Azərbaycan Milli Azadlıq Hərəkatı (1988–1991)
Azərbaycan Milli Azadlıq Hərəkatı —Azərbaycan Xalq Cəbhəsi(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında keçirilmiş etiraz mitinqləridir.İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.[1]
XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı döbolnoxa gəlvrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır.[2] Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".[3]
1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi.[4]
Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.[3]
Beləliklə,Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin başçılığı ilə Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi.1988–1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.[5]
İstinadlar
- "Milli azadlıq və demokratik hərəkatlar" (az.). azerbaijans.com. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" (az.). azertag.az. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- "Erməni təcavüzü. Tarixi məlumat və münaqişənin nizamlanması. Münaqişənin hazırkı mərhələsinin başlanğıcı". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
- "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (az.). anl.az. 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 iyun 2021.
- "SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol" (az.). modern.az. 18 oktyabr 2011. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.