Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1 mart 1920 |
Ünvan | Bakı Ağasadıq Gəraybəyli, 63 |
Rəhbərlik | |
Rəhbər | Vüqar Əliyev |
Müavin | Dağbəyi İsmayılov |
|
|
Rəsmi saytı | azertag.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır.
AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.
AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir.
AZƏRTAC 2008-ci ildən "AsiaPulse" — Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür.
2010–2013-cü illərdə agentlik PANİA-ya sədrlik edib.
2013-cü ilin sentyabrında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında təşkilatın vitse-prezidenti seçilib. Həmin toplantıda təşkilatın üzv dövlətlərinin milli informasiya agentlikləri rəhbərlərinin səsverməsi əsasında AZƏRTAC 2016–2019-cu illərdə bu beynəlxalq struktura sədrlik etmək hüququ qazanıb. 2016-cı il noyabrın 18-də OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında bu təşkilatda sədrlik vəzifələrinin icrasına başlayıb.[1]
2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, "SKY Nyus Arabia", "Los-Anceles Tayms", "Guardian", BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Dünya Xəbər Agentliklərinin IV Konqresində (NAWC) AZƏRTAC 2016–2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine sədr seçilib və V Konqresin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. 2014–2016-cı illərdə V Konqresə hazırlıq məqsədilə Konqresin icraedici orqanı olan Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) 5 iclası — 3-ü Bakıda, 2-si Londonda keçirilib. Bakıda keçirilən iclasların birində ilk dəfə olaraq Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri və sədr müavini vəzifələri təsis edilib.
2016-cı il noyabrın 16–17-də Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi keçirilib. Noyabrın 16-da V Konqres və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.[2]. Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT — UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər. Konqresdə BMT-nin Baş katibi Pan Gi Munun məktubu oxunub[3] və UNESCO-nun Baş direktoru İrina Bokovanın videomüraciəti[4] təqdim edilib. Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Bakı Konqresində "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası"[5], "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları"[6] mövzularında məruzələr dinlənilib, diskussiyalar aparılıb.
AZƏRTAC-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri", "Sənət korifeylərimiz" və digər bir sıra layihələr həyata keçirir.
2013-cü ilin sentyabrından AZƏRTAC-ın Uşaq Bilik Portalı, 2014-cü ildən yenilənmiş Videosaytı fəaliyyət göstərir.
26 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb[7].
24 noyabr 2016-cı ildə "Dövlət orqanı" hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)" publik hüquqi şəxs yaradılıb[8].
19 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanı[9] ilə publik hüquqi şəxs olaraq AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib[10].
Loqoları
- 2016-cı ilə qədər
- 2016-cı ildən
Rəhbərləri
- Qubad Qasımov — 14.07.1921–1928
- Mixail Sinitsin — 1928–1930
- Vasili Xaldeyev — 1937–1938
- Yefim Qurviç — 23.05.1942–1958, 1962–26.12.1986
- Xasay Vəzirov — 07.1958–09.1962
- Rafiq Zeynalov — 26.12.1986–06.26.1988
- Azad Şərifov — 10.10.1988–03.04.1992
- Fikrət Sadıqov — 03.04.1992–06.08.1992
- Vaqif Rüstəmov — 06.08.1992–26.08.1994[11]
- Şamil Şahməmmədov — 22.01.2000[12]-30.10.2002[13]
- Aslan Aslanov — 30.10.2002[14]-19.11.2022
- Vüqar Əliyev (28.11.2022–h.h.)
İstinadlar
- "Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası işini başa çatdırıb" (az.). azertag.az. 18.11.2016. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib" (az.). azertag.az. 16.11.2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "BMT-nin baş katibi Pan Gi Mun Dünya Xəbər Agentliklərinin V Konqresinə müraciət ünvanlayıb" (az.). azertag.az. 17.11.2016. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarına videomüraciəti" (az.). azertag.az. 16.11.2016. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Dünya Xəbər Agentliklərinin V Konqresi işini sessiyalarla davam etdirib [YENİLƏNİB]" (az.). azertag.az. 16.11.2016. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Bakı Konqresinin ikinci gününün sessiyalarında xəbər agentliklərinin aktual problemləri müzakirə olunub" (az.). azertag.az. 17.11.2016. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 26 fevral 2015. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). president.az. 24 noyabr 2016. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). president.az. 19 dekabr 2017. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) NİZAMNAMƏSİ" (az.). azertag.az. 19.12.2017. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- "V. Y. Rüstəmovun Azərbaycan Teleqraf Agentliyinin (AzərTAcın) baş direktoru vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 avqust 1994-cü il tarixli, 191 nömrəli Fərmanı. e-qanun.az (az.)
- "Ş. M. Şahməmmədovun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarixli, 263 nömrəli Fərmanı. e-qanun.az (az.)
- "Ş. M. Şahməmmədovun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2002-ci il tarixli, 807 nömrəli Fərmanı. Arxivləşdirilib 2018-06-05 at the Wayback Machine e-qanun.az (az.)
- "A. Ə. Aslanovun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru təyin edilməsi haqqında " Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2002-ci il tarixli, 808 nömrəli Fərmanı. Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine e-qanun.az (az.)
Xarici keçidlər
- azertag.az — Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi saytı
- AZƏRTAC Video
- Uşaq Bilik Portalı
- Azertac News Agency English
- Azertag News Agency French
- AZERTAC Arabic
- АЗЕРТАДЖ Новости
- AZERTAC Arabic