Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı | |
---|---|
Şəhər | Sumqayıt |
Ölkə |
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır.
Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. 2000-2001-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Naziri professor Misir Mərdanovun yaxından köməkliyi ilə institutun auditoriyalarında məskunlaşmış məcburi köçkün ailələri ayrıca binaya yerləşdirilmişdir.
Sumqayıt filialı bakalavr təhsil pilləsində fəaliyyətinə iki ixtisasdan başlamışdır. Hazırda institutda 2 fakültə - "Pedaqoji" və "Təbiət və humanitar fənlər" fakultələri və 6 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsi üzrə iki fakültədə 5 ixtisas üzrə 880 nəfərdən çox tələbə təhsil alır.
Filialda müasir tələblərə cavab verən iki kompüter otağı və internet xidməti tələbələrin istifadəsinə verilmişdir. Filialda aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "Tarix-coğrafiya", "Ana dili və ədəbiyyat".
Filialın ikinci əsas fəaliyyət sahəsi olan "Əlavə təhsil" fakültəsi pedaqoji işçilərin diplomdan sonrakı təhsilini tənzimləyir. Yəni pedaqoji işçilər filialda təhsillərini təkmilləşdirə, ixtisaslarını dəyişə bilirlər.
Hər tədris ili müxtəlif ixtisaslar üzrə 100-120 nəfərə qədər müəllim ixtisasartırma kurslarına cəlb edilir.
Müəllimlərin diplomdan sonrakı təhsilini tənzimləmək üçün filialın Xızı, Siyəzən, Abşeron, Qubadlı və Sumqayıt şəhərlərində dislokasiyası yaradılmışdır. Hər tədris ili 400-500 nəfərə qədər müəllim ixtisasartırma kurslarını müvafiq dislokasiya mərkəzlərində keçirlər.
Filialda müəllimlərin ixtisasartırmasına və yenidənhazırlanmasına xidmət edən 4 kabinet yaradılmışdır.
Filialda həmçinin kollegial idarəetmə orqanı olan Elmi Şura, Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.
Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[3] Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.[4]
Həmçinin bax
Mənbə
- Filiallar Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine
İstinadlar
- ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (az.)
- "Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az (az.)
- Müəllimlər İnstitutunun ləğv olunan filialı Sumqayıt Dövlət Universitetinə birləşdirildi Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine. apa.tv (az.)