçibəy) Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 1 nəfər isə (Ayaz Mütəllibov) Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.
(doğum—vəfat illəri) |
||||||
Mütəllibov (1938–2022) |
||||||
1991-ci ildə baş tutan seçkilərdə 98,50 % səs topladı: 1991-ci ildə Azərbaycan SSR Ali Soveti tərəfindən "Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsi və dövlət müstəqilliyinin elan edilməsi, An-2 təyyarəsinin Xocalı səmasında vurulması, Mi-8 vertolyotunun vurulması; 1992-ci ildə "Daşaltı" əməliyyatı, Xocalının işğalı, Azərbaycanın BMT-yə üzv qəbul olunması, Azərbaycan Xalq Cəhbəsinin rəhbər simalarının Mütəllibovu Xocalının işğalında ittiham etməsi və Azərbaycan Ali Sovetinin qarşısına toplanan narazı millətin təzyiqlərindən sonra istefa verməsi. | ||||||
Xocalının işğalının motivlərini araşdıran Komissiya Ayaz Mütəllibovun günahını sübuta yetirə bilmədi və o, Azərbaycan Ali Soveti tərəfindən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə bərpa olundu, 17 mayda Laçının işğalı və Azərbaycan Ali Sovetinin qarşısına toplanan narazı millətin təzyiqlərindən sonra istefa verib Rusiyaya qaçışı. | ||||||
Məmmədov (1941—) |
||||||
Azərbaycan Ali Sovetinin sədri olduğu üçün Prezidentin səlahiyyətlərini icra edib: Şuşanın işğalı. | ||||||
Qəmbərov (1957—) |
||||||
Azərbaycan Ali Sovetinin sədri olduğu üçün Prezidentin səlahiyyətlərini icra edib. | ||||||
Elçibəy (1938–2000) |
||||||
1992-ci ildə baş tutan seçkilərdə 60,90 % səs topladı: 1992-ci ildə Azərbaycanın milli valyutası — manatın dövriyyəyə buraxılması, TQDK-nın yaradılması və Azərbaycan üzrə tələbə qəbulunun testlə aparılması, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin Azərbaycandan çıxarılması, Azərbaycanın Milli Bankının və Azərbaycanın Dövlət Neft Şirkətinin yaradılması, Ballıqaya soyqırımı, "Azadlıq" meydanında Azərbaycan Ordusunun birinci hərbi paradının qəbulu, Xocavəndin işğalı; 1993-cü ildə Kəlbəcərin işğalı, Gəncə qiyamı və istefa verib Kələkiyə gedişi. | ||||||
Əliyev[lower-alpha 4] (1923–2003) |
||||||
Azərbaycan Ali Sovetinin sədri olduğu üçün Prezidentin səlahiyyətlərini icra edib: Ağdərənin, Ağdamın, Cəbrayılın, Füzulinin və Qubadlının işğalı.[9] | ||||||
1993-cü ildə baş tutan seçkilərdə 98,84 % səs topladı: 1993-cü ildə Azərbaycanın MDB-yə üzv qəbul olunması, Zəngilanın işğalı[10]; 1994-cü ildə Horadiz əməliyyatı, Bakı metrosunda terror hücumu, Bişkek sülh müqaviləsi, Əsrin müqaviləsi; 1995-ci ildə dövlət çevrilişinə cəhd, Bakı metrosunda yanğın, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, birinci dəfə Milli Məclisin çağırılması; 1997-ci ildə GUAM-ın yaradılması; 1998-ci ildə ölüm cəzasının ləğv edilməsi.[11] | ||||||
1998-ci ildə baş tutan seçkilərdə 77,60 % səs topladı: 1999-cu ildə birinci dəfə bələdiyyə seçkilərinin baş tutması, Dövlət Neft Fondunun yaradılması; 2001-ci ildə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması; 2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi üçün referendumun baş tutması, Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlinin qoyulması. | ||||||
Əliyev (1961—) |
||||||
2003-cü ildə baş tutan seçkilərdə 75,38 % səs topladı: 2003-cü ildə "Azadlıq" meydanı etirazları; 2005-ci ildə Elmar Hüseynovun qətlə yetirilməsi; 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru xəttinin istifadəyə verilməsi; 2007-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin təməlinin qoyulması. | ||||||
2008-ci ildə baş tutan seçkilərdə 88,74 % səs topladı: 2009-cu ildə Azərbaycanın Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında referendumun baş tutması, ADNA-da terror hücumu[12]; 2010-cu ildə Kür daşqınları; 2011-ci ildə Korrupsiyaya qarşı mübarizə tədbirləri, Prezidentin istefasını tələb edən etirazlar, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2 il müddətinə qeyri-daimi üzvü seçilməsi; 2012-ci ildə "Eurovision" müsabiqəsinin baş tutması, TANAP qaz xətti layihəsinin imzalanması, Masallı hadisələri, "Gülərgate" qalmaqalı, Hicab qadağasına etirazlar; 2013-cü ildə İsmayıllı iğtişaşları və İlqar Məmmədovun həbs edilməsi, Azərbaycanın birinci peyki olan Azerspace-1-in orbitə buraxılması, "Əsgər ölümlərinə son" etirazları, "N!DA" VH-nın üzvlərinin həbs edilməsi. | ||||||
2013-cü ildə baş tutan seçkilərdə 84,54 % səs topladı: 2013-cü ildə "Şahdəniz" yatağının layihəsinin imzalanması, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və jurnalist Xədicə İsmayılovanın həbs edilmələri, plyuralizmin bütün formalarının məhv edilməsi və 2014-cü ildən media tənqidçilərinə qarşı mübarizənin aparılması; 2015-ci ildə manatın ABŞ dollarına nisbətdə 30% ucuzlaşması, Binəqədidə 16 mərtəbəli binada yanğın, I Avropa Oyunlarının baş tutması, Mingəçevir etirazları, "MTN" işi, Nardaran əməliyyatı, "Günəşli" neft yatağında yanğın, manatın ABŞ dollarına nisbətdə 48% ucuzlaşması, 2016-cı ildə Siyəzən etirazları, Aprel döyüşləri, 2016–2022-ci illərdə "Formula-1"-in baş tutması, Azərbaycanın Konstitusiyasında dəyişikliklərin və əlavələrin edilməsi haqqında referendumun baş tutması və Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi; 2017-ci ildən Azadlıq Radionu, Meydan TV və Azadlıq qəzetinin saytlarının Azərbaycan ərazisində qadağan edilməsi, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin istifadəyə verilməsi; 2018-ci ildə Narkoloji Dispanserdə yanğın. | ||||||
2018-ci ildə baş tutan seçkilərdə 86,02 % səs topladı: 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP qaz xəttinin istifadəyə verilməsi, enerjisistemində qəza və işıq böhranı, Gəncə iğtişaşları, Xəzər dənizinin statusu haqqında Konvensiya, Azerspace-2-nin orbitə buraxılması, Zamirə Hacıyeva işi, vergi islahatları; 2019-cu ildə 19 yanvar mitinqi, 51 siyasi məhbusun əfv edilməsi, oktyabr etirazları, məmurların istefa dalğası. Fizuli Cənrayılın, Zəngilanın, Qubadlının, Kəlbəcərin, Laçının, Şuşanın, Ağdamın, Xocavəndin, Xocalının(bir hissəsi), Ağdərənin(bir hissəsi), Azərbaycanın nəzarətinə qaytarılması | ||||||
Prezidentlərin müddəti
İlham Əliyev 16 il 8 aydır Azərbaycan Respublikasının Prezidentidir və Azərbaycanın ən uzunmüddətli dövlət başçıçı hesab olunur. Ayaz Mütəllibov isə 180 gün Azərbaycan Respublikasının Prezidenti olub və Azərbaycanın ən qısamüddətli dövlət başçısı hesab olunur.
Sıra | Prezidenti | Gəldiyi tarix | Getdiyi tarix | Səlahiyyət müddəti |
---|---|---|---|---|
1 | İlham Əliyev | 31.10.2003 | hal-hazırda | 17 il, 2ay |
2. | Heydər Əliyev | 24.06.1993 | 31.10.2003 | 10 il, 4 ay, 7 gün |
3. | Əbülfəz Elçibəy | 16.06.1992 | 24.06.1993 | 1 il, 6 gün |
4. | Ayaz Mütəllibov | 08.09.1991 | 06.03.1992 | 180 gün |
14.05.1992 | 18.05.1992 |
Prezidentlərin müddəti sxemdə
Qeydlər
- Azərbaycan Xalq Cəbhəsinin rəhbər simalarının və Azərbaycan Ali Sovetinin qarşısına toplanan narazı millətin təzyiqlərindən sonra istefa verdi
- Azərbaycan Xalq Cəbhəsinin rəhbər simalarının və Azərbaycan Ali Sovetinin qarşısına toplanan narazı millətin təyziqlərindən sonra istefa verdi və Rusiyaya qaçdı
- Gəncə qiyamı zamanı istefa verdi və Kələkiyə getdi
- 1997-ci ildən Azərbaycanın ümummilli lideri titulunun rəsmi daşıyıcısıdır.
İstinadlar
- "Azərbaycanın Konstitusiyası". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.09.2016-cı il.
- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 24 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.04.2019-cu il.
- "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 886 nömrəli Sərəncamı". www.e-qanun.az. 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.07.2005-ci il.
- "Azərbaycana rəsmi səfərə gələn Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.10.2016-cı il.
- "Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 828 nömrəli Fərmanı". www.e-qanun.az. 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.09.2008-ci il.
- "Standard of the President of the Republic of Azerbaijan" (PDF). Administrative Department of the President of the Republic of Azerbaijan Presidential Library. 2014-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-19.
- "Azərbaycan Respublikası Prezidentinin döş nişanı haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 832 nömrəli Fərmanı". www.e-qanun.az. 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15.09.2008-ci il.
- "Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2019-cu il tarixli 622 nömrəli Fərmanı". www.e-qanun.az. 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.04.2019-cu il.
- "Qubadlının işğalından 24 il ötür". www.oxu.az. 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.08.2017-ci il.
- "Zəngilanın işğalından 25 il ötür". www.oxu.az. 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.10.2018-ci il.
- "Azərbaycanda ölüm cəzasının ləğvindən 12 il ötür". www.trend.az. 20 aprel 2019-cu il tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2010-cu il.
- "ADNA-da törədilən terror hücumundan 9 il ötür". www.report.az (Report İnformasiya Agentliyi). 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2018-ci il.
Azərbaycan portalı |